12px13px15px17px
Tarix:08/11/13

Səhiyyə Nazirliyi: “Distant təhsilin inkişaf etdirilməsi tibb xidmətinin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq”

Dövlət siyasətinə uyğun olaraq, informasiya texnologiyalarının bütün sahələrdə, o cümlədən diplomdansonrakı tibb təhsilində tətbiqi öz bəhrəsini verir. Bu barədə məlumat verən Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, 2009-cu ildə Səhiyyə Nazirliyinin sifarişi əsasında Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə Rusiya Federasiyası Diplomdansonrakı Təhsil Akademiyası arasında təhsil və elmi-pedaqoji kadrların hazırlanması sahəsində müqavilə imzalanıb: “Bu əməkdaşlıq durmadan genişlənir.
 
Müqaviləyə əsasən, adı çəkilən tədris müəssisəsinin kafedralarının aparıcı mütəxəssisləri Bakı şəhərinə ezam olunaraq tələbat hiss olunan ixtisas və mövzular üzrə yerli həkimlər üçün təkmilləşmə kursları keçirirlər. Hazırda 600-dən çox müdavim bu kurslarda təhsil alıb. Əməkdaşlığın digər istiqaməti institutun gənc, perspektivli müəllim heyətinin Moskva şəhərinə ezam olunaraq orada müxtəlif aktual mövzularda hazırlıq kurslarını keçməsidir. Bu kurslarda əməkdaşlarımız tərəfindən əldə edilən müasir bilik və bacarıqlar tədris prosesinə müvəffəqiyyətlə tətbiq olunur, eyni zamanda müvafiq kafedralar arasında əlaqələr formalaşır”. Artıq müqavilə çərçivəsində beynəlxalq distant tədrisə start verilib:
 
“Belə ki, 05.11.13 - 22.11.13-cü il tarixlərində ilk dəfə olaraq 20 nəfər həkim-endokrinoloqumuz üçün RDSTA professor-müəllim heyətinin iştirakı ilə Moskva şəhərindən translyasiya olunan distant kurslar təşkil olunub. Kursların müəyyən hissəsində RDSTA əməkdaşları Bakıya gələrək buradan həm yerli kadrlar üçün, həm də Rusiya həkimləri üçün distant məşğələləri paralel davam etdirəcəklər və bunu həyata keçirmək üçün institutumuzda bütün texniki imkanlar yaradılıb. Tədrisin bu cür təşkili onun keyfiyyətini müasir standartlara çatdırmağa imkan verir. Məlum olduğu kimi, bütün dünya miqyasında cərrahiyyədə mini-invaziv endoskopik müalicə üsulları tibbi praktikaya geniş tətbiq olunur.
 
Respublikamızda bu sahədə xeyli işlər görülüb. Lakin bu mütəxəssislərin hamısı xarici ölkələrdə xüsusi hazırlıq kursları keçmiş və buna böyük vəsait sərf olunub”. Bunlara baxmayaraq, endoskopik müalicə metodlarını mənimsəmiş həkimlərə böyük ehtiyac hiss olunur. Tələbat nəzərə alınaraq Respublikada ilk dəfə “Laparoskopik treninq” kurslarının keçirilməsi təmin edilib. Bu kurslarda tədris zamanı həkimlərin zəruri bilik və praktik vərdişlərə yiyələnməsi üçün xüsusi simulyatorlar əldə olunub. Belə avadanlıqlarda kifayət qədər məşq keçmiş müdavim kafedra bazasında müəllimlərin iştirakı ilə aparılan əməliyyatları distant təhsil üçün istifadə olunan texnikanın vasitəsilə dərs otaqlarından canlı izləyir, sonradan isə bu əməliyyatlarda şəxsən iştirak edərək onları sərbəst yerinə yetirmək bacarığı əldə edirlər. Kursu müvəffəqiyyətlə bitirmiş müdavimlərə bu bacarığı təsdiqləyən dövlət şəhadətnaməsi veriləcək ki, bunun əsasında onlar çalışdığı müəssisələrdə belə əməliyyatları etmək hüququ qazanacaqlar:
 
 “Hesab edirik ki, institutda distant təhsilin inkişaf etdirilməsi və yüksək ixtisaslı mütəxəssislərin bu prosesə cəlb olunması tədrisin səviyyəsinin və son nəticədə bölgələrdə əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq”.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1267

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024