12px13px15px17px
Tarix:06/09/13

AMEA-nın vitse-prezidenti: “RWE Dea”nın elmi-texniki imkanları və təcrübəsi əsasında əlavə çöl işləri aparılır”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun bir qrup alimi Almaniyanın Hamburq və Kiel şəhərlərində yerləşən “RWE Dea” şirkətində və “GEOMAR” Okeanoqrafiya Elmi Tədqiqat Mərkəzində olub. AMEA Rəyasət Heyəti  Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşlər zamanı “Keçid zonanın neft-qazlılığının perspektivliyinin öyrənilməsi” layihəsinin gedişatı müzakirə edilib. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Geologiya İnstitutunun direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov və AMEA-nın müxbir üzvü Əkbər Feyzullayev tədqiqatların ilkin nəticələri barədə məlumat veriblər. Belə ki, birillik layihənin icrasında məqsəd Qobustanda dənizlə quru ərazilərin keçid zonasında neft-qazlılığın perspektivliyini öyrənməkdir. Araşdırmalar 2012-ci ilin noyabrında başlayıb.
 
 Akademik İ.Quliyev qeyd edir ki, sözügedən ərazidə dənizin dərinliyi cəmi 20-30 metr olduğuna görə indiyə qədər mövcud texnologiyalarla geofiziki tədqiqatlar aparmaq mümkün olmayıb. Lakin bu zolaqla qonşu olan quru və su sahələrində vaxtilə qazılmış məhsuldar quyular ərazinin perspektivliyinə inanmağa əsas verirdi.
 
Layihə çərçivəsində alimlər həmin ərazidə əvvəllər aparılmış tədqiqat və qazma işlərinin nəticələrini yenidən təhlil edib. “RWE Dea”nın elmi-texniki imkanları və təcrübəsi əsasında əlavə çöl işləri aparılır, keçid zolağının perspektivliyini müəyyən etməyə səylər göstərilir. İlkin nəticələr tədqiqatçıların sözügedən perspektivliyə inanmaqda yanılmadıqlarını sübut edir.
 
Görüşlər çərçivəsində “GEOMAR”-ın mütəxəssisləri – Varner Brükman, Maryon Yegen və Martin Veynelt şirkətin geodinamika və dəniz tədqiqatları, elmdən istehsalata keçid təcrübəsi barədə geniş danışıblar. Almaniyalı alimlər, o cümlədən “RWE Dea”nın meneceri Yürgen Şober layihənin icrasının Almaniyada əldə olunmuş nəticələrindən də bəhs ediblər. Tədqiqatların ümumi gedişatı müsbət qiymətləndirilib. Səfərin sonunda azərbaycanlı alimlər üçün Şimal dənizində yerləşən “Mittelplate”  platformasına ekskursiya da təşkil olunub.
 
 
Həqiqət İSABALAYEVA
 
 



Baxış sayı: 759

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024