12px13px15px17px
Tarix:19/11/13

ƏMDK yeni elektron xidmət təqdim edəcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən e-xidmətlər istiqamətində növbəti yenilik tətbiq ediləcək. Sözügedən yenilik daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslara real vaxt rejimində (onlayn) verilməsindən ibarət olacaq.
 
 Bu barədə komitənin mətbuat xidmətindən məlumat verilib. Yeni mexanizmə görə, daşınmaz əmlakla bağlı məlumatları vətəndaşlara əmlak alqı-satqısı zamanı notariat idarələrində Əmlak Məsələləri Dövlət Komitəsinin məlumat bazası vasitəsilə birbaşa vermək imkanı yaranacaqdır. Bu arayışların onlayn rejimdə verilməsi məmur-vətəndaş ünsiyyətinin aradan qalxmasına, lazımi sənədlərin onlayn əldə olunmasına, vaxta böyük qənaət olunmasına, bununla da vətəndaşların bu xidmətdən optimal faydalanmasına gətirib çıxaracaq:
 
 “Görülmüş uğurlu işlərin əyani sübutu kimi, Dünya Bankı və Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing-Business 2014” hesabatında Azərbaycanın daşınmaz əmlakın qeydiyyatına görə reytinqdə ön sırada yer tutması vurğulanmalıdır. Azərbaycanın reytinqdə məhz ön sıralarda olmasının mühüm səbəbi son dövrlər daşınmaz əmlakın qeydiyyatı sahəsində gedən sürətli inkişaf, müasir informasiya-kommunikasiya texnologiyalarının və modern idarəetmə sistemlərinin tətbiqi, qeydiyyat prosedurlarının sadələşdirilməsidir”.

 
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Gəncə və Şəkinin seçilmiş pilot ərazilərinin elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri yaradılması işi yekunlaşıb. Bakı şəhərinin 5 rayonu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər) üzrə daşınmaz əmlaklar haqqında mükəmməl elektron kadastr məlumat bazasının yaradılması və bu rayonların rəqəmsal kadastr xəritələrinin tərtibi üzrə işlər görülüb. Həmçinin respublikanın 53 şəhər və rayonu üzrə sadə modelli elektron kadastr məlumat bazasının yaradılması ilə bağlı işlər həyata keçirilib.
 
 
Müasir dövrün əsas tələblərindən biri də sürətlə genişlənən informasiya-kommunikasiya texnologiyalarının tətbiqidir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 2013-cü ilin “İnformasiya-kommunikasiya ili” elan edilməsi bu prosesə böyük təkan verib. Əmlak Məsələləri Dövlət Komitəsi də şəffaflığın və operativliyin təmin olunması, elektron əmlak idarəçiliyi sisteminin qurulması məqsədilə müasir informasiya texnologiyalarını tətbiq edir və bu istiqamətdə işləri sürətlə genişləndirir.
 
 
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının təmin olunması məqsədilə komitə ötən ildən elektron xidmətlərin tətbiqinə başlayıb. Bu ildən etibarən isə belə xidmətlərin tətbiqi genişləndirilib və keyfiyyət dərəcəsi artırılıb.
 
 
Hazırda 16 elektron xidmət vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir. Bu xidmətləri özündə cəmləşdirən portal istifadəyə verilib. Artıq bu xidmətlər sayəsində vətəndaşlar birbaşa öz evlərindən, heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün internet vasitəsilə onlayn müraciət edə bilirlər. Portalın istifadəyə verilməsi əhaliyə daha çevik, şəffaf, operativ və etibarlı xidmətlərin göstərilməsini təmin edir.
 
 
Elektron xidmətlərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması, məhdudiyyət (yüklülük) arayışının alınması, ipotekanın və lizinqin qeydiyyatı, daşınmaz əmlak obyektlərinin ünvanları barədə arayışların alınması üçün elektron müraciətlərin qəbulu, dövlət əmlakının qorunması və istifadəsi vəziyyəti barədə illik xüsusi hesabatların elektron qəbulu kimi interaktiv və informativ xidmətlər daxildir.  

Bu xidmətlərdən bir çoxu “Elektron hökumət” portalına inteqrasiya edilib: “Artıq onların vasitəsilə Bakı və respublikanın müxtəlif bölgələrindən 7500-ə yaxın müraciət daxil olub. Hazırda elektron xidmətlərin sayının artırılması üzərində işlər aparılır. Dövlət əmlakının özəlləşdirilməsi və hərracların keçirilməsi sahəsində yeni elektron xidmətlərin təşkilinə dair təkliflər hazırlanır. Komitə tərəfindən daha 11 elektron xidmətin təşkili və istifadəyə verilməsi nəzərdə tutulur. Əsas hədəf vətəndaşlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək, bu sahədə şəffaflıq və çevikliyi daha da artırmaqdır. Nəticə etibarilə məqsəd dövlət tərəfindən aparılan ictimai etimad və vətəndaş məmnunluğunun daha da gücləndirilməsi xəttinə töhfə verməkdir”.
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 930

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024