12px13px15px17px
Tarix:14/06/13

Azərbaycanın tərənnümünə həsr edilmiş milli bilik yarışmasının üçüncü mövsümünün qalibləri mükafatlandırılıb

Azərbaycanın tərənnümünə həsr edilmiş ilk milli televiziya oyunu - “Mən azərbaycanlıyam” intellektual telelayihəsi üzrə milli bilik yarışmasının üçüncü mövsümünün qalibləri mükafatlandırılıb.

Bu münasibətlə keçirilən mərasimdə gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Dövlət Televiziyasında yayımlanan milli bilik yarışmasının Gənclər və İdman Nazirliyi ilə yanaşı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Təhsil Nazirliyi tərəfindən dəstəkləndiyini vurğulayaraq, “Azərbaycanımızı tanıyaq və tanıdaq!” şüarı altında həyata keçirilən telelayihənin əsas məqsədindən söz açıb: “Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi gənc nəslin vətənpərvərlik tərbiyəsi işinin təmin edilməsi istiqamətində respublikamızda məqsədyönlü və sistemli fəaliyyət həyata keçirilir.

Bu sahədə keçirilən çoxsaylı kütləvi tədbirlər, aparılan maarifləndirmə və təbliğat işi məhz gənclərin milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə edilməsinə, onlarda vətənə məhəbbət hissinin yüksəldilməsinə xidmət edir. Bu layihə də onlardan biri olaraq, gənc nəslə vətənə sevgi və sədaqət hissini aşılamaq, Azərbaycanımızın tarixini, coğrafiyasını, ədəbiyyatını daha yaxından tanıtmaq və bununla da onların intellektual inkişafını təmin etmək məqsədi daşıyır”. Daha sonra mərasim iştirakçılarına bütün texnoloji və təşkilati məsələləri həll edərək, ilk gündən layihəni dəstəkləyən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş və “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində iyunun 1-dən internet məkanda təşkil etdiyi “Mən azərbaycanlıyam” onlayn bilik yarışması ilə bağlı maraqlı süjet təqdim edilib.

Süjet təqdimatından sonra çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da müasir gəncliyin, eyni zamanda ağıllı, intellektual cəmiyyətin qurulması məqsədilə yaş həddindən asılı olmayaraq, ümumilikdə bütün ölkə vətəndaşlarının intellektual səviyyəsinin, bilik və bacarıqlarının daha da yüksəldilməsinin vacibliyini önə çəkərək, hazırlanan layihələrin məhz bu məqsədə xidmət etdiyini, “Mən azərbaycanlıyam” telelayihəsi ilə yanaşı, yarışmanın onlayn versiyasının da bu istiqamətdə xüsusi əhəmiyyətə malik olacağına əminliyini bildirib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Faiq Hüseynov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, “Mən azərbaycanlıyam” telelayihəsinin aparıcısı Ramiz Novruz da çıxışlarında belə layihələrin təşkilinin cəmiyyət üçün əhəmiyyətindən, ölkənin gələcək inkişafının məhz intellektual potensiala malik gəncliyin üzərinə düşməsindən söz açıblar. Çıxışlardan sonra layihəni dəstəkləyən qurumlar tərəfindən qaliblərə diplomlar və pul mükafatları və digər qiymətli hədiyyələr təqdim edilib. Tədbir bədii hissə ilə yekunlaşıb.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 1446

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024