12px13px15px17px
Tarix:03/07/13

Müasir tipli elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzi yaradılıb

Vergilər Nazirliyinin (VN) nəzdində müasir tipli elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzi (Asan SXM) yaradılıb. Bu barədə  "ICTnews" elektron xəbər xidmətinə VN-in mətbuat xidmətindən bildirilib.

Nazirlikdən qeyd edilib ki, sözügedən mərkəz artıq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində akkreditə edilib: «Asan SXM "Rəqəmsal İD" adlandırdığımız elektron imza kartları üzərindən xidmət göstərmək imkanına malikdir. Bu kartlar bütün əməliyyat sistemlərini (MS Windows, Unix, Mac OS) dəstəkləyir. Bundan əlavə "Asan SXM", "Mobil-İD" Mərkəzi və Mobil operator vasitəsilə Mobil imza ("Asan imza") xidmətini də təqdim edir. Bu xidmət üçün xüsusi SİM kartdan istifadə olunur. Həmin SİM kart həm telefon nömrəsinin, həm də elektron imza yaratma məlumatlarının fiziki daşıyıcısıdır».


Nazirlik qeyd edir ki, "Asan imza" (Mobil imza) xidməti - elektron xidmətləri həyata keçirən istifadəçinin mobil telefon vasitəsilə autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir. "Asan imza" SİM kartlarını mobil operatorların (hələlik yalnız Azercell) müştəri xidmətlərindən və ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərindəki mobil operator nümayəndəsindən əldə etmək olar. Bundan sonra Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində, Ərazi Vergi İdarələrinin və Departamentlərinin Vergi ödəyicilərinə xidmət şöbələrində və ya "ASAN xidmət" mərkəzlərindəki Vergilər Nazirliyinin nümayəndəsindən müqavilə bağlayaraq elektron imza üçün təkmil sertifikat almaqla "Asan imza" xidmətini aktivləşdirmək olar:

«ASXM-in istismara verilməsi, İnternet Vergi İdarəsində bir sıra dəyişikliklərin həyata keçirilməsinə imkan verir - İstifadəçi səlahiyyətlərinin idarə edilməsi sistemi yaradılıb (bu sistem, bir VÖEN-lə bağlı əməliyyatların eyni vaxtda qeyri-məhdud sayda istifadəçi tərəfindən həyata keçirilməsinə imkan verir). Hüquqi və fiziki şəxslərin onlayn qeydiyyatı mümkünləşib. POS-terminalların qeydiyyatı asanlaşıb. Elektron vergi-hesab fakturalarının göndərilməsi, ƏDV-nin Depozit hesabı və s. xidmətlərdə "Asan imza"nın tətbiqi həyata keçirilib».

Vergilər Nazirliyi onu da əlavə edir ki, istifadəçi kodu, parol və şifrə vasitəsilə sistemə daxil olmaq, müasir beynəlxalq təhlükəsizlik standartlarının tələblərinə cavab vermədiyindən və istifadəsi zamanı problemlər yarandığından, ƏDV-nin depozit hesabı, Elektron vergi hesab-fakturaları kimi təhlükəsizlik tələb edən xidmətlərin istifadəsi yaxın zamanlarda yalnız "Asan imza" vasitəsilə mümkün olacaq.

Seymur Qasımbəyli



Baxış sayı: 1934

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024