12px13px15px17px
Tarix:14/10/13

Seçki günü Azərbaycanın informasiya resurslarına edilən çoxsaylı kiberhücumların qarşısı alınıb

“Azərbaycanda 9 oktyabrda keçirilən prezident seçkilərində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi daha geniş şəkildə həyata keçirildi”. Bu barədə jurnalistlərə açıqlama verən Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, ölkəmiz İKT-nin seçkidə tətbiq olunması üzrə  yüksək keyfiyyət və səviyyə nümayiş etdirdi. Bunun həm beynəlxalq, həm də yerli ekspertlər tərəfindən qeyd edildiyini vurğulayan nazir deyib ki, bu il 1000 seçki məntəqəsində yüksək keyfiyyətli veb-kameralar quraşdırılmışdı: “Məntəqələri kameralarla Azərbaycandan və eləcə də dünyanın istənilən yerindən birbaşa müşahidə etmək mümkün idi. Nəticədə seçki günü həm seçicilərin aktivliyi izlənildi, həm də sayma prosesi videogörüntülərlə müşahidəçilərə və istənilən maraqlı şəxslərə çatdırıldı”.
 
Məntəqələrə quraşdırılan veb-kameralar vasitəsilə seçki prosesini izləməyə böyük marağın olduğunu söyləyən Ə.Abbasov bildirib ki, izləyicilərin sayı təxminən 340 min olub: “Bu izləmə, demək olar ki, 24 saat davam edib. Həmçinin seçkidən sonra da kameralar işlək, yəni açıq şəkildə qalıb”.
 
Daha sonra seçki günü kiberhücumlardan danışan nazir bildirib ki, Azərbaycanın informasiya sistemlərinə bir çox kiberhücumlar edilib: “Təxminən 100 minlərlə kiberhücum qeydə alınıb. Bu addımların əsasən xarici ölkələrdən atıldığı məlum olub. Amma sistemin qorunması yüksək səviyyədə həyata keçirildiyi üçün, demək olar ki, heç bir ziyan dəymədi”.
 
Seçki prosesində İKT-nin əsas tətbiq istiqamətlərindən birinin də internet, sosial şəbəkələr və digər resurslarla bağlı olduğunu önə çəkən Ə.Abbasov bildirib ki, sözügedən vasitələrdən ölkə vətəndaşları tərəfindən geniş formada istifadə olunub:
 
“İnternetə çox böyük maraq oldu. Azərbaycanda seçkidən əvvəl, seçki günü və seçkidən sonra internetdə olduqca böyük yüklənmə olub.  Onu qeyd etmək lazımdır ki, həm seçki kampaniyaları müddətində, həm də seçkidən sonra internetə edilən müraciət tam azad olub, internetin heç bir resursu məhdudlaşdırılmayıb, heç bir kəsə internet resurslarından istifadədə maneələr olmayıb. Sosial şəbəkələrdə siyasi partiyalar, prezidentliyə namizədlər öz kampaniyalarını geniş və sərbəst şəkildə aparıblar, öz fikirlərini bölüşüblər. Burada çox geniş  müzakirə meydanları olub. Bir çox ekspertlərin də fikirlərinə görə, Azərbaycanda seçki prosesində internetdən istifadə dünyada ən qabaqcıl ölkələr ilə eyni səviyyədə olub”.
 
Seymur Qasımbəyli
 



Baxış sayı: 748

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024