12px13px15px17px
Tarix:30/05/13

“The Japan Times” qəzetində Azərbaycanın ilk milli telekommunikasiya peykinin orbitə buraxılması ilə bağlı geniş məqalə dərc edilib (VİDEO)

"The Japan Times" qəzetində Azərbaycanın ilk milli telekommunikasiya peykinin orbitə buraxılması ilə bağlı geniş məqalə dərc edilib.

Yaponiyanın nüfuzlu "The Japan Times" qəzetində Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun "İKT-ni əsas prioritet kimi qəbul edən Azərbaycan ilk milli telekommunikasiya peykinin buraxılması ilə növbəti mərhələyə daxil olub" sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə qəzetin oxucularını Azərbaycanın milli bayramı –Respublika Günündə salamlamaqdan məmnun olduğunu bildirən nazir, əsasən təbii enerji mənbələrinin vətəni kimi tanınan ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarına (İKT) xüsusi önəm verildiyini nəzərə çatdırır.

Qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İKT-nin inkişafına neft və qaz strategiyasından sonra ikinci prioritet məsələ kimi yanaşır. Hələ 2003-cü ildə Azərbaycan dövlətinin başçısı İlham Əliyev yeni seçilmiş Prezident kimi Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində bəyan etmişdir ki, İKT və insan resurslarının inkişafı ölkəmizin əsas prioritetlərindən biridir. Məqalədə vurğulanır ki, son 10 ildə Azərbaycanda İKT yeddi-səkkiz dəfə artmış, bu sahənin orta illik artım tempi 25-30 faiz təşkil etmişdir. 2012-ci ildə bu rəqəm 18,2 faizə bərabər olmuş, sektordakı maliyyə dövriyyəsi 1,5 milyard avro təşkil edib.



Əldə edilmiş mənfəətin 80 faizi özəl sektorun payına düşüb ki, bu da ölkədə biznes mühitinin inkişafına göstərilən qayğının bariz nümunəsidir. Bu gün İKT ölkə həyatının, demək olar ki, bütün sahələrini əhatə edir. Yazıda qeyd olunur ki, 2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib. Cari ilin fevralında Azərbaycanın ilk milli peykini orbitə uğurla çıxardığını diqqətə çatdıran akademik, bunun ölkənin kosmik texnologiyalara doğru irəliləyişinin göstəricisi kimi qürur doğurduğunu bildirib.

Vurğulayıb ki, "Azərspace-1" peyki yaxın gələcəkdə bütün Azərbaycan ərazisində keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli IP xidmətlərinin göstərilməsini təmin edəcəkdir. Peyk öz xidmətləri ilə Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu da əhatə edəcəkdir. Orbitdə istismar müddəti ən azı 15 il təşkil edəcək "Azərspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulub.

Məqalədə diqqətə çatdırılır ki, peykin resurslarının 25 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 75 faizi isə dünya bazarlarına ixrac ediləcək. "Azərspace-1" peykinin texnoloji dizaynı və geniş qoşulma imkanları vasitəsilə dünyanın təqribən üçdəbir hissəsini əhatə edəcək coğrafiya üzrə milyonlarla insan müasir informasiya və rabitə xidmətlərindən rahat yararlana biləcəkdir.

Bildirilir ki, ölkəmiz 2015-ci ildə "Azərspace-2" adlı ikinci peykini buraxmağı planlaşdırır və bu, Azərbaycan peyklərinin ötürücülük qabiliyyətini artırmağa xidmət edəcək. Məqalədə Azərbaycanın sürətli iqtisadi inkişafının dünya maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilməsindən, ölkəmizin paytaxtının beynəlxalq forumların keçirildiyi mərkəzə çevrilməsindən də geniş söhbət açılır. Bu tədbirlər arasında Azərbaycan hökumətinin BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti ilə birlikdə təşkil etdiyi internetin idarə edilməsi üzrə VII Forumun xüsusi yeri vurğulanır. İKT-nin inkişafı məqsədi ilə Azərbaycanda mühüm institusional addımların atıldığı, 2013-cü ildə İnformasiya Texnologiyaları Fondunun, Yüksək Texnologiyalar Parkının və İnformasiya Texnologiyaları Universitetinin yaradıldığı bildirilir.

"Elektron imza" və "Fiber-optik xətt hər bir evədək" layihələri barədə geniş məlumatın verildiyi məqalədə regional əhəmiyyətə malik olan Trans-Avrasiya informasiya magistralı (TASİM) layihəsindən də söhbət açılır. Məqalədə vurğulanır ki, Azərbaycan Yaponiyaya İKT sahəsində qabaqcıl biliklər və müasir texnologiyaların mühüm mənbəyi kimi baxır. İki ölkənin müvafiq strukturları arasında birgə layihələrin işlənməsi barədə müqavilənin əhəmiyyəti xüsusi qeyd edilir.

Görkəmli alim Həsən Abdullayevin anadan olmasının 90 illiyi ilə bağlı cari il iyulun 4-dən 6-dək Azərbaycanda keçiriləcək beynəlxalq konfransa yaponiyalı alimlərin də dəvət ediləcəyi bildirilir. Azərbaycanlı akademikin məqaləsi yaxın gələcəkdə dünyada ölkələrin yerinin məhz bilik səviyyəsinə görə müəyyən ediləcəyi və bu sahədə İKT-nin mühüm rol oynayacağı barədə fikirlə tamamlanır.



Baxış sayı: 975

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024