12px13px15px17px
Tarix:07/09/13

Biometrik texnologiyalar - daha etibarlı, təhlükəsiz

Təhlükəsizliyin təmin olunması üçün yaradılan biometrik sistemlər 11 sentyabr 2001-ci ilə qədər yalnız hərbi sirlərin və ən əhəmiyyətli ticarət informasiyasının müdafiəsi üçün istifadə olunurdu. Bütün dünyanı silkələmiş terror aktından sonra isə vəziyyət kəskin dəyişdi.
 
İnkişafa “səbəb” olan terror
 
Əvvəllər biometrik sistemlərlə ilk növbədə aeroportlar, böyük ticarət mərkəzləri, eyni zamanda insanların daha gur olduqları başqa məkanlar təchiz edilirdi. Sonradan bu sahəyə artan tələbat tədqiqatların genişləndirilməsi və yeni qurğuların, daha müasir texnologiyaların yaranmasına gətirib çıxardı. Biometrik qurğular bazarının artımı onlarla məşğul olan şirkətlərin sayının yüksəlməsinə, bu yüksəliş onlar arasında rəqabətin formalaşmasına, rəqabət isə informasiya təhlükəsizliyi təminatının biometrik sistemləri üzrə qiymətlərin olduqca əhəmiyyətli şəkildə azaldılmasına səbəb oldu. Beləliklə, bir terror aktının təkan verdiyi biometrik texnologiyaların inkişafı bu gün bütün dövlətlərdə biometrik sistemlərə keçidin sürətləndirilməsinin əsasını qoydu. Azərbaycan da bu sistemə keçən əsas ölkələrdəndir.
 
Azərbaycanda biometrik eyniləşdirmə sisteminə keçid
 
Ölkəmizdə bu sahəyə keçidin əsası təxminən 2007-ci illərdən başlayır. Belə ki, respublika prezidentinin 2007-ci il 13 fevral tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Proqram milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, terrorçuluğa, qanunsuz miqrasiya və insan alverinə qarşı mübarizənin gücləndirilməsində, eyni zamanda informasiya cəmiyyətinin qurulmasında xüsusi əhəmiyyət kəsb edib. İki mərhələ üzrə aparılan işlərə uyğun olaraq, ilk mərhələdə (2007-2009-cu illər) bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi və biometrik eyniləşdirmə sistemi ilə bağlı yeni normativ hüquqi aktların hazırlanması və qəbul edilməsi məsələləri, miqrasiya proseslərinə dövlət tərəfindən nəzarətin gücləndirilməsinə dair tədbirlər, o cümlədən sərhədkeçmə sənədlərinin fərdiləşdirilməsi üzrə informasiya resurslarının formalaşdırılması və təkmilləşdirilməsi həyata keçirilib. İkinci mərhələdə (2010-2012-ci illər) biometrik texnologiyaların tətbiqi sahələrinin genişləndirilməsi və onların təkmilləşdirilməsi nəzərdə tutulmuşdu. Proqramın vəzifələrindən biri də biometrik texnologiyalar əsasında biometrik pasport-viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin istehsalı və tətbiqinin təşkili olub ki, artıq sentyabrın 2-dən etibarən Azərbaycanda biometrik pasportların verilməsinə başlanılıb.
 
Saxtalaşdırmanı minimallaşdıran sistem
 
AMEA İnformasiya Texnologiyaları İnstitutunun məlumatına görə, biometrik pasportlar saxta sənədlərlə sərhədi keçmək niyyətində olan şəxslərin qarşısını alan yeni texnologiyadır. Biometrik pasporta keçidə zərurət yaradan əsas amillərdən biri onun adi pasportla müqayisədə saxtalaşdırılmasının daha çətin olmasıdır. Bu zaman şəxsin başqa fərdi məlumatlarla sənəd alması imkanı aradan qalxır, toplanan informasiyanın dəqiqliyi təmin olunur. Biometrik pasportlar şəxsiyyətin avtomatik identifikasiyası, miqrasiyaya sürətli nəzarət, sərhədlərin daha yaxşı mühafizəsi və təhlükəsizlik kimi üstünlüklərə malikdir.
İlk baxışda adi pasportlara oxşasa da, yeni nəsil pasportların üz qabığında biometrik pasport loqosu olur. Bu loqo biometrik pasportlar üçün beynəlxalq işarədir. İşarə pasportun xüsusi çipə malik olduğunu və çipdə pasport sahibinin biometrik məlumatlarının saxlandığını göstərir. Biometrik pasport loqosu bütün aeroport və tranzit portlarda biometrik pasportlar üçün xüsusi oxucu qurğularla təchiz edilmiş sərhəd nəzarəti keçidlərində göstərilməlidir. Sərhədi keçərkən səyahətçilər öz pasportlarını xüsusi skanerlərə yerləşdirir və bu qurğu çipdəki məlumatların birinci səhifədəki verilənlər ilə eyni olduğunu yoxlayır. Daha sonra əgər çipdə barmaq izləri də saxlanırsa, səyahətçi barmaqlarını barmaq izi skanerinə qoyur və çipdə saxlanan barmaq izlərinin qurğuda alınan barmaq izləri ilə eyniliyi yoxlanılır.
 
