12px13px15px17px
Tarix:03/12/13

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “BakuTel-2013” sərgisi ilə tanış olub

Dekabrın 2-də Bakı Sərgi Mərkəzində "BakuTel-2013" XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi ilə tanış olub.



 İqtisadi və sosial sahələrin bütün istiqamətlərində davamlı artım tempinə nail olan Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sektorunda (İKT) da dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlib. İKT-nin iqtisadiyyatda artan çəkisi son illər ölkəmizdə bu sahədə beynəlxalq tədbirlər və konfranslar keçirilməsini də şərtləndirib. Artıq ənənəyə çevrilmiş "BakuTel" sərgisi də Xəzər və Qafqaz regionlarında telekommunikasiya, o cümlədən informasiya texnologiyaları sahələrində ən böyük tədbirdir.
Bu il 19-cu dəfə keçirilən "BakuTel" sərgisi ötən illər ərzində telekommunikasiya aləmində mühüm hadisəyə çevrilib. Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı və Regional Rabitə Birliyi nümayəndələrinin mütəmadi iştirakı, həmçinin Dünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanı ilə təsdiq olunması "BakuTel"in nüfuzunu sübut edən amillərdir.

Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyev bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı tərəfindən 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi bunun əyani təzahürüdür. "İKT ili"nin ilk əlamətdar hadisəsi "Azərspace-1" ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması olub. Ölkədə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti bu sahəyə göstərilən diqqətin davamlılığından xəbər verir. Yeni yaradılan İnformasiya Texnologiyaları Universiteti artıq ilk tələblərini qəbul edib.


Builki sərgi və konfransın "İKT ili" çərçivəsində keçirilməsi, onun proqramına kibertəhlükəsizlik üzrə konfransın və digər tədbirlərin daxil edilməsi, aparıcı şirkətlərin daha geniş təmsil olunması tədbirin əhəmiyyətini daha da artırır. Ümumiyyətlə, "İKT ili" "BakuTel-2013" sərgisinin bütün ekspozisiyasında xüsusi olaraq nəzərə çarpır. Sərgiyə marağın artmasını təsdiq edən digər amillər isə builki ekspozisiya meydançasının 35 faiz genişləndirilməsi və "BakuTel-2013"də dünyanın 28 ölkəsindən 300 şirkətin iştirak etməsidir. Sərginin digər fərqləndirici cəhəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə təşkil edilən milli stendlərin say etibarilə daha çox olmasıdır.

Sərgidə hər il fəal iştirak edən ölkələrə bu il ABŞ, İtaliya, Əfqanıstan və bir sıra digər dövlətlər də qoşulub. Sərginin iştirakçıları telekommunikasiyalar və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlığı, proqram təminatı, İT və ofis texnologiyaları seqmentləri, habelə texnoloji yeniliklər və bir sıra digər məhsullar da nümayiş etdirirlər.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dövlətimizin başçısı İlham Əliyevə məlumat verib ki, "BakuTel" sərgisində ilk dəfə olaraq "İnnovativ məhsullar və həllər" adlı Azərbaycan milli pavilyonu yaradılıb. Burada son illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirdiyi layihələr haqında ətraflı məlumat, eləcə də sahənin inkişafı üçün gələcək planlar təqdim olunur. Bildirilib ki, Azərbaycanda əhalinin 70 faizi internet istifadəçisidir. Onların 50 faizi genişzolaqlı xidmətlərdən istifadə edir. Mobil rabitədə hər 100 nəfərə 110 mobil abunəçi düşür, 3G və 4G texnologiyaları tətbiq edilir. Ölkə əhalisi rəqəmsal televiziya yayımı ilə əhatə olunub. "Elektron hökumət" həllərinin tətbiqi, vətəndaşlara təqdim olunan elektron xidmətlərin sayı və bu xidmətlərdən istifadənin səviyyəsi artır. Azərbaycan, həmçinin bir çox regional layihələrin, o cümlədən İKT sahəsində layihələrin təşəbbüsçüsü kimi çıxış edir. Bu layihələrdən biri olan Trans-Avrasiya Super İnformasiya Magistralı-TASİM layihəsi BMT Baş Məclisinin qətnamələri ilə dəstəklənib və onun həyata keçirilməsi üçün Avrasiya Rabitə Alyansının yaradılması istiqamətində mühüm addımlar atılıb. Ölkəmizin EPEG layihəsində iştirakı isə internetə tranzit çıxış imkanlarımızın artmasına səbəb olub.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirilməsinə əsasən Azərbaycan son 10 ildə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk 10 ölkə sırasındadır.
Azərbaycan Prezidenti İlham Əliyevə "Dünya Azərbaycanlılarının onlayn Forumu" haqqında da məlumat verilib. Qeyd edək ki, onlayn konfrans sərgi müddətində davam edəcəkdir. Bunun üçün Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ABŞ, Almaniya, Fransa, Hollandiya, Rusiya, Ukrayna və Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının ofislərində xüsusi avadanlıq quraşdırılıb.

Prezident İlham Əliyev onlayn videokonfrans sistemi vasitəsilə Azərbaycan diaspor nümayəndələri qarşısında çıxış edib:
 

- Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti genişlənir. İndi demək olar ki, Avropanın əksər ölkələrində diaspor təşkilatları vardır. Onlar təşkilatlanıblar, gözəl fəaliyyət göstərirlər. Eyni zamanda, bu gün Amerika Birləşmiş Ştatlarında, MDB məkanında - Ukraynada, Rusiyada, ümumiyyətlə, müxtəlif ölkələrdə azərbaycanlılar təşkilatlanıblar. Bu gün xaricdə yaşayan azərbaycanlılar üçün yeni imkanlar yaradılır. Eyni zamanda, Azərbaycanın dövlət maraqlarının daha da dolğun şəkildə təmin edilməsi üçün diaspor təşkilatlarının rolu çox böyükdür.

Müxtəlif ölkələrə səfərlərimdə xaricdə yaşayan azərbaycanlılarla çoxsaylı görüşlər zamanı bütün bu məsələlər geniş müzakirə edilib. Bakıda keçirilmiş diaspor forumlarında mən öz ürək sözlərimi demişəm. Bir daha demək istəyirəm ki, bu gün güclü diaspor güclü Azərbaycanın imkanlarını genişləndirir. Eyni zamanda, xaricdə yaşayan hər bir azərbaycanlı hesab edirəm, haqlı olaraq qürur hiss keçirir ki, bu gün dünyada güclü Azərbaycan dövləti vardır.

Siz həmişə bilirsiniz və bilməlisiniz ki, sizin arxanızda güclü, güclənən, inkişafda olan, bu gün dünya miqyasında böyük hörmətə malik Azərbaycan dövləti dayanır. Eyni zamanda, sizin fəaliyyətiniz Azərbaycanın dövlət maraqlarının qorunması baxımından bizim üçün çox vacibdir. Bax, bu birlik bizi daha da gücləndirir.

Bu gözəl elektron xidmət vasitəsilə sizinlə bu gün təmasda olmağımdan çox məmnunam. Sizə fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Sağ olun!

Videokonfrans iştirakçıları dövlətimizin başçısına təşəkkür etdilər.
 

"BakuTel-2013" sərgisində ilk dəfə olaraq BMT-nin stendi də yer alıb. Stenddə BMT-nin İnkişaf Proqramı çərçivəsində dörd sahə üzrə Azərbaycan hökuməti ilə əməkdaşlıq layihəsi əksini tapıb. Bunlar demokratik idarəçilik, davamlı inkişaf, qadınlara səlahiyyətlər verilməsi və böhranların qarşısