Aleksandros Petersen: Azərbaycanın uğurları səmərəli idarəetmənin nəticəsidir
Beynəlxalq münasibətlər , enerji və regional təhlükəsizlik sahəsində tanınmış ekspert, “Dünya adası: Avrasiya geosiyasəti və Qərbin taleyi” kitabının müəllifi Aleksandros Petersen AzərTAc-a eksklüziv müsahibə vermişdir. Müsahibənin mətnini təqdim edirik.
-Doktor Petersen, bir həftə əvvəl “Moody’s” agentliyi Azərbaycanın kredit qabiliyyəti haqqında hesabat dərc etmişdir. Hesabatda ölkənin iqtisadi inkişafda və neftdən gələn maliyyə resurslarının istiqamətləndirilməsində, iqtisadiyyatın digər sektorlarında nailiyyətləri qeyd olunmuşdur. Ölkənin qeyri-neft sektorunun inkişafı barəsində nə deyə bilərsiniz? Sizcə, Azərbaycan daha geniş regionda qeyri-neft məhsullarının rəqabətqabiliyyətli istehsalçısı ola bilərmi?
- Azərbaycanın bugünkü nailiyyətlərinin böyük hissəsi 1990-cı illərin sonunda ölkə rəhbərliyinin Azərbaycan iqtisadiyyatının şaxələnməsi üçün təməl yaradılmasına dair qəbul etdiyi müdrik və strateji qərarın nəticəsidir. Həmin uzunmüddətli strategiya son on beş il ərzində bu siyasətin Azərbaycan rəhbərliyi tərəfindən ardıcıl davam etdirilməsi sayəsində görünən nəticələri verməyə başlamışdır. Kənd təsərrüfatı və maliyyə sektorlarında, yüngül sənaye və telekommunikasiya, nəqliyyat, turizm və iqtisadiyyatın digər sahələrində Azərbaycanın böyük potensialı vardır. Lakin o vaxt Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradılmasaydı, necə deyərlər, “resurs lənəti”ni zəiflədən struktur iqtisadi islahatları da reallaşmazdı, biz bu qeyri-neft sektorlarındakı mühüm potensial barəsində, hətta, danışa bilməzdik. Bu, fasiləsiz və səmərəli iqtisadi idarəetmənin nəticədir. Mən digər sektorların inkişafına optimist baxıram. Hərçənd yeni xarici sərmayədarların cəlb olunmasının davam etdirilməsinin vacibliyinə baxmayaraq, Azərbaycan daha qərb investisiyalarından asılı deyildir.
-“Trans-Avrasiya Super İnformasiya Magistralı (Trans-Eurasian Information Super Highway-TASIM)” layihəsi barəsində danışaq. Bu layihə nə kimi səylər tələb edir və Azərbaycana və regiondan kənardakı tərəfdaşlara nə verəcəkdir? Bu layihə miqyasına görə Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsinə uyğun gələcəkmi?
-Şübhəsiz ki, TASIM Azərbaycanın reallaşdırdığı vacib qeyri-enerji layihələrindən biridir. Azərbaycanın liderliyi sayəsində TASIM qitə miqyaslı layihə olacaq və tamamilə istismara verildikdən sonra həm Trans-Avrasiya telekommunikasiya əlaqəsini təmin edəcək, həm də bütün region üzrə qarşılıqlı əlaqə geosiyasətini formalaşdıracaqdır. “Cənub dəhlizi” layihəsi kimi, TASIM resursların digər tədarükçülərindən asılı olan ölkələrə əsas alternativi təmin edəcəkdir. Layihə eyni zamanda Bakını regional və qlobal telekommunikasiya mərkəzinə transfer edir ki, bu da öz növbəsində qeyri-neft sektorunun inkişafı üçün bir sıra digər imkan və perspektivlər yaradacaqdır. Nəhayət, qeyd etmək istərdim ki, geniş Xəzər regionunun regional birləşməsinə kömək edən layihə kimi TASIM-in əhəmiyyətini müvafiq şəkildə dəyərləndirmək lazımdır.
-Son bir neçə ildə ARDNŞ regional inkişafın və iqtisadi təhlükəsizliyin əsas tərkib elementi olmuşdur. Avropada və Yaxın Şərqdə sərmayələr yatırmaqla, ARDNŞ beynəlxalq neft şirkətinə çevrilir. O, onilliyin növbəti beynəlxalq enerji nəhəngi olacaqmı?
-Zənnimcə, ARDNŞ-in heyrətamiz inkişafı Norveçin “Statoil” şirkətini xatırladır. Bu dövlət şirkəti əvvəlcə tamamilə ölkəsinin resurslarından və Skandinaviyada pərakəndə satışdan asılı idi. Lakin bütün qitələrdə layihələrə malik olmaqla və “Exxon”, “Shell”, və “Chevron” kimi digər enerji nəhəngləri ilə rəqabət aparmaqla dünya miqyaslı oyunçuya çevrilmişdir. ARDNŞ-in strategiyası bir çox cəhətlərinə görə “Statoil” şirkətinin strategiyasına bənzəyir: ARDNŞ özünü digər şirkətlər və ölkələr üçün dəyərlərin yaradıcısı kimi təqdim edir, maliyyələşmənin təminatında peşəkar və konstruktiv rol oynayır ki, bununla da çətin layihələrin təkanvericisi və etibarlı tərəfdaş olmuşdur. ARDNŞ-in Gürcüstanda, Türkiyədə, Cənubi və Mərkəzi Avropada və hətta İsraildəki layihələri heyrətamizdir, lakin şirkətin peşəkarlığı və neft-qaz sənayesində nüfuzu daha böyük təsir bağışlayır.
-Ötən həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan hökumətinin mövqeyini bir daha bəyan edərək bildirmişdir ki, Ermənistan rəhbərliyi işğalçılıq siyasətindən əl çəkərsə, onda bu ölkə regional layihələrə buraxılacaqdır, bu da öz növbəsində, erməni xalqına fayda gətirəcəkdir. Əgər Ermənistan öz ordusunu Azərbaycan ərazilərindən çıxararsa və Azərbaycan tərəfindən başlanmış layihələrə buraxılarsa, onda sizcə, bunun Ermənistan üçün hansı iqtisadi səmərəsi olacaqdır? Hər hansı konkret iqtisadi göstəricilər varmı?
-Həqiqətən, diqqətəlayiqdir ki, Azərbaycanın rəsmi şəxsləri dəfələrlə və açıq şəkildə bəyan etmişlər ki, əgər Azərbaycan ərazilərinin Ermənistan hərbi qüvvələri tərəfindən işğalına son qoyulsa, onda Ermənistan Azərbaycanla əlaqəli layihələrdən faydalanacaqdır. Belə bəyanatlar Azərbaycanın münaqişə zonasının gələcəyinə müsbət yanaşmasını göstərməklə bərabər, həm də onun Cənubi Qafqazda mehriban qonşuluq münasibətlərinin qaydaya salınması cəhdlərinin ifadəsidir. Ermənistanın nə qədər fayda əldə edəcəyi, əlbəttə ki, münaqişədən sonrakı dövr üçün planlaşdırılan layihələrdən asılıdır. Lakin ümumiyyətlə, deyə bilərəm ki, istənilən regional layihə və Ermənistanın iqtisadiyyatına uyğun investisiyalar onun simasını tezliklə dəyişdirəcəkdir. Hazırda Ermənistan tamamilə diasporun pul köçürmələrindən və Rusiya investisiyalarından asılıdır. Bu iqtisadi model qətiyyən davamlı deyil və onun nəticəsini işsizlik və iqtisadi imkansızlıq səbəbindən Ermənistandan fasiləsiz mühacirətlərdə görmək olar. Ermənistan Gömrük İttifaqına daxil olandan sonra situasiya daha ümidsiz olacaqdır. Ermənistan münaqişə səbindən regional və qlobal iqtisadiyyatdan tamamilə təcrid olunmuş və ayrılmışdır. Əgər gələcəkdə Azərbaycandan investisiya ayrılsa, bu, Ermənistan iqtisadiyyatını dirçəldər, şaxələndirər və ola bilsin ki, onun təcrid olunmasını aradan qaldırar və Rusiyadan asılılığının azaldılmasında geosiyasi səmərə verə bilər. Konkret rəqəm demək çətindir, amma güman edirəm ki, Ermənistanın gəlirləri milyardlarla ölçülə bilərdi. Ümumi daxili məhsulu 10 milyard dollardan (Azərbaycanın ÜDM-nin yeddidə biri qədər) az olan ölkə üçün bu, onun simasını kökündən dəyişdirən fayda gətirərdi.
-Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Azərbaycan üçün prioritetlərdən biridir. Azərbaycanın etibarlı tərəfdaş, o cümlədən təhlükəsizlik məsələlərində etibarlı tərəfdaş kimi öz dönməzliyini Qərbə sübut etməsinə baxmayaraq, Amerika Birləşmiş Ştatları da daxil olmaqla, bir sıra qərb ölkələrinin rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində kifayət qədər təşəbbüskarlıq nümayiş etdirmir. ABŞ administrasiyası Azərbaycanla tərəfdaşlığının genişləndirilməsi və Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanması üçün hansı addımları atmalıdır?
-ABŞ-ın hazırkı administrasiyası birmənalı olaraq, münaqişənin nizamlanması əzmindədir. ABŞ Prezidenti də, dövlət katibi də münaqişənin reallıqları ilə yaxşı tanışdırlar. ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri Ceyms Uorlik Amerikanın aparıcı diplomatlarından biridir və danışıqların aparılması sahəsində dərin biliklərə malikdir. Üstəlik, ABŞ administrasiyasının xarici siyasətdə bir neçə illik uğursuzluğundan sonra qələbə vacibdir. Prezidentlik müddətinin bitməsinə yaxın Barak Obama siyasi varisliyini təmin edən müsbət nailiyyətlər axtaracaqdır. Bütün bu amillər hazırkı vəziyyəti münaqişənin tənzimlənməsinə danışıqlar prosesinin bütün dövrlərində olduğundan daha çox yaxınlaşdırır. Dövlət katibi münaqişəni tənzimlənməsinə qlobal planda prioritet əhəmiyyət verməlidir. Yüksək səviyyəli rəhbərliyin iştirakı ilə yaxın gələcəkdə münaqişənin həllinə nail olmaq mümkündür.
Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
Baxış sayı: 937
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı