12px13px15px17px
Tarix:14/10/13

“Vikipediya”da Azərbaycan kontentinin artırılması üçün növbəti təlimlərə başlanılıb

 “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulan 22-ci bənd - “Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi” üzrə aparılan işlər davam edir.
 
Bu istiqamətdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə başlayan və Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) tərəfindən həyata keçirilən “VikiHərəkat” çərçivəsində növbəti təlimlərə start verilib. Bakı şəhərində ölkənin 4 regionundan (Qərb, Şimal, Cənub, Mərkəz) olan gənclərin iştirakı ilə keçirilən “Təlimçilərin təlimi” paytaxtda baş tutan artıq ikinci təlimdir.  
 
“Azərbaycan Vikipediyası” istifadəçisi Eyyub Ziya tərəfindən aparılan təlimlərdə Şimal regionundan “VikiHərəkat”a qoşulan Röyal Ağamirzadə də öz “Vikipediya” bacarıqlarını iştirakçılarla bölüşüb. Təlim iştirakçılarına “Vikipediya”nın müxtəlif aspektləri və qaydalar, müəllif hüquqları haqda nəzəri biliklər, “Vikipediya” hesabı açmaq, məqalə yerləşdirmək, şablonlarla işləmək, “Vikipediya Commons”a şəkil yükləmək, istinad və daxili keçidlər yerləşdirmək bacarıqları öyrədilib.
 
 
Təlimdə “Azərbaycan Vikipediyası”na iştirakçılarla birgə sınaq məqalələri də yerləşdirilib.
 
 
Qeyd edək ki, ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycanda “Vikipediya” könüllülük hərəkatının yayılmasından ibarətdir. “VikiHərəkat” iki əsas komponenti özündə ehtiva edir.
 
Bunlardan birincisi “VikiHərəkat”a qoşulan fərd və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi yolu ilə “Vikipediya”da məqalələrin yerləşdirilməsi, eləcə də onların bacarıqlarının artırılmasıdır. Layihənin ikinci əsas komponenti təlimlərin keçirilməsi yolu ilə həvəskar vikipediyaçıların səriştəsinin artırılmasıdır.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 652

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024