12px13px15px17px
Tarix:31/08/13

Azərbaycan beynəlxalq İT konfransında spiker qismində təmsil olunacaq

Bu ilin oktyabr ayının 7-8-də Rumıniyanın paytaxtı Buxarest şəhərində «Eastern Europe DroidCon» (Şərqi Avropa DroidCon) konfransı keçiriləcək. Ölkəmizi bu konfransda startupçı, İT üzrə ekspert Kamran Səmədli spiker kimi təmsil edəcək.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə K.Səmədli özü məlumat verib. Onun sözlərinə görə, sözügedən tədbirdə "Android", mobil texnologiya, proqramlaşdırmalar və sair məsələlər müzakirə ediləcək. K.Səmədli qeyd edib ki, bu gün mobil texnologiya, mobil proqramlaşdırma dünyanın əsas müzakirə etdiyi və eləcə də üzərində çox düşündüyü sahələrdən biridir.

Ona görə də beynəlxalq bir tədbirin bu kimi məsələlərə həsr olunması səbəbsiz deyil. Özünün «Startuplar və sahibkarlıq» mövzusunda çıxış edəcəyini vurğulayan K.Səmədli nitqində bütün dünya üzrə gedən proseslərdən, gözləntilərdən və nəticələrdən söz açacağını qeyd edib:

«Yeri gəlmişkən qeyd edim ki, tədbirin Təşkilat Komitəsi mənə əlavə olaraq 10 bilet verib. Konfransda iştirak etmək istəyən şəxslərə bu biletləri təqdim edə bilərəm. Nəzərə alınmalıdır ki, «DroidCon» dünyanın ən böyük və ən professional texniki konfranslarından biridir. "Android" sevərləri bu fürsətdən istifadə etməyə çağırıram. Onu da bildirim ki, konfransda iştirak etmək istəyən şəxslər xərclərini özləri çəkməlidir».

SEYMUR



Baxış sayı: 795

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024