12px13px15px17px
Tarix:05/07/13

“Azerspace-1”-in təklif etdiyi xidmətlər mobil operatorların tarif siyasətinə öz təsirini göstərə bilər

"Azerspace-1" telekommunikasiya peykinin təklif etdiyi xidmətlər mobil operatorların tarif siyasətinə öz müsbət təsirini göstərə bilər. Bəs mobil operatorlar nəyə əsasən mövcud qiymətləri aşağı sala bilərlər?

Bununla bağlı fikirlərini "Rabitə dünyası" isə paylaşan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Satış və marketinq şöbəsinin müdiri Firuz Süleymanovun sözlərinə görə, ümumiyyətlə, "Azerspace-1" telekommunikasiya peyki yalnız TV və radio yayım xidmətləri üçün nəzərdə tutulmayıb.

O, bu gün bir çox imkanlar - səs, verilənlər, internet və s. xidmətlərinin təşkilinə də imkan verir. Mobil operatorlar yerdən kabelin ötürülməsinin mümkün olmadığı yerlərdə öz antenaları arasında bağlantını peyklə qurur.  Hazırda bu təcrübə istər Orta Asiya, istərsə də Afrika, Yaxın Şərqdə geniş yayılır:

"Peyk üzərindən VİSAT adlı xüsusi rabitə sistemləri var.  Bu sistemlər birbaşa peykdən istifadə edir. Yəni dövlət qurumları, kommersiya qurumları bir-biri ilə telefonla əlaqəni müvafiq mobil qurğular vasitəsilə bizim peyk üzərindən saxlaya bilərlər. Bu da özü üçün əlavə yer tələb eləyir. Bu gün peyk üzərindən mobil, internet və s. xidmətləri təşkil etmək mümkündür və heç də böyük xərc tələb etmir. Sadəcə, müştəri özü üçün internet sxemini tərtib etməlidir, tərtib edəndən sonra onu yığmaq çox asandır, istehsalçıları da çoxdur, texnologiyaları da həm qiymət, həm də mürəkkəblik baxımından bir-birindən səmərəlidir". F.Süleymanov qeyd edir ki, dünyanın böyük təşkilat və şirkətləri öz regional ofisləri ilə məhz peykdən istifadə edərək, etibarlı, təhlükəsiz, fasiləsiz DATA bağlantısı qurmaq üçün peyk modemlərindən istifadə edir: "Məsələ bundadır ki, bu ofislər istənilən zaman bir şəhərdən digər şəhərə, bir ölkədən digər ölkəyə köçürülə bilər. Əgər bağlantı kabel üzərindən qurulursa, bu, yeni ofislə əlaqə yaratmaq imkanlarını məhdudlaşdırır, peyk üzərindən bağlantı isə əksinə, daha tez əlaqə qurmağa imkan verir".

Ümumiyyətlə, dünya təcrübəsində də peyk rabitə xidmətlərinin keyfiyyətinin artırılması ilə yanaşı, onun qiymətinin ucuzlaşmasına da imkan verir. Belə ki, mobil operatorlar peyk imkanlarından istifadə edəndə müəyyən xərclərinə qənaət edir. Bu sahədə dərin təhlillərə əsaslanan şirkətlər texniki şərtlərinin qənaət hesabına müəyyən dərəcədə azalmasını nəzərə alır və marketinq strategiyasına uyğun qərar verir:

"Şirkət var ki,  sadəcə qənaət edib gözləyir. Elə şirkət də var ki, əldə etdiyi qənaəti birbaşa bazar qiymətlərində əks etdirir. Bununla da qiymətlər ucuzlaşır. Xüsusən də çətin relyefə malik ərazilərdə kabeli çəkmək çox baha başa gəldiyindən, həmin ərazilərdə orada onu peyk bağlantısı ilə əvəz etmək şirkətlər üçün daha sərfəlidir. Bundan başqa, kabelin bir dəfə çəkilişi işin tam yekunlaşdığı anlamına da gəlmir, çünki kabel zədələnə bilər və onun zədələnən hissəsinin tapılması, təmir işlərinin görülməsi müəyyən vaxt tələb edir ki, bu müddətdə də müştəri xidmətsiz qalır. Peykdə isə belə məhdudiyyətlər yoxdur. Təcrübəyə əsasən, hərdən peyki birinci yerə qoyurlar, kabel ehtiyat resursu kimi qalır, hərdən isə əksinə, kabel birinci yerdə, peyk isə ehtiyat kimi saxlanılır. İstənilən halda, peyk rabitəsi bu gün əsaslı üstünlüklərə malikdir və peyk xidmətləri etibarlı və daimidir".

Ona görə də kommunikasiya ilə yanaşı, bank sektoru, kommersiya təşkilatları peykə çox ciddi diqqət yetirir. Xüsusən bankomatların daha geniş yayılmasında əsas problem onların quraşdırılacağı ərazidə elektrik enerjisi və kommunikasiyanın olmamasında özünü göstərir:

"Hazırda ölkəmizdə kredit bazarı inkişaf edir. Bu bazarın əsas tələbi də kreditlərin yığılmasıdır. Məsələn, insanlar rayondan gəlib şəhərdə kredit əldə edirlər. Amma onun yaşadığı ərazidən ayrılmadan 24 saat ərzində krediti qaytarmaq imkanı problemə çevrilir". Bu problemi isə belə yerlərdə quraşdırılan bankomatların peyk vasitəsilə istifadəsi ortadan qaldırmış olur. Bu, eyni zamanda nağdsız ödənişlərə keçidi stimullaşdıran prosesdir: "Peyk xidmətlərində böyük rahatlıq var,  gərək bütün qurumlar bu xidmətlərdən istifadə etməyə başlasınlar".
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1466

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024