12px13px15px17px
Tarix:29/11/13

“Bakutel 2013” sərgi-konfransına dair mətbuat konfransı keçirilib


 
 
Noyabrın 29-da “Hilton Baku” mehmanxanasında “Bakutel 2013” 19-cu Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib.
 
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə 2 - 5 dekabr tarixində keçiriləcək telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri  - “Bakutel”də gözlənilən yeniliklərdən söz açıb.
 
Bildirilib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə əlaqədar olaraq, “Bakutel 2013” sərgisində son illər Azərbaycanda İKT sahəsində əldə olunan nailiyyətlər nümayiş etdiriləcək.
 
Dünyanın 28-dən çox ölkəsindən, o cümlədən Belarus, Çin, Malayziya, Rusiya, Sloveniya, ABŞ, Ukrayna, Yaponiya və digər ölkələrdən 269 şirkət sərgidə iştirakını təsdiqləyib. Ənənəvi olaraq, aparıcı İKT şirkətləri, Azərbaycanın mobil  rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur markaların distribüterləri sərgidə çıxış edəcəklər. Builki sərginin fərqləndirici cəhəti çoxsaylı milli stendlərin iştirakı olacaq və bu stendlər sərgidə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə iştirak edirlər. Belarus, Macarıstan, İsrail, İspaniya, Kanada, Latviya, Litva, Fransa, Xorvatiya, Estoniya və bir sıra digər ölkələrin milli stendləri də sərgidə geniş şəkildə təqdim olunacaq. Əfqanıstan, İtaliya, İraq və ABŞ-dan olan milli qruplar isə sərgidə ilk dəfə iştirak edəcəklər.
 
Bu il “Bakutel” sərgisinin baş sponsoru sərginin daimi iştirakçısı, habelə informasiya texnologiyaları sahəsində ən böyük amerikan şirkətlərindən biri olan “HP” şirkətidir.
 
 
Sərgidə “Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi, Azərbaycanın kosmik sənayesi və Azərbaycanda İT texnoparkının yaradılması layihəsi öz əksini tapacaq. Bu il Azərbaycanda vüsət alan “startup” hərəkatına böyük diqqət yetirmək nəzərdə tutulur və Bakı Ekspo Mərkəzində onların təqdimatı üçün xüsusi olaraq ayrılmış zonalardan əlavə, “Azərbaycanda milli “startup”ların dəstəklənməsi” mövzusunda konfrans keçiriləcək.
 
 
Bu il sərgi təkcə iştirakçıların sayına görə deyil, həm də sərgi çərçivəsində keçirilməsi nəzərdə tutulan tədbirlərin sayına görə ən zəngin sərgi olacaq. Belə ki, bu tədbirlər sırasında internetin inkişafı, kibertəhlükəsizlik, internetin Azərbaycanda təkamülü və regional inkişafı mövzularında müxtəlif seminar və konfranslar, “TASİM” konsorsiumunun əsas telekommunikasiya operatorlarının illik forumu, Azərbaycan-ABŞ İKT forumu, BMT-nin Asiya və Sakit okean ölkələri üçün iqtisadi və sosial komissiyasının “SPECA” layihəsinin işçi qrupunun “Biliyə əsaslanan iqtisadiyyatın inkişafı” mövzusunda iclasları, Azərbaycanda dövlət və özəl İKT sektorları arasında tərəfdaşlıq üzrə mütəxəssis mərkəzinin yaradılması ilə əlaqədar olan tədbir yer alır. “Bakutel” sərgisinin mühüm tədbirlərindən biri Dünya Azərbaycanlılarının I Virtual Konfransı olacaq. Sözügedən tədbirlər çərçivəsində bu sahənin beynəlxalq strukturları ilə bir sıra memorandumların imzalanması baş tutacaq.
 
 
Azərbaycanda “İKT ili” ilə əlaqədar olaraq, sərgidə ziyarətçi və iştirakçılar üçün xüsusi proqram nəzərdə tutulub. Hər yerdə bayram əhval-ruhiyyəsi hiss olunacaq. Bakı Ekspo Mərkəzinin ziyarətçiləri və sərgi iştirakçıları üçün çoxlu sürpriz, müsabiqə və viktorinalar hazırlanmışdır.
 
 
Burada hər kəs lazer şousunun iştirakçısı ola biləcək. Zalların birində ən yeni texnoloji vasitələrdən istifadə etməklə xüsusi oyun zonası quraşdırılacaq. Ziyarətçiləri isə xüsusi olaraq sərgi qonaqlarını salamlamaq üçün “Bakutel” sərgisinə gəlmiş dünyaca məşhur “Titan” robotu qarşılayacaq.
 



Baxış sayı: 852

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024