Saxtakarı məhz öz bədəni ələ verəcək
 
Belə desək, yeni nəsil texnologiyaların köməyi ilə saxtakarı məhz öz bədəni, müxtəlif bədən üzvləri ələ verəcək. Bəşəriyyət bütün tarixi boyu fərdlərin identifikasiyası üçün biometrik tanıma üsullarından istifadə edir. Məsələn, tanış adamları çox vaxt məhz bu texnologiyaların köməyi ilə sifətə, səsə, yerişə və s. görə tanıyırıq. Hazırda informasiya texnologiyalarının mühüm hissəsinə çevrilən biometrik texnologiyalar bioloji (anatomik və psixoloji) və davranış xarakteristikaları əsasında fərdin avtomatik eyniləşdirilməsi üçün müxtəlif üsullar təklif edir. Elmi tədqiqat və praktik tətbiqlərdə sınaqdan çıxarılmış biometrik xarakteristikalara barmaq izi, gözün torlu qişası, gözün qüzehli qişası, sifət şəkli, əlin həndəsəsi, ovucun şəkli, bədənin qoxusu, qulaqların forması, termoqramlar, DNT (dezoksipibonuklein turşusu), səs, əl imzası, dodaqların hərəkəti, klaviatura xətti, yeriş və s. aiddir.
İnsanın biometrik xarakteristikasının pasport sistemi genişmiqyaslı sistemlərdə identifikasiya üçün istifadəsinin mümkünlüyü bu xarakteristikaların universallıq (hər bir insanda olma), unikallıq, dəqiqlik, ölçüləbilmə, istifadənin asanlığı, stabillik (yaşlanmaya müqavimət), istifadəçi tərəfindən qəbul edilmə, saxtalaşdırmaya dözüm kimi parametrlərlə müəyyən edilir. Bu parametrlər üzrə qiymətləndirmələri və digər mülahizələri nəzərə alaraq, maşınla oxunan pasporta “İCAO (International Civil Aviation Organisation, Beynəlxalq Mülki Aviasiya Təşkilatı)” standartı biometrik pasportlara məcburi əsas biometrik xarakteristika kimi sifət şəklinin, məcburi olmayan ikinci xarakteristika kimi isə barmaq izinin və ya gözün qüzehli qişasının daxil edilməsini nəzərdə tutur.
 
Barmaq izləri hətta əkizlərdə də fərqlənir
 
Ümumiyyətlə, barmaqların izlərinin tanınması - barmaq izlərinə görə eyniləşdirmə ən yayılmış, etibarlı və effektiv biometrik texnologiya sayılır. Belə ki, hər bir insanın bütün barmaqlarının izləri papillyar xətlərin şəklinə görə unikaldır və bu izlər hətta əkizlərdə də fərqlənir. Barmaq izləri insanın bütün həyatı boyu dəyişməz qalır, həm də eyniləşdirmə vaxtı asan və daha sadə təqdim edilir. Metod əsasında barmaqlarda papillyar naxışların unikallığı əsas götürülür. Xüsusi skaner, tənzimləyici və ya datçikin köməyi ilə alınmış iz rəqəmli koda çevrilir və daha əvvəl daxil edilmiş etalonla müqayisə olunur. Şəxsiyyətin eyniləşdirməsinin bu üsulu ona görə etibarlı sayılır ki, eyni izin yaradılması qeyri-mümkündür. Əgər barmaqlardan birinə zərər dəyərsə, eyniləşdirmə üçün digər barmaq - ehtiyat izdən istifadə etmək olar.
 
Korluq, aparılan göz əməliyyatları belə qüzehli qişanı dəyişdirməkdə acizdir
 
Gözün qüzehli qişasının tanınması texnologiyasını hazırlayan tədqiqatçılar təsdiqləyirlər ki, insan gözünün torlu qişası zamanla dəyişə bilər. Amma gözün qüzehli qişası dəyişməz qalır. Hətta əkizlərdə belə gözün qüzehli qişasının iki, tamamilə eyni olan şəklini tapmaq mümkün deyil. Eynək, kontakt linzaları və s. belə heç vaxt təsvirin dəqiq alınması prosesinə təsir etmir. Həmçinin gözlərdə edilmiş əməliyyatlar, kataraktanın silinməsi və ya göz buynuzunun implantasiyası da qüzehli qişanın xarakteristikasını dəyişdirmir. Ümumiyyətlə, onu dəyişdirmək və ya dəyişmək mümkün deyil. Hətta kor insanı da gözün qüzehli qişasının köməyi ilə müəyyən etmək mümkündür. Səsin tanınmasına gəlincə, bəzi insanlar səsləri tələffüz edə bilmir, eyni zamanda səs xəstəliklə əlaqədar dəyişə bilər. Bu da həmin texnologiyanın etibarsızlığını gündəmə gətirir. Ümumiyyətlə, biometrik texnologiyalar üzrə mütəxəssislər də bu günə qədər əldə olunan nəticələrlə qane olmayaraq, daha təhlükəsiz, etibarlı sistemlər üzərində işləməyi davam etdirirlər. Bu çalışmaların nəticəsi isə hələ ki daha üstün texnologiyalara əsaslanan biometrik sistemə keçidi zəruriləşdirir.
 
Hər kəsi düşündürən sual
 
Bu səbəbdən də Azərbaycanda biometrik pasportlara keçid reallaşıb. Amma proses yeni başlandığından, əksər vətəndaşları düşündürən və tez-tez səslənən bir sual var: biometrik pasportlara keçidlə köhnə ümumvətəndaş pasportları ləğv olunacaq?  
Daxili İşlər Nazirliyindən (DİN) “Rabitə dünyası”na bildirilib ki, üzərində göstərilən etibarlılıq müddəti bitənə qədər vətəndaşların hazırda istifadə etdikləri ümumvətəndaş pasportları qüvvədədir. Əgər bu müddətin bitməsini gözləmədən, kimsə biometrik pasport sahibi olmaq istəyirsə, bu da mümkündür.  O zaman Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə görə tələb olunan müvafiq dövlət rüsumunu ödəməklə, vətəndaş yeni nəsil pasporta malik ola bilər.
 
15 yaşı tamam olmayanlardan əl-barmaq izi götürülmür
 
Bu pasportun verilməsi üçün zəruri sənədlərin siyahısına pasport verilməsi haqqında ərizə-anket, vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı); dövlət rüsumunun ödənilməsi barədə sənəd daxildir. 15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayır, 15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır. Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə uyğun fotoşəklin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmayan vətəndaşlardan əl-barmaq izi götürülmür.
Pasportun etibarlılıq müddəti bitdikdə və ya vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə, pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, pasport dəyişdirilməlidir. Elektron daşıyıcısı olmayan ümumvətəndaş pasportları dəyişdirilərkən vətəndaşın əl-barmaq izləri götürülür.
 
Pasport üçün dövlət rüsumları
 
Ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra “Dövlət rüsumu haqqında” qanunla nəzərdə tutulmuş məbləğdə ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq, on, beş, iki və ya bir iş günü müddətində verilir və ya dəyişdirilir. Pasport on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə məbləğ bir yaşınadək uşaqlar üçün 10, bir yaşından üç yaşınadək uşaqlar üçün 20 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 30, on səkkiz yaşına çatmış vətəndaşlara 40 manatdır. Pasport beş iş günündə verildikdə və ya dəyişdirildikdə rüsum bir yaşınadək uşaqlar üçün 20, bir yaşından üç yaşınadək uşaqlar üçün 40, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 60, on səkkiz yaşına çatmış vətəndaşlara 80 manatdır. Pasport bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə bir yaşınadək uşaqlar üçün 40 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 80, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 120, on səkkiz yaşına çatmış vətəndaşlar üçün 160 manatdır. Ümumvətəndaş pasportunda, o cümlədən onun elektron daşıyıcısında göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir. Şəxsiyyət vəsiqəsi və pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə isə 30 manat miqdarında cərimə nəzərdə tutulur.
Qeyd edək ki, artıq gələn həftədən etibarən vətəndaşların biometrik pasport alması ilə bağlı müraciətləri qəbul ediləcək.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 2337

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024