12px13px15px17px
Tarix:13/06/13

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaxın zamanlarda tam fəaliyyətə başlayacaq

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İTİDF) yaxın zamanlarda tam fəaliyyətə başlayacaq. Hazırda fondun strukturunun formalaşdırılması üzərində işlər aparılır. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında məlumat verib.

Nazir müavininin sözlərinə görə, İTİDF fəaliyyətə başlayan kimi layihələrin qəbulu və maliyyələşdirilməsini təmin edəcək. Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İTİDF) Azərbaycan Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli sərəncamı ilə yaradılıb.

Fondun məqsədi informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək; sahibkarlıq fəaliyyətini dəstəkləmək; innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq; müasir infrastrukturun inkişafına təkan vermək; kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək; bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir. Fondun əsas vəzifələri və fəaliyyət istiqamətlərinin səmərəsinə gəlincə, fond İKT sahəsində sahibkarlığı inkişaf etdirmək məqsədilə yeni yaranan startap (“start-up”) şirkətlərə və kiçik sahibkarlıq subyektlərinə qrantlar şəklində maliyyə dəstəyini həyata keçirəcək.

Fondun təqdim etdiyi qrantlar müsabiqə yolu ilə seçilən və Fondun fəaliyyət istiqamətinə uyğun olan layihələrə veriləcək. Fond İKT sahəsində elmi-tədqiqat işlərinin genişlənməsi, innovativ fəaliyyətin stimullaşması və istehsalyönümlü fəaliyyətin dəstəklənməsi kimi vacib məqsədlərə xidmət edəcək. Fond bu məqsədlərə nail olmaq üçün maliyyə resurslarının cəlb edilməsi və səmərəli istifadə olunmasını həyata keçirməlidir.

“Yüksək Texnologiyalar Parkı”nın rezidentləri, biznes-inkubator layihələri, elmi və tədqiqat mərkəzləri üçün maliyyə-donor rolunun bir hissəsinin Fond tərəfindən yerinə yetirilməsi gözlənilir. Fond İKT sahəsində fəaliyyəti stimullaşdırmaq məqsədilə perspektivli və sürətlə inkişaf edən İKT şirkətlərinə investisiyaların yatırılması, o cümlədən birgə şirkətlərdə payçı şəklində investisiyaların yerləşdirilməsini həyata keçirəcək.

Birgə şirkətlərdə payçı kimi iştirak edərək, Fond öz-özlüyündə dövlətin İKT sahəsində qarantı kimi çıxış edəcək və Azərbaycanın İKT sektorunun birbaşa xarici investisiyalar üçün etibarlığını artıracaq. İKT sahəsi üzrə uğurlu layihələr fond tərəfindən xarici ölkələrdə təbliğ ediləcək. Müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə güzəştli kreditlər şəklində İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşməsinə ciddi diqqət ayrılacaq.

Fondun vəsaitləri hesabına kiçik və orta sahibkarlıq subyektləri üçün kiçik faizli, uzunmüddətli kreditlər təklif olunacaq. Bu yolla İKT sahəsində fəaliyyət göstərən şirkətlərin maliyyə resurslarından istifadə imkanı genişləndiriləcək.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 951

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024