12px13px15px17px
Tarix:22/10/13

Yüksək texnologiyalara əsaslanan sənaye müəssisələrində çalışacaq ixtisaslı kadrlarla bağlı təkliflər hazırlanır

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında  (ASK) texniki peşə təhsili sahəsindəki mövcud vəziyyət müzakirə olunub. "ICTnews" xəbər xidmətinin məlumatına görə, görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin  İqtisadi İslahatlar Elmi Tədqiqatlar İnstitutunun, Bakı Biznes Tədris Mərkəzinin, Azərbaycan Milli Elmlər Akademiyasının, "Həyatını dəyiş" layihəsinin və ASK-nın əməkdaşları iştirak ediblər.
 
Ölkə iqtisadiyyatının dinamik inkişafı  haqqında ətraflı məlumat verən  ASK-nın baş katibi Məhəmmədəli Əfəndiyev bildirib ki, "Azərbaycan 2020:  Gələcəyə baxış" inkişaf konsepsiyasının əsas istiqamətlərindən biri də ölkədə sənayeləşmənin geniş vüsət almasıdır. Dövlət proqramının həyata keçirilməsi zamanı yüksək texnologiyalara əsaslanan sənaye müəssisələrində çalışacaq ixtisaslı kadrlara tələbat artacağını deyən ASK-nın baş katibi bu işdə konfederasiyanın da üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.
 
Bu günədək  Təhsil Nazirliyinin peşə təhsili sahəsində önəmli layihələr həyata keçirdiyini, bu tədbirlərdə də ASK-nın əməkdaşlarının iştirak etdiyini dilə gətirən M.Əfəndiyev artıq bir neçə peşə təhsili məktəblərinin vəziyyətinin ürəkaçan olmasını, bu məktəbləri bitirən məzunların iş tapmaq problemi olmadığını da sevindirici hal hesab edib.
 
Görüş  zamanı çıxış edən iştirakçılar bildirib ki, son illər ölkəmizə  xarici mütəxəssis axını müşahidə olunur və onlar da yüksək məvacibli işlərə cəlb olunur. Mütəxəssislər isə bu tendensiyanın  qarşısını almağın yeganə yolunu onların  müasir texnologiyalara bələd olan yerli kadrlarla əvəz edilməsində gördülər.
Təhsil Nazirliyinin rəsmisi Zakir Əhmədov qeyd edib ki, bu  sahədə daha yüksək nəticələrin əldə olunması üçün özəl sektor da maraqlı olmalıdır. Gələcəkdə yerli bazarı təmin edəcək kadrların tapılmasında müəyyən problemlər yaşanmasın deyə,  özəl sektorla təhsil müəssisələri birgə fəaliyyət göstərməlidirlər.
Daha sonra komissiyanın əsasnaməsinin layihəsi  iştirakçılara təqdim olunub, komissiyanın növbəti görüşünədək təkliflərin yazılı şəkildə konfederasiyaya təqdim olunması məqsədəuyğun hesab olunub. Eyni zamanda texniki peşə təhsilinin təşkili və bu sahədə işin yaxşılaşdırılması ilə bağlı təkliflərin verilməsi iştirakçılardan xahiş olunub.
 
Qeyd edək ki, komissiyanın növbəti yığıncağının bu ayın 30-da  keçirilməsi nəzərdə tutulur.
 
SEYMUR

 
 



Baxış sayı: 687

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024