12px13px15px17px
Tarix:04/07/13

Məmməd Kərimov: «Startupçılar lokal düşünüb qlobal layihələr reallaşdıra bilməlidir»

«Startup Azərbaycan»a təqdim olunan layihələrin əksəriyyəti lokal xarakterlidir. Yəni Azərbaycan sərhədləri, ölkə bazarı çərçivəsində reallaşdırılması nəzərdə tutulur. Lakin onların arasında müəyyən qədər rentabelli olanlar da var».

Bu sözləri «ICTnews» elektron xəbər xidmətinə «Mak & partners» internet media və "startup"lar üzrə şirkətin rəhbəri Məmməd Kərimov söyləyib. «Startup Azərbaycan» layihəsində münsiflərdən olan M.Kərimov təqdim olunan ideyalarla bağlı fikirlərini açıqlayıb. O qeyd edib ki, "startup" layihələrində əsas  məqam, yəni investorları daha çox narahat edən layihəni həyata keçirəcək komanda məsələsidir.

«Mənim bəyəndiyim 5-6 komanda oldu ki, onlar da komanda ruhunu, bir yerdə işləmək qabiliyyətlərini ortaya qoya bildilər.  "Startup" işində əsas məsələlər hədəf və komandadır. Mən burada hədəfləri də, komandanı da gördüm. Ona görə də düşünürəm ki, bu layihələrin uğurlu olma ehtimalları böyükdür. İkinci məsələ qlobal səviyyəyə çıxmaqdır. Burada 1-2 layihə var idi ki, onlar qlobal səviyyədə idi. "Startup" işinə girən komandalara, fərdi insanlara tövsiyəm budur ki, onlar daha çox qlobal layihələri düşünsünlər. Lokal layihələr müəyyən şəkildə rentabelli ola bilər və gəlir də gətirər. Amma təcrübələrdən görürük ki, əsas gəlir, böyük pullar qlobal layihələrdən əldə olunur. Biz bu fəaliyyəti aparmaqla çalışırıq ki, insanlar lokal düşünə-düşünə bir az da qlobal layihələrə keçə bilsinlər».

Təqdim olunan layihələrdən Azərbaycan gəncliyində İKT  üzrə düşünən beyin olduğunu gördüyünü söyləyən M.Kərimovun sözlərinə görə, ideya müəllifləri məsələləri dərindən analiz edə və insanlara nəyin lazım olduğunu müəyyənləşdirə biliblər: «Məsələn, musiqi sahəsinə dərindən girə bilənləri müşahidə etdik. Cari problemləri hərtərəfli analiz edə bilən insanlarla qarşılaşdıq. Bu da çox gözəl tendensiyadır. Çünki hiss olunur ki, ideya müəllifləri işlərinə ötəri yanaşmayıblar. Onlar məsələləri dərindən araşdırıb hansısa sektor üzrə problemi ortaya çıxara və onların həlli yollarını təklif edə biliblər. Bundan başqa, onu da qeyd edim ki, gənclərimiz daha çox əyləncəyə yönəliblər. Yəni gündəlik həyatdakı məsələləri İKT-yə gətiriblər və ya İKT-ni gündəlik həyatlarına daxil edirlər. Bu da normaldır. Çünki bütün dünyada belədir ki, layihələr ya problemlərdən ortaya çıxır, ya da hər hansı bir həyat tərzindən asılı olaraq meydana gəlir. Məsələn, layihə var musiqi ilə, layihə də var sosial şəbəkələrlə əlaqəlidir. Bu da onu göstərir ki, gənc özünün yaşadığı həyatını İKT-yə gətirir».

Seymur Qasımbəyli



Baxış sayı: 861

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024