12px13px15px17px
Tarix:04/07/13

Dövlət Sosial Müdafiə Fondunun elektron xidmətlərinin istifadəçilərinin sayı xeyli artıb


Dövlət Sosial Müdafiə Fondunun  elektron xidmətlərin istifadəçiləri tərəfindən 6 ay ərzində  200 minə yaxın əməliyyat həyata keçirilib.

Fonddan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hesabat dövründə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.gov.az, www.sspf.gov.az) təqdim etdiyi xidmətlər “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə ən çox  müraciət edilən elektron xidmətlər sırasındadır.

Bu ilin ötən dövrü ərzində “Pensiya kapitalı barədə məlumat” (21 729 əməliyyat), “Məcburi dövlət sosial sığortasına  cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi” (21 659 əməliyyat),  “Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi” (8 370 əməliyyat), “Pensiya kalkulyatoru” (6 837 əməliyyat) ən çox istifadə olunan elektron xidmətlər olub. 

Bu ilin ilk yarısında hesabatların və məlumatların sığortaedənlər tərəfindən elektron formada təqdim olunması xidmətindən yararlananların sayında da artım müşahidə olunub. Bununla bağlı 1 iyul 2013-cü il tarixə elektron ərizə ilə müraciət etməklə qeydiyyatdan keçmiş 27 010 sığortaedən unikal kod, parol və şifrə ilə təmin edilib.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, torpaq pay mülkiyyətçilərinin və digər şığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə Fondun orqanlarına ("Kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi"nə (KÖMİS) qoşulmuş Dövlət Xəzinədarlıq Agentliyinin orqanları üzrə) ödənişlərinin real vaxt rejimində qəbulu da davam etdirilib. Artıq Dövlət Sosial Müdafiə Fondunun 76 yerli orqanı üzrə 590 970 sığortaedən haqqında məlumat KÖMİS sisteminə inteqrasiya olunub. 2013-ci ilin yanvar-iyun ayları ərzində 43 368 sığortaedən tərəfindən 131 583 əməliyyat həyata keçirilərək cəmi 12 055 665,65 manat məbləğində məcburi dövlət sosial sığorta vəsaitinin ödənişi həyata keçirilib.
Dövlət Sosial Müdafiə Fondu tərəfindən göstərilən elektron xidmətlər sahibkarlıq subyektlərinin fəaliyyətinin daha da asanlaşdırılması, əlavə vaxt itkisinin qarşısının alınması, insan amilinin rolunu son dərəcə azaldılması ilə nəticələnib. Sığorta-pensiya sistemində davam etdirilən islahatlara uyğun olaraq Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 8-dən 25-ə çatdırılıb.

Aynur Vəliyeva
 
 



Baxış sayı: 851

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024