12px13px15px17px
Tarix:23/05/13

Nail Mərdanov: “Xidmət təminatçılarımızın daha praktik elektron xidmətlər təqdim etmələrinin əsl vaxtıdır”

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) "Elektron hökumət" portalına daxil olanlar haqda növbəti statistik məlumatları açıqlayıb.

MHM-in hazırladığı qrafikdə portala daxilolmaların statistik uçotunun aparıldığı tarixdən - 2011-ci ilin dekabrından indiyə qədər portala daxil olanlar haqda detallı məlumatlar təqdim olunur. Qrafikdən (şəkil 1) də göründüyü kimi, portala ümumilikdə 213 291 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 135 365 nəfər olub. Belə ki, 135 363 nəfər ümumən 213 291 dəfə portala baxıb. Həmin şəxslər 692 882 müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 4 dəqiqə 14 saniyə olub.

Qeyd edək ki, bu rəqəmlər kifayət qədər yuxarı göstəricilər hesab edilir. Həmçinin sözügedən rəqəmlər portala daxilolma səviyyəsinin, eyni zamanda elektron xidmətlərdən istifadə vəziyyətinin getdikcə yüksəlməsini təsdiqləyir.

Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 63.7 faizini yeni istifadəçilər, 36.3 faizini isə təkrar müraciət edənlər təşkil edib.

Müqayisə üçün may ayının statistikasına (şəkil 2) nəzər salsaq, bu dövrdə portala 47 787 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 30 967 nəfər olub. Həmin şəxslər 170 458 müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 4 dəqiqə 56 saniyə təşkil edib. Bu rəqəmlər də kifayət qədər yaxşı hesab olunur və bütün istiqamətlərdə dinamik artım müşahidə olunmaqdadır.

Portalda işləmə müddəti artıb, portala təkrar müraciət edənlərin sayı 42 faiz təşkil edib. Ümumiyyətlə, son statistik məlumatlar bir daha sübut edir ki, hazırkı dönəmdə portalın fəaliyyətinin daha da genişləndirilməsi, o cümlədən müvafiq qurumlar tərəfindən yeni elektron xidmətlərin təqdim edilməsi üçün münbit şərait mövcuddur.

Belə ki, bütün elektron xidmətlərin "e-gov"-a inteqrasiya olunub, tam gücü ilə fəaliyyət göstərməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) müvafiq texniki mühit yaradılıb və bunun üçün bütün lazımi infrastruktur, imkanlar mövcuddur. MHM-in direktoru Nail Mərdanov da hesab edir ki, hazırkı dövrdə "Elektron hökumət" portalının fəaliyyətinin daha da aktivləşdirilməsi üçün zəmin yaranıb: "Portal bir vasitə, bir platformadır, artıq onun mövcudluğu populyarlaşmaqda və tanınmaqdadır. Bu fonda xidmət təminatçılarımızın daha praktik elektron xidmətlər təqdim etmələri və mövcud xidmətlərin portala inteqrasiya olunmalarını sürətləndirməyin əsl vaxtıdır.
Çünki portala daxil olan vətəndaşda formalaşan ilk təəssüratı sonradan dəyişmək çətin olacaq".

Onu da qeyd edək ki, "Elektron hökumət" - dövlət qurumları tərəfindən əhaliyə xidmət göstərilməsinin yeni üsuludur. "E-hökumət" - vətəndaşlara dövlət tərəfindən verilən xidmətlərin elektron mühitdə təqdim edilməsi deməkdir. Burada dövlət xidmətləri vətəndaşa ən asan, ən qısa zaman ərzində çatdırılır.









































































































"E-hökumət" - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsinə şərait yaradır. Əsas məqsəd dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafə"ni maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.

Bu məqsədə nail olmağın əsas vasitələri dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsidir. Beynəlxalq təcrübəyə əsaslanaraq, ölkəmizdə vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün "bir pəncərə" prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi "Elektron hökumət" portalı tətbiq edilir.

"Elektron hökumət"in vaxta qənaət, əlverişli, sürətli, keyfiyyətli, fasiləsiz, şəffaf, rahat, etibarlı olması kimi əsas üstünlükləri var. "Elektron hökumət" ilk növbədə insanların rahatlığına xidmət edir. Əhali coğrafi məkanından asılı olmayaraq, bu xidmətlərdən yararlanır. Müraciət edən şəxs hökumət orqanı qarşısında növbə gözləmir. Öz sorğusunu "Elektron hökumət" portalına göndərir və real müraciətdən daha tez cavab alır.

Qurumlar tərəfindən təqdim olunan xidmətlər tək bir internet saytı üzərindən daxil olmaq imkanı verir. Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsini yüksəldir və onlardan istifadə imkanlarını sadələşdirir. Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliliyini artırır və təqdim olunan elektron xidmətlərin keyfiyyətini yüksəldir. İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetirilmə proseduralarını sadələşdirir.

Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyi, tamlığı, etibarlılığı və sərbəst əldə olunması təmin edilir. İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxt maksimum azaldılır.















































"Elektron hökumət" portalından istifadə etmək üçün 3 üsul ilə autentifikasiyadan keçmək mümkündür: "Elektron hökumət" sistemi tərəfindən vətəndaşa verilmiş kod ilə daxil olmaq və qeydiyyatdan keçmək; Smartfon və planşetlər üçün mobil autentifikasiya sertifikatı ilə daxil olmaq; RİTN tərəfindən verilmiş elektron imza kartı ilə daxil olmaq.

Yeri gəlmişkən, Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portala daxil olmaq üçün sadələşdirilmiş kod parol alan istifadəçilərin sayı bu gün 14137-yə çatıb. Portalın "Facebook" sosial şəbəkəsində istifadəçilərinin sayı isə 44 500 nəfər təşkil edir.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 925

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024