12px13px15px17px
Tarix:20/11/13

Sosial şəbəkədə dövlət qurumları və təşkilatları arasında ən böyük istifadəçi aktivliyi “Elektron hökumət” portalındadır

Bu gün Azərbaycandakı dövlət qurumlarının hər birinin rəsmi internet saytı mövcuddur. Ölkədə "Elektron hökumət" layihəsinin icra edildiyi bir vaxtda bütün dövlət qurumları çalışırlar ki, rəsmi saytlarını daim aktiv nəzarətdə saxlasınlar. Hətta elə qurumlar və təşkilatlar var ki, onlar vətəndaşları maraqlandıran problemləri onlayn həll etməyi, aylarla növbəyə yazılıb görüşməkdən daha üstün tuturlar.
 
Bu prinsip hazırda vətəndaşların böyük əksəriyyəti tərəfindən dəstəklənir. Vətəndaşlar da fikirləşirlər ki, texnologiyanın inkişaf etdiyi bir dövrdə, hər hansı bir dövlət müəssisəsində onu maraqlandıran suala cavab almaq üçün, süründürməçiliklə üzləşməkdənsə, həmin təşkilatlarla elektron vasitələrlə əlaqə saxlamaq daha uyğundur.
 
Vətəndaşlara rahat şəraiti yaratmaq üçün əksər dövlət qurumları "Elektron hökumət" layihəsi çərçivəsində maksimum sürətlə təqdim etdikləri xidmətləri elektronlaşdırmağa çalışırlar. Bu gün dövlətin əsas siyasətindən biri də hökumət və vətəndaş münasibətlərini elektron müstəvidə həll etməkdən ibarətdir. O cümlədən, vətəndaşların müraciət və sorğularının operativ cavablandırılması üçün əksər dövlət qurumlarının saytları ilə yanaşı, rəsmi "Facebook" səhifəsi də fəaliyyət göstərir. Apardığımız araşdırma zamanı məlum oldu ki, "Facebook" vasitəsilə vətəndaşlarla daha aktiv işləyən qurumlar Azərbaycan Respublikası Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, "Elektron hökumət" portalı və "ASAN xidmət"dir. Adlarını çəkdiyimiz dövlət qurumları "Facebook"da vətəndaşların ünvanladığı heç bir sualı cavabsız qoymurlar.
 
 
Ümumiyyətlə, bu gün Azərbaycanda "Facebook" istifadəçilərinin sayı təxminən bir milyon yarıma yaxındır. Söz yox ki, bunların arasında fake (saxta) profillər də mövcuddur. Azərbaycanda bu gün ən çox istifadəçi toplamış "Facebook" səhifəsi məhz Azərbaycan adlanır. "Azərbaycan" səhifəsinə üzv olan istifadəçilərin sayı artıq 500 min nəfəri ötüb. 2008-ci ildə yaradılmış Azərbaycan səhifəsinin əsas məqsədi Vətənimiz Azərbaycana aid məlumatlar, ölkəmizin görməli yerlərinin fotoşəkillərinin paylaşılması, gənclərimizin vətənpərvər ruhda tərbiyələndirilməsi istiqamətində materialların yerləşdirilməsidir.
 
Səhifədə əsas etibarilə Azərbaycanda tarixi hadisələrin baş verdiyi günlərdə, görkəmli şəxsiyyətlərimizin, o cümlədən Azərbaycan Respublikası Milli Qəhrəmanlarının doğum günlərində həmin mövzularda materiallar yerləşdirilir. Bundan başqa, səhifədə ölkəmizin rayonları, şəhərləri, tarixi yerləri və turizm mərkəzlərinin fotoşəkillərinin paylaşılması ilə həmin sahələrə marağın artırılması da mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda dövlət xadimləri arasında lider "Facebook" səhifəsi ölkə başçısı İlham Əliyevindir. Səhifəni 267 000-dən artıq istifadəçi bəyənib. Növbəti yeri 180 000 istifadəçi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəsmi səhifəsi tutur. Üçlüyü isə 97 000 istifadəçi sayı ilə ölkənin birinci xanımı Mehriban Əliyevanın adına olan səhifə tutur. Dövlət qurumları və təşkilatları arasında birinci yerdə 98000 istifadəçi ilə "Elektron hökumət" portalının rəsmi "Facebook" səhifəsi dayanır. İkinci yerdə 94 500 istifadəçi ilə "ASAN xidmət" mərkəzinin rəsmi "Facebook" səhifəsi qərarlaşır. Üçlüyü isə 43 000 izləyici ilə TQDK-nın rəsmi "Facebook" səhifəsi tamamlayır.
 
Ən tanınmış digər dövlət qurumları "Facebook"dakı istifadəçi sayına görə məhz bu cür sıralanır:
Milli Sertifikat Xidmətləri Mərkəzi (e-imza) 33 500
 
Dövlət Neft Şirkəti – 33 000
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi  20 000
Vergilər Nazirliyi 16 000
Səhiyyə Nazirliyi 12000
Təhsil Nazirliyi 10 000
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi  10 000
AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya  5000
Strateji Araşdırmalar Mərkəzi  4 300
Diasporla İş üzrə Dövlət Komitəsi  3000
Milli Təhlükəsizlik Nazirliyi 2300
Azərbaycan Respublikasının Baş Prokurorluğu 1 500
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 1200
İqtisadiyyat və Sənaye Nazirliyi  820


Statistikadan da aydın olur ki, dövlət qurumları və təşkilatları arasında ən böyük istifadəçi aktivliyi "Elektron hökumət" portalındadır. Bu da onu göstərir ki, vətəndaşlar "Elektron hökumət" layihəsindən daha çox razıdırlar və buna tələbat böyükdür. Elektron xidmətlər vətəndaşların problemlərini daha operativ və ədalətli həll edən bir mexanizmdir.
 
Elektron xidmətlərə ölkədə marağın bu cür artdığını görüb, "Elektron hökumət" portalının rəsmi "Facebook" səhifəsi ilə maraqlandıq. 98 000-dən çox üzvü olan səhifə 2012-ci ilin 11 oktyabr tarixindən "Facebook"da fəaliyyət göstərir. Bu müddət ərzində səhifədə "Elektron hökumət"lə bağlı həyata keçirilən yeniliklər paylaşılmış və vətəndaşları maraqlandıran bütün suallara cavab verilib. Bu proses bu gün də davam etdirilir. Elektron xidmətlərlə bağlı istənilən yeniliyi ilk olaraq rəsmi səhifə vasitəsilə əldə etmək mümkün olur.
 
Səhifənin baş admini Vüqar Abdullayevin sözlərinə görə, nəzərə alınsa ki, "Elektron hökumət" anlayışı vətəndaşlarımız üçün yeni bir anlayışdır, belə olduğu təqdirdə ortaya çıxan çoxsaylı sualların operativ cavablandırılması bizim əsas məqsədlərimizdən birinə çevrilmişdir və əlbəttə ki, bu kimi məsələlərin həyata keçirilməsində sosial şəbəkələr müasir dövr üçün ən uyğun vasitələrdən biri hesab edilə bilər. Həmçinin onu da əlavə etdi ki, çox qısa bir zamanda səhifənin izləyici sayı 100 000-ni aşacaq və belə olduğu halda səhifəyə marağı daha da artırmaq üçün fərqli yeniliklər tətbiq olunacaq.
 
 



Baxış sayı: 1380

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024