12px13px15px17px
Tarix:10/07/13

“Hesab.az” portalının istifadəçilərinə elektron imzadan yararlanma imkanı yaradılıb


"Goldenpay" şirkəti Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlığı çərçivəsində, "hesab.az" portalında elektron imzadan istifadə etməklə elektron xidmətlərin istifadəsindən yararlanmaq imkanı yaradıb.

Yeniliyin istifadəçilər üçün özəlliyi e-imzanın portalda olan "şəxsi kabinet"inə inteqrasiyasıdır ki, bu da portalda olan və tezliklə yaradılacaq elektron xidmətlərdən asanlıqla yararlanmağa şərait yaradır. Yaxın vaxtda "Goldenpay" şirkəti elektron imza istifadəçilərinə yeni elektron xidmətlər təqdim etməyi planlaşdırır. Bunların arasında kreditlərin banka getmədən sifarişi, bank hesabının "online" olaraq məsafədən açdırılması, elektron cüzdanın istifadəsi, elektron sığorta xidmətindən yararlanması və s. xidmətlər təşkil etməyi nəzərdə tutulub.

"Goldenpay" şirkətinin təsisçisi Fərid İsmayılzadənin sözlərinə görə, əhali arasında elektron imza istifadəçilərinin sayının artması məqsədi ilə şirkət tərəfindən yeni üstünlüklər və göstəriləcək elektron xidmətlərin sayının artırılması gözlənilir ki, bu da elektron imzanın istifadə ediləcək sahələrin daha da artmasına təkan verəcək.

"Hesab.az" portalı vasitəsilə göstəriləcək e-xidmətlərin sayı daha da artacaq. Elektron imzanın tətbiqi isə əhaliyə nəzərdə tutulmuş daha yeni və sadələşdirilmiş elektron xidmətlərin meydana gəlməsinə müsbət təsir edəcək", - İsmayılzadə dedi. "Hesab.az" portalında tətbiq edilmiş daha bir yenilik, elektron imzanın əldə edilməsi üçün elektron müraciət  xidmətidir.

Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanovun sözlərinə görə, "Goldenpay" şirkəti ilə əməkdaşlıq olduqca böyük önəm kəsb edir və bu əməkdaşlıq e-imza istifadəçilərinin sayının daha da sürətli artmasına təkan verəcək.

"Olduqca vacibdir ki, istifadəçilər təkcə "Elektron hökumət" portalı vasitəsilə deyil, eləcə də digər veb-saytlar vasitəsilə də elektron xidmətlər əldə etsinlər. Sevindirici haldır ki, bu imkan "hesab.az" kimi birinci sıralarda yer alan elektron xidmət portalında yaradılıb. Elektron imza istifadəçilərinin sayının daha da artırılması məqsədi ilə "hesab.az" portalı ilə birlikdə müştərək aksiyaların keçirilməsini də nəzərdə tutmuşuq",- Mərdanov demişdir.

Bu günədək Məlumat Hesablama Mərkəzi tərəfindən verilmiş elektron imza sertifikatlarının sayı 15 minə çatır. Onların böyük əksəriyyəti Dövlət qurumlarında çalışanların payına düşür.

Elektron imza əsas sənədin xüsusi proqram təminatı vasitəsilə sabit uzunluğu olan simvolların müəyyən ardıcıllığını özündə ehtiva edir. Göndərilmə zamanı əsas sənədə rəqəmli imza əlavə olunur ki, bunun da nəticəsində müəlliflik və sənəddəki məlumatın dəyişməzliyi öz təsdiqini tapır. Əsas sənədə istənilən dəyişiklik etməklə elektron imza öz qüvvəsini itirir.

Rəqəmli imzanın əldə olunması təşkilatın internet şəbəkəsi vasitəsilə mübadilə etdiyi sənədin müəllifliyi və məzmunu ilə bağlı əmin olmağa imkan verir. Elektron imzanı saxtalaşdırmaq mümkün deyil. Rəqəmli imza ilə imzalanmış sənəd əllə imzalanmış sənədlə bərabər tutulur.

Qeyd edək ki, "Goldenpay" ödəmə texnologiyaları əsasında çalışan "hesab.az", mobil operatorlar, internet-provayderlər, bütün kabel televiziya şəbəkələri və kommunal şirkətlərinin hesablarını bank kartları vasitəsilə ödəmək imkanı verir. Bundan başqa, portalda bank kreditlərinin ödənişi və onlayn-sığorta xidmətləri göstərilir. Bu zaman qeydiyyatdan keçən 66 minə yaxın abunəçi «Şəxsi kabinet» açmaq, ödəniş tarixçələrini aparmaq və bonus qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak edə bilərlər.




Baxış sayı: 1258

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024