12px13px15px17px
Tarix:28/06/13

Prezident yanında Gənclər Fondu III Qrant müsabiqəsi elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu III Qrant müsabiqəsi elan edib. Fonddan "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, müsabiqə bir çox sahələr üzrə gənclərin fəaliyyətinin artırılmasına hesablanıb.

Bununla belə, müsabiqədə iştirak etmək üçün gənclər təşkilatları və ya gənclər fərdi şəkildə layihələr təqdim etməlidirlər: «Müsabiqənin əsas məqsədi gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir».

Fond tərəfindən 5 kateqoriya üzrə (A, B, D, C, E kateqoriyaları) sistemləşdirilən mövzular bir çox sahələri əhatə edir. Bu sahələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyaları ilə bağlı olan məsələlər də əks olunub. Belə ki, müsabiqənin C kateqoriyasında «İntellektual gənclərin təşəbbüslərinə dəstək», «Gənclərin sosial şəbəkələrdən səmərəli istifadəsinin təşviqi», «Gənclərin informasiya cəmiyyətinə təsiri (ictimai əhəmiyyət kəsb edən internet resurslarının yaradılması)», «Mədəni dəyərlərin təbliğində gənclərin rolunun artırılması», «İstedadlı gənclərin ixtiralarının və müxtəlif sahələrdəki (musiqi, rəssamlıq, memarlıq, kino yaradıcılığı, cizgi filmi və animasiyalar, sosial çarxlar, kompüter oyunları, bədii əsərlər və s.) innovativ ideyalarının dəstəklənməsi» məsələləri irəli çəkilib. Bununla yanaşı, D kateqoriyasında «Azərbaycanlı gənc alimlərin, ictimai fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının qismən maliyyələşdirilməsi» əks olunub.

Qeyd edək ki, müsabiqədə yalnız dövlət qeydiyyatından keçmiş gənclər təşkilatları və 14-35 yaş həddində olan şəxslər iştirak edə bilərlər. Fərdi gənclər özləri haqqında geniş məlumat və ya CV əlavə etməlidirlər. Fond bildirir ki, layihə təklifləri yalnız elanda göstərilmiş mövzulardan birinə uyğun gəldiyi halda nəzərdən keçiriləcək. Siyasi, dini və ya xeyriyyə fəaliyyəti, xaricdə təhsil, humanitar yardım və gəlirin artırılmasını nəzərdə tutan layihə təklifləri maliyyələşdirilməyəcək. Təkliflər 2013-cü ilin avqustun 12-dək təqdim edilə bilər. Layihə təklifləri Fondun rəsmi internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçməklə, müvafiq təlimat və prosedur qaydalarına uyğun təqdim olunmalıdır.

SEYMUR



Baxış sayı: 885

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024