12px13px15px17px
Tarix:30/05/13

Gənclərin biznesdə innovativ yanaşmaları yoxlanacaq

Azərbaycanda “Bizim sahibkarlıq fəaliyyətimiz (Enactus)” beynəlxalq proqram üzrə VIII Milli yarış keçiriləcək. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Gənclər və İdman Nazirliyindən məlumat verilib. Qeyd edək ki, "Bizim Sahibkarlıq Fəaliyyətimiz" (Entrepreneurial Action Us - Enactus) beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub.

1996-cı ildən etibarən dünyanın bir çox ölkələrində proqram üzrə milli yarışlar keçirilməyə başlanılıb və 2001-ci ilin iyul ayında ilk dəfə Londonda Dünya Kuboku yarışı reallaşıb. 2005-ci ildən Azərbaycan “Enactus” proqramına qoşulub, 2006-cı ildən isə Dünya Kubokları yarışlarında iştirak etmək hüququnu qazanıb. Dünya üzrə “Enactus” proqramına 50-yə yaxın ölkə, 1600-dən çox ali təhsil müəssisəsi və 50000-dən yuxarı tələbə qoşulub.

“Enactus” proqramı üzrə milli yarışların keçirilməsində məqsəd – sahibkarlıq fəaliyyətinə gəncləri təşviq etmək, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Proqramın sosial əhəmiyyəti – insanların həyat və yaşam standartlarının yaxşılaşdırılması, gənclərin məşğulluğuna dəstəyin göstərilməsi və biznesin gücü vasitəsilə insanların həyatlarının müsbətə doğru dəyişdirilməsidir.

“Enactus” proqramı üzrə milli yarışda iştirakçı komandalar liqalara bölünür və qalibiyyət uğrunda mübarizə aparır. İnnovativ yanaşmaya, layihələrin sosial effektinə, ekoloji standartların qorunmasına, biznes-etikanın gözlənilməsinə, maliyyə idarəçiliyinə, nitq qabiliyyətinə və digər meyarlara əsasən qalib komanda müəyyən edilir.

Qeyd etmək lazımdır ki, “Enactus” proqramı üzrə yarış biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması məqsədilə gənclər üçün yaradılmış platformadır. 2012/2013 tədris ilində “Enactus” proqramına 13 komanda qoşulmuş və 30-31 may 2013-cü il tarixində keçiriləcək milli yarışda icra olunmuş layihələrin təqdimatı aparılacaqdır. Layihələri münsiflər heyəti “Enactus” meyarları əsasında seçəcək. Münsiflər heyəti dövlət və biznes strukturlarını təmsil edən nüfuzlu və təcrübəli mütəxəssislərdən seçilib.

Qalib komanda ölkəmizi Meksikanın Kankun şəhərində keçiriləcək Dünya Kuboku yarışında təmsil edəcəkdir. “Enactus” beynəlxalq proqram üzrə VIII Milli yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun, “AG Bank” ASC-nin, “Nobel Oil” MMC-nin və “KPMG Azərbaycan” şirkətinin maliyyə və təşkilati dəstəyi ilə keçirilir. “Enactus” proqramı üzrə VIII Milli yarışın açılış mərasimi bu gün “Monolit Plaza” otelində keçiriləcək.

SEYMUR



Baxış sayı: 1004

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024