12px13px15px17px
Tarix:16/07/13

İnformasiya Texnologiyaları İnstitutunda “İnternetşünaslıq problemləri” elmi sektoru yaradılıb


AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) yeni bölmə yaradılıb. Bununla bağlı məlumat verən İTİ-dən qeyd edilib ki, sürətlə inkişaf edən, əhatə dairəsi genişlənən, günbəgün yeni xidmətlər təklif edən internet cəmiyyət həyatının ən müxtəlif sferalarına getdikcə daha dərin nüfuz etməkdədir.

İnternetin tətbiqi ilə elm, təhsil, idarəetmə, siyasət, iqtisadiyyat, sosial və mədəni sahələrdə, o cümlədən insanların məişətində, şəxsi həyatında köklü dəyişikliklər baş verir. Bütün bu proseslərin elmi cəhətdən tədqiq edilməsi, internetin problemlərinin və perspektivlərin araşdırılması, həll yollarının və inkişaf istiqamətlərinin müəyyən edilməsi xüsusi aktuallıq kəsb edir.

Dünyanın qabaqcıl ölkələrində qlobal şəbəkənin təsir imkanları, perspektivləri və problemləri ilə bağlı geniş araşdırmalar aparılır və bu elmi istiqamət “İnternetşünaslıq” adını alıb. Bununla bağlı ayrıca elmi tədqiqat institutları yaradılır, yaxud elmi mərkəzlərdə müvafiq bölmələr açılır:

“AMEA İnformasiya Texnologiyaları İnstitutunda da internetin texniki və sosial-humanitar problemləri ilə bağlı elmi-tədqiqat işləri aparılır və müəyyən elmi nəticələr əldə edilmişdir. İnstitutun Elmi Şurasının növbəti iclasında bu istiqamətdə aparılan elmi-tədqiqatları intensivləşdirmək, daha yaxşı əlaqələndirmək, səmərəliliyini artırmaq məqsədilə “İnformasiya cəmiyyəti problemləri” şöbəsinin nəzdində yeni elmi istiqamətin - “İnternetşünaslıq problemləri” sektorunun yaradılması qərara alınıb”.

İclasda Elmi Şuranın qərarı ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Rasim Mahmudov həmin sektorun müdiri təyin edilib. R.Mahmudov internetin müxtəlif aspektləri (internetin tənzimlənməsi, internet iqtisadiyyatı, internet-asılılıq, internet-media, əşyaların interneti) ilə bağlı elmi-tədqiqatlar aparır, informasiya cəmiyyəti üzrə ekspertdir.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 781

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024