12px13px15px17px
Tarix:02/12/13

“Bakutel” Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri

Bu gün  Bakı Ekspo Mərkəzində telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri - "Bakutel 2013" sərgisinə start verilib . Sərgi keçirildiyi illər ərzində yüksək texnologiyalar sahəsində əldə olunan nailiyyətlərin nümayişi üçün mühüm meydançaya çevrilib. "Bakutel" sərgisinin inkişafı Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin uzun illər dəstəyi sayəsindədir.
 
Keyfiyyətə beynəlxalq qiymət
 
Sərginin yüksək nüfuzu beynəlxalq və sahəvi qurumların, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) və Regional Rabitə Birliyinin (RRB)  nümayəndələrinin mütəmadi iştirakı, habelə Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) keyfiyyət nişanı ilə təsdiq olunur.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib. "Bakutel 2013" sərgisinin bütün ekspozisiyasında bu məqam xüsusi olaraq nəzərə çarpır. Sərgi çərçivəsində çoxsaylı işgüzar görüşlər, müxtəlif toplamlar, habelə sərgi ziyarətçiləri üçün çoxsaylı maraqlı tədbirlər keçirilir və bu tədbirlərdə  yüksək vəzifəli qonaqlar iştirak edirlər. 
 
 
"İKT ili"ndə 35 faiz də genişlənən sərgi meydançası dünyanın 27 ölkəsindən 300 şirkəti bir araya gətirib
 
Sahənin artmaqda olan potensialının göstəricilərindən biri sərgi meydançasının bu il 35% genişləndirilərək yerli iştirakçılarla yanaşı  dünyanın 28 ölkəsindən 300 şirkəti bir araya gətirməsidir. Bu əlamətdar ildə "Bakutel" sərgisi ilk dəfə olaraq Bakı Ekspo Mərkəzinin ümumilikdə 12000 m2 olan üç zalı və foyesini əhatə edir. Foyedə yerləşən Azərbaycanın milli pavilyonunda son illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirdiyi işlər haqqında ətraflı məlumat, eləcə də sahənin inkişafı üçün gələcək planlar təqdim olunur.
 
 
"Bakutel"də ilk dəfə Birləşmiş Millətlər Təşkilatının pavilyonu da yer alır
 
Burada İKT sahəsini əks etdirən layihələrin nümayişi ilə yanaşı, ilk dəfə olaraq Bakıdakı sərgidə öz stendi ilə iştirak edən Birləşmiş Millətlər Təşkilatının (BMT) pavilyonu da yerləşir.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə təşkil olunmuş milli pavilyonların sərgidə fəal iştirakı artıq "Bakutel" sərgisinin ənənəsinə çevrilir. Bu il 15 ölkə milli pavilyonu ilə (Belarus, Macarıstan, İsrail, İspaniya, Kanada, Latviya, Litva, Fransa, Xorvatiya, Estoniya və s.) sərgidə İKT sahəsində Azərbaycan və bütün Xəzər regionu üçün innovativ olan maraqlı proqramların, habelə məhsul və xidmətlərin təqdimatını keçirirlər. Əfqanıstan, İtaliya və ABŞ-dan olan milli qruplar isə sərgidə ilk dəfə iştirak edirlər.
 
Sərgidən sevindirici fakt
 
Həmçinin, aparıcı İKT şirkətləri, Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və distribyutorlar da sərgidə fəal təmsil olunur. Sərgi eksponentlərinin 40%-i daimi iştirakçılardır. Sərginin keçirildiyi müddət ərzində yerli şirkətlərin hər il artması və bu il bütün iştirakçıların 30%-ni təşkil etməsi həm sevindirici hal, həm də əsas nailiyyətdir.
Dörd gün ərzində sərgi ekspozisiyası telekommunikasiyalar və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlıqları və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları seqmentlərini əhatə edəcək.
 
Azərbaycanın birbaşa iştirak etdiyi beynəlxalq və yerli İKT layihələri nümayiş olunur
 
Sərgidə Azərbaycanın birbaşa iştirak etdiyi İKT sahəsində çoxsaylı beynəlxalq və yerli layihələr öz əksini tapır. Bu cür layihələrə Trans-Avrasiya Super İnformasiya Magistralı ("TASIM") və Avropa İran Sürətli Magistralının (EPEC) çəkilməsi, Azərbaycanda Yüksək Texnologiyalar parkının yaradılması, peyk layihələrini misal göstərmək olar. Əvvəllər olduğu kimi, sərgidə kosmik sənaye, yerüstü peyk idarəetmə mərkəzinin fəaliyyətinin  yaradılmasının və kadrların hazırlanması sahələrinə xüsusi diqqət yetirir. Belə ki, "Azərkosmos" şirkətinin stendində milli telekommunikasiya peykinin fəaliyyətnin gələcək illərdəki planları əks olunur. Sərgidə əhaliyə göstərilən dövlət xidmətlərinin təqdim olunması üçün yaradılmış  "ASAN Xidmət" mərkəzlərinin fəaliyyəti nümayiş olunur.
 
