12px13px15px17px
Tarix:18/06/13

Bakı Ali Neft Məktəbi ilə "Microsoft Azərbaycan" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Bakı Ali Neft Məktəbində (BANM) ali məktəbin rektoru Elmar Qasımov və "Microsoft Azərbaycan" şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov birgə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandum imzalayıblar.

Anlaşma Memorandumunda BANM-də "Microsoft İT Akademiyası"nın yaradılmasına yardım, tələbə və müəllimlər arasında "Microsoft Dreamspark" proqramının faydaları barədə məlumatların yayılmasına dəstək, tələbə və müəllimlərin "Microsoft Office 365" proqramından istifadəsinin əlaqələndirilməsi və idarə edilməsinə yardım, eləcə də tələbə və müəllimlər arasında lisenziyalaşdırılmış proqramlardan istifadənin təşviqinə şərait yaradılması nəzərdə tutulub.

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru E.Qasımov qeyd edib ki, müasir dünyanı informasiya texnologiyalarsız təsəvvür etmək mümkün deyil. Bu sahənin inkişafı nəticəsində bu gün dünya bütün sahələrdə sürətlə inkişaf etməkdədir. Azərbaycanda da bu sahənin inkişafına böyük önəm verildiyini bildirən rektor vurğulayıb ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə bu il ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları" ili elan olunub.

O, qeyd edib ki, ölkəmiz üçün tarixi hadisəyə çevrilmiş Azərbaycanın ilk "Azerspace/Africasat-1" peyki 2013-cü il fevralın 7-də orbitə buraxılıb. Bununla yanaşı, E.Qasımov Azərbaycan Respublikası Prezidentinin İnformasiya Texnologiyaları İnstitutunun yaradılması haqqında sərəncam imzaladığını bildirib.

Tədbirdə çıxış edən "Microsoft Azərbaycan" şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov bildirib ki, müasir dünyada informasiya texnologiyalarının tətbiqi, tədrisdə istifadəsi və tələbələrin onlayn əməkdaşlıq mühitinin inkişaf etdirilməsi labüddür.

Tədbir çərçivəsində tərəflər Bakı Ali Neft Məktəbinin təhsil kurikulumunda informasiya-kommunikasiya texnologiyalarının inteqrasiyası istiqamətində bacarıqların inkişaf etdirilməsi sahəsində gələcək fəaliyyətləri haqqında danışıblar.



Baxış sayı: 773

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024