12px13px15px17px
Tarix:31/05/13

İnnovativ sahibkarlığın inkişafı üçün “Vençur fondları haqqında” qanunun qəbuluna ehtiyac var

Azərbaycanda innovativ sahibkarlığın stimullaşdırılması və inkişafı üçün ilk növbədə innovasiya prosesinin və milli innovasiya sisteminin hüquqi bazası formalaşmalıdır. İnnovativ sahibkarlığın müasir zamanda fəaliyyətini tənzimləyən xüsusi qanun yoxdur. Bu istiqamətdə "Vençur fondları haqqında" qanunun qəbul edilməsi birinci dərəcəli məsələdir.

Bu barədə AMEA-nın İqtisadiyyat İnstitutunun İnnovasiya menecmenti və inkişafı şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Emin Məmmədzadə məlumat verib. Vençur fondların mahiyyətini izah edən fəlsəfə doktorunun sözlərinə görə, bu fondlar elmi-texniki araşdırmalar, kəşflər, ixtiralar, kiçik və yeni şirkətlər tərəfindən aparılan hər hansı riskli, lakin perspektivli xarakter daşıyan yeniliklərin tətbiq edilməsinin kreditləşdirmə və maliyyələşdirməsini həyata keçirdir:

"İnkişaf etmiş ölkələrdə elmtutumlu məhsul istehsalının əksəriyyəti vençur şirkətləri tərəfindən təşkil olunur və bu ölkələrin Ümumi Daxili Məhsulunun strukturunda 2-3 faiz civarında fərqlənir. Bizdə isə bu rəqəm neçə ildir ki 0.2 faizdən yuxarı qalxmır. Zənnimcə, düşünməyə vadar edən rəqəmdir".

Emin Məmmədzadə ölkədə innovativ sahibkarlığın inkişafı üçün zəruri olan digər məqamlara da toxunub:

"Digər tədbirlər sırasında qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlərin gücləndirilməsi, elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonaların yaradılmasını qeyd etmək olar".

Respublikada biliklər iqtisadiyyatının formalaşdırılmasına gəlincə, AMEA rəsmisi hesab edir ki, ilk növbədə elmtutumlu texnologiya, məhsul (işlər, xidmətlər) yaradılmasını sürətləndirmək məqsədi ilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən birini təşkil etməlidir:

"Bununla əlaqədar olaraq, elmin inkişafı yerli xüsusiyyətlər və qlobal meyillər nəzərə alınmaqla prioritetləşdirilməli və mütərəqqi dünya elminə səmərəli inteqrasiya olunmalıdır. Elmi infrastruktur təkmilləşdirilməlidir. Elmin maddi-texniki bazasının müasirləşdirilməsi və bu sahədə informasiya təminatı sistemlərinin elektron formaya keçirilməsi prosesi davam edilməlidir".

Həqiqət İSABALAYEVA



Baxış sayı: 1502

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024