12px13px15px17px
Tarix:30/07/13

Mobil telefonların “IMEI” kodlarının qeydiyyatından sonra telefonlar niyə bağlanır?


Azərbaycanda  mobil cihazlarla bağlı baş verə biləcək oğurluq hallarının qarşısının alınması, qeyri-qanuni istehsal edilən, texniki parametrlərinin standartlara uyğun olmayan və insan orqanizmi üçün zərərli elektromaqnit şüaları yayan telefonların istismardan çıxarılması üçün "IMEİ" kodlarının qeydiyyatı həyata keçirilir.

Mobil cihazların qeydiyyatını abonentin istifadə etdiyi mobil operatorların müştəri xidmətlərində və eləcə də poçtlardakı qeydiyyat şöbələrində həyata keçirmək mümkündür. Bəzən abonentlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Qaynar xətt"inə müraciət edərək mobil telefonlarının "IMEI" kodlarını qeydiyyatdan keçirdiklərini, lakin buna baxmayaraq telefonun bağlı qaldığını söyləyirlər. Bəs hansı hallarda mobil telefonlar bağlanılır? Onların açılması nə qədər müddət çəkir?  

Telefonların bağlanmasının məsuliyyəti, əslində, kimin üzərinə düşür? Bu kimi suallara cavab almaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparıcı məsləhətçisi Zakir Qasımova müraciət etdik. Müsahibimiz "ICTnews.az" elektron xəbər xidmətinə bildirdi ki, mobil telefonların "IMEI" kodlarının qeydiyyatdan keçirilməsi üçün abonentə ay ərzində 3 dəfə xəbərdarlıq mesajı göndərilib.

Onun sözlərinə görə, bu sms-lərdən birincisi yeni alınan telefonun istifadəsinə başlanıldığı birinci gün, yəni şəbəkəyə daxil olduğu vaxtda göndərilir.  Daha sonra isə cihazdan istifadənin 15-ci və 25-ci günündə də yenidən sms göndərilir.  Bu mesajlarla abonentə xatırladılır ki, telefonun "IMEI" kodunun qeydiyyatı aparılmalıdır:

"Əksər abonentlər 30 gün bitəndən, yəni telefonları bağlandıqdan sonra və ya bağlanmağına 1 gün qalmış qeydiyyat üçün müraciət edirlər. Elə düşünürlər ki, onların bağlanmış telefonları müraciətdən dərhal sonra açılmalıdır. Amma bu belə deyil. Çünki qanunvericiliyə uyğun olaraq 3 gün ərzində təqdim olunan sənədlərə baxılır. Əgər sənədlərdə heç bir çatışmazlıq olmazsa, onda dərhal sistemin "ağ səhifə"sinə salınır və həmin mobil telefonun işləməsinə icazə verilir. Ona görə də yaxşı olar ki, abonentlər qeydiyyatdan keçmə ilə bağlı mesaj aldıqdan sonra yubatmadan qeydiyyat aparılan məntəqələrə müraciət etsinlər. İstifadə etdikləri mobil operatorların müştəri xidmətlərinə və ya qeydiyyat şöbələrinə yaxınlaşıb vaxtında mobil telefonlarının "IMEI" kodları qeydiyyatdan keçilsə, bu zaman istifadədə olan telefonların bağlanmasından söhbət gedə bilməz. Çünki qanunvericiliklə ayrılan müddət 30 gündür. Telefon bağlandıqdan sonra müraciət edən abonentlərin də 3 gün gözləməsi onları narahat edir. Çünki mobil telefonlar həyatımızın ayrılmaz bir hissəsinə çevrildiyindən, günlərimiz onsuz keçmir. Ona görə də telefon 3 gün bağlı qaldıqda bu, insanlarda narahatlıq hissi yaradır. Belə hallarla qarşılaşmamaq üçün ən yaxşısı abonentin qeydiyyatla bağlı vaxtında müraciət etməsi lazımdır. Doğrudur, biz çalışırıq ki, müraciətlərə 1-2 günə baxaraq tez bir zamanda cavablandıraq. Amma yenə deyirəm ki, qanunvericiliyə görə sənədlərə 3 gün müddətində baxılmalıdır. Yeri gəlmişkən qeyd edim ki, bu sistemdə 3 səhifə var – "Ağ", "Qara" və "Boz" səhifələr. "Ağ səhifə"yə mobil telefonun istehsalında və onun işləməsi üçün heç bir nöqsanı olmayan, qeydiyyatdan keçmiş mobil telefonlar daxil edilir. "Qara" səhifəyə işləməsi qadağan olunan telefonlar salınır. «Boz» səhifəyə isə araşdırma müddətində olan, qeydiyyatdan hələ keçməyən mobil telefonlar daxil olur. Hansılar ki, onlar 30 gün müddətindən sonra ya "Ağ", ya da "Qara" səhifəyə salınır".

Seymur Qasımbəyli
 
 
 
 



Baxış sayı: 14871

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024