12px13px15px17px
Tarix:28/11/13

“Bakutel-2013” sərgisinin ziyarətçiləri “Elektron hökumət” portalından qeydiyyatdan keçməklə “e-imza” kartına pulsuz sahib olacaqlar


Bu il bir çox yenilikləri ilə diqqət çəkəcək 19-cu “Bakutel” sərgisinin ziyarətçiləri üçün daha bir sürpriz nəzərdə tutulur. Belə ki, “Bakutel-2013” sərgisində  ziyarətçilər “Elektron hökumət”  portalı stendində qeydiyyatdan keçməklə “e-imza” kartına pulsuz sahib olma imkanı əldə edəcəklər.
 
Vətəndaşların elektron xidmətlərə artan marağını nəzərə alaraq, eyni zamanda “Elektron hökumət” portalından istifadənin daha da genişləndirilməsi məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən sərgidə “Elektron Hökumət Portalı” pavilyonu quraşdırılacaq.
 
Pavilyona müraciət edən vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməklə sadələşdirilmiş kod-parol əldə edə biləcəklər. Bundan sonra vətəndaş yalnız pavilyon ərazisindən “www.e-gov.az” portalına daxil olaraq, elektron imza alınması üçün “Vətəndaşlar üçün elektron imza sertifikatları sifarişi”  onlayn müraciət formasını dolduracaq və ödənişsiz olaraq sifariş edəcək. Müraciət forması qəbul olunduqdan sonra pavilyonda qısa zaman müddətində vətəndaşın adına olan e-imza vəsiqələri hazırlanaraq, kart oxuyucu ilə birlikdə onlara təqdim ediləcək.
 
 
Beləliklə, vətəndaş  Sertifikat Xidmət Mərkəzinə getmədən “e-imza” kartını  pulsuz əldə edəcək. Bunun üçün isə vətəndaşın yalnız şəxsiyyət vəsiqəsi ilə sərgidə  “Elektron hökumət” portalına ayrılmış pavilyona yaxınlaşması  kifayətdir. Bu yeniliklər yalnız sərgi ziyarətçilərinə şamil ediləcək.
 
 
Qeyd edək ki, elektron xidmətlərdən istifadənin genişləndirilməsi istiqamətində yaradılan imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafə”ni maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.
 
 Elektron xidmətlərin genişləndiyi bugünkü informasiya cəmiyyətinin vacib elementlərindən biri məhz elektron imzadır. Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir və elektron imza - elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Elektron imza sahibinə bir çox üstünlüklər qazandırır ki, burada ilk növbədə vaxta qənaəti qeyd etmək olar. Bundan başqa, sənədlərin imzalanmasının daha rahat yolla həyata keçirilməsi, işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsində e-imza əvəzsizdir. Məxfilik, bütünlük, tanınma, inkaredilməzlik, yəni məsuliyyətdən yayınmanın mümkünsüzlüyü də e-imzanın əsas üstünlükləridir.
 
Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq, eyni imkanlar əldə edirlər. Elektron imzanın istifadəsi zamanı sənədlər adi kağız sənədlər kimi hüquqi qüvvəyə malik olur.
 
Elektron imzanın elektron sənəd dövriyyəsində tətbiqi rəsmi yazışmaların elektron formada həyata keçirilməsi və etibarlılığın artırılması; elektron kommersiyanın inkişafına nail olunmasına; dövlət və vətəndaş, dövlət və sahibkar; dövlət və dövlət orqanları arasında münasibətlərdə şəffaflığa; kargüzarlıq əməliyyatlarına sərf olunan vaxta qənaət olunması və iş prosedurunun sistemləşdirilməsinə xidmət edir. Bir sözlə, məmur qapılarında qalmaqdan yorulmusunuzsa, şəffaflıq axtarışındasınızsa, vaxtınızı qızıldan qiymətli dəyərləndirirsinizsə, o zaman e-imza kartına sahib olmağa tələsin.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1394

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024