12px13px15px17px
Tarix:15/11/13

Akif Əlizadə: “Dövlət ölkədə elmin innovativ inkişafına və beynəlxalq elmi cəmiyyətə inteqrasiyasına böyük qayğı göstərir”

Dövlət ölkədə elmin innovativ inkişafına və beynəlxalq elmi cəmiyyətə inteqrasiyasına böyük qayğı göstərir. Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə  Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimovla görüşündə bildirib.
 
 AMEA Rəyasət  Heyəti  Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Azərbaycan alimlərinin I qurultayının birgə təşkili ilə bağlı müzakirə aparılıb. Söhbət zamanı akademik Akif  Əlizadə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimlərlə qarşılıqlı əlaqələrin gücləndirilməsi və müxtəlif elmi-innovativ təşəbbüslərin əlaqələndirilməsi baxımından qurultayın keçirilməsinin zəruriyyətindən danışıb. Onun sözlərinə görə, ölkə rəhbərliyinin elmin innovativ inkişafı istiqamətində siyasəti AMEA qarşısında müəyyən vəzifələr qoyur. Akademiyanın qurultayla bağlı təşəbbüsü məhz həmin vəzifələrin icrası ilə əlaqədardır. N.İbrahimov isə komitənin dünya azərbaycanlıları ilə iş üzrə təcrübəsinə əsaslanaraq qeyd edib ki, qurultayın təşkili çərçivəsində müvafiq ictimai birliyin təsis olunması məqsədəuyğundur. Bu, dünyadakı alim soydaşlarımızın təşkilatlanması üçün də faydalı ola bilər.
 
 
Qeyd edək ki, qurultayın dövlət səviyyəsində təşkili məqsədi ilə ölkə rəhbərliyinə müraciət etmək nəzərdə tutulur. 2014-cü il aprel ayının ortalarında keçirilməsi nəzərdə tutulan tədbirə xarici ölkələrdən 200-ə yaxın azərbaycanlı alimin cəlb olunması fikri irəli sürülüb.


Həqiqət İSABALAYEVA




Baxış sayı: 661

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024