12px13px15px17px
Tarix:11/07/13

Azərbaycanda yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatına başlanılıb


 
Azərbaycanda MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb.

Bu məqsədlə keçirilən xüsusi təqdimat mərasimində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib ki,  müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatı  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamla təsdiq etdiyi “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda əksini tapmış mühüm vəzifələrdəndir. S.Müslümov vurğulayıb ki, pensiya təyinatının avtomatlaşdırılması kimi mühüm prosesə başlanılması sığorta-pensiya sistemində aparılan davamlı islahat tədbirlərinin məntiqi nəticəsidir. Bu sıraya pensiya qanunvericiliyinə edilən ardıcıl dəyişikliklərlə pensiya təyinatı alqoritminin tam sadələşdirilməsi, ödənilən sosial sığorta haqlarının fərdi uçotu, sığorta-pensiya sistemində Avropa  standartlarına uyğun müasir avtomatlaşdırılmış infrastrukturun qurulması, DSMF-nin serverlərində unikal elektron məlumat bazalarının yaradılması kimi kompleks tədbirlər daxildir.

Ötən dövr ərzində DSMF-nin “www.dsmf.gov.az” ünvanlı internet səhifəsində təkmil müştəri xidmətləri sistemi yaradılıb. İstənilən vətəndaş bura daxil olaraq öz fərdi hesabı barədə məlumat  ala, eləcə də pensiya kalkulyatoru vasitəsilə  öz pensiyasını hesablaya bilir. Bu gündən etibarən isə pensiyaların avtomatlaşmış qaydada təyinatına başlanılır. DSMF-də bu məqsədlə xüsusi “Çağrı Mərkəzi” (190-0) yaradılıb.

Pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan  və vaxt itirmədən bu nömrəyə zəng vurub, şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilər. Zəng vuran vətəndaşdan tələb olunan məlumatlar isə yalnız şəxsiyyət vəsiqəsinin nömrəsidir. Bu məlumat dərhal sistemə daxil ediləcək, təsdiqləndiyi halda Fondun fərdi məlumatlar bazasına inteqrə edilərək avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatı aparılacaq və vətəndaşa ona təyin olunan pensiyanın məbləği bildiriləcəkdir. Eyni zamanda, zəng edən şəxsə öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının (şöbəsinin) ünvanı da çatdırılacaqdır. Fondun sədri bildirib ki, bu proses ümumilikdə bir neçə dəqiqəyə başa çatacaq: “Avtomatlaşdırılmış pensiya təyinatı ilkin olaraq yaşa görə əmək pensiyası növü üzrə aparılacaq. Əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının təyinatının avtomatlaşmış qaydada aparılması isə digər müvafiq dövlət qurumlarında qeyd olunan təyinatlarla bağlı  zəruri informasiyaları özündə əks etdirən elektron xidmətlərin yaradılmasından sonra mümkün olacaq”.

S.Müslümov vurğulayıb ki, bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunun son dərəcə azaldılmasına gətirib çıxaracaqdır: “Buna görə də vətəndaşlar öz fərdi hesablarında məlumatların tam əks olunmasında xüsusi maraqlı olmalıdırlar. O cümlədən ölkəmizdə fərdi uçot sisteminin tətbiqindən əvvəlki dövrə,  yəni  2006-cı ilin 1 yanvarınadək iş stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidirlər. Çünki avtomatlaşmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata  düşmüş  elektron  göstəricilər əsasında aparılır və təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa, hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricindədir”
.
Tədbirdə avtomatlaşmış pensiya təyinatının aparılması prosesi əyani şəkildə nümayiş etdirilib. Ayrı-ayrı rayonlardan 190-0 “Çagrı Mərkəzi”nə zəng vuran vətəndaşlara avtomatlaşmış qaydada pensiya təyinatı aparılıb.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 829

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024