Gənc istedadlara "Bakutel" sərgisindən yaşıl işıq
 
"Bakutel" sərgisinin ənənələrindən biri də Azərbaycanda və regionda İKT sahəsinin ən böyük tədbiri çərçivəsində gənc mütəxəssislər üçün öz ideyaları , habelə yaratdıqları proqram məhsullarının və xidmətləri açmaq imkanının yaradılmasıdır. Bununla əlaqədar olaraq, sərgidə təşkilatçıların və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə stendlərdə "start-up"larla təmsil olunur. Bu il 11 gənc mütəxəssis öz yeni həllərini nümayiş etdirir.
 
 
Bütün İKT mütəxəssislərini bir araya gətirəcək zəngin işgüzar proqram
 
Builki sərginin fərqləndirici cəhəti "Bakutel" sərgisinin keçirildiyi müddətdə bütün İKT mütəxəssislərini bir araya gətirəcək zəngin işgüzar proqramın olmasıdır. Proqrama internetin Azərbaycanda təkamülü və regional inkişafı mövzularında müxtəlif seminar və konfranslar, "Azərbaycan-İsrail", "Azərbaycan-ABŞ" İKT forumları daxildir. İşgüzar proqramın əsas tərkib hissəsi isə beynəlxalq əməkdaşlığa həsr olunmuş tədbirlər - "TASIM" konsorsiumunun əsas telekommunikasiya operatorlarının illik forumu, BMT-nin Asiya və Sakit okean ölkələri üçün iqtisadi və sosial komissiyasının "SPECA" layihəsinin işçi qrupunun "Biliyə əsaslanan iqtisadiyyatın inkişafı" mövzusunda iclası, Azərbaycanda dövlət və özəl İKT sektorları arasında tərəfdaşlıq üzrə mütəxəssis mərkəzinin yaradılması ilə əlaqədar olan tədbirlərdən ibarətdir. Dünyanın 20-dən çox ölkəsindən 50-dən artıq nümayəndə heyətini bir araya gətirən "Kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq: problemlər və perspektivlər" mövzusunda konfrans Azərbaycan üçün mühüm tədbirə çevrilib. Bu gün Dünya Azərbaycanlılarının I Onlayn Konfransı keçirilib, 2 dekabr tarixində işə başlayan  I Regional İnternet İdarəçilik Forumu isə dekabrın 4-dək davam edəcək.
 
Ölkədə ilk dəfə yerli İKT şirkətlərindən birinin səhmlərinin İPO yolu ilə satış planı açıqlanacaq
 
"Bakutel" zamanı əlamətdar hadisələrdən biri də Azərbaycan İKT sektorunda fəaliyyət göstərən şirkətlərdən birinin ölkədə ilk dəfə olaraq səhmlərinin İlkin Kütləvi Təklif (IPO) yolu ilə Bakı Fond Birjasında satışa çıxarması planının açıqlanmasıdır."İKT ili" ilə əlaqədar olaraq, "Bakutel" sərgisinin daha parlaq və zəngin olacağı gözlənilir. Belə ki, təşkilatçılar "B2B" formatında keçirilən işgüzar atmosferi rəngarəng müsabiqələr, lotereyalar, mükafatlar və virtual yarışlarla daha da zənginləşdirəcək əlavə tədbirlər planlaşdırmışlar. İlk gün ziyarətçilər köhnəlmiş İKT detallarından istifadə edilməklə hazırlanan geyimlər şousunu izləyəcəklər.
 
 
İstirahət zonasında dincəlmək və öz təəssüratlarını bölüşmək də mümkündür
 
Üçüncü pavilyonda yerləşdirilmiş oyun zonasında hər bir şəxs lazer simlərdə və X-boks oyunlarında iştirak edə bilərlər. Sərginin ziyarətçilərini isə öz şou proqramı ilə MDB ölkələrində ilk dəfə Azərbaycan sərgisində olan dünyaca məşhur "Titan" robotu qarşılayır. "Titan" HyuCekmanla (HughJackman) birlikdə çox məşhur "Canlı polad" ("Real Steel") döyüş filminin epizodik obrazı olaraq hamı tərəfindən sevilib. Bu robot iri şirkətlərin, məşhur brend və markaların təqdimatlarında, eləcə də Qran-pri Formula 1 yarışında iştirak etmişdir. "Titan" robotu dünya miqyaslı superulduz Rihannanın konsert turnesini də uğurla müşayiət etmişdir. Robot və onun çıxışının vaxtı barədə ətraflı məlumatı sərginin http://bakutel.iteca.az/2013/ veb-saytından əldə edə bilərsiniz. Üçüncü zalda yerləşən istirahət zonasında dincəlmək və öz təəssüratlarını bölüşmək mümkündür. Beləliklə, əlavə tədbirlər öz informasiya zənginliyi, koloriti və müxtəlifliyi ilə xüsusi təntənə və bayram əhval-ruhiyyəsi yaradır.



Baxış sayı: 2060

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Oktyabr 2024

03 10 2024