12px13px15px17px
Tarix:15/06/13

Azərbaycanın rayonlarında informatika müəllimləri çatışmır

Azərbaycanın rayonlarında informatika müəllimləri çatışmır. Ümumiyyətlə, Bakı şəhərində əsas ibtidai sinif, fiziki tərbiyə və ingilis dili müəllimlərinə, digər rayon və şəhər məktəblərində isə daha çox kimya, biologiya, coğrafiya, fizika, riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, tarix, ingilis dili, informatika və ibtidai sinif müəllimlərinə ehtiyac duyulur.

Təhsil Nazirliyi yerlərdən verilmiş məlumatlara əsaslanaraq bildirib ki, 2013-2014-cü tədris ilində ümumilikdə 3184 müəllimə ehtiyac var. Belə ki, Bakı şəhəri üzrə 435, digər rayon və şəhərlər üzrə 2749 müəllimə tələbat var. Kadr çatışmazlığı istiqamətində görülən tədbirlərə gəlincə, Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli Qərarına əsasən, gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunması üçün xüsusi dövlət sifarişi nəzərdə tutulur.

Kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrində pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə həmin müddət ərzində müəyyən həvəsləndirmə tədbirləri tətbiq edilir. Gənc mütəxəssislərə 3 il müddətində ərzində kommunal xidmətlərini ödəmək üçün 40 manat məbləğində kompensasiya verilir.

Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əmək haqqına ayda 70 manat əlavə ödənilir. Yol xərci, əmlakın daşınması üçün nəqliyyət xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının 2 (iki) misli həcmində birdəfəlik yardım ödənilir.

Bunlardan əlavə , yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilməsi nəzərdə tutulur.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 702

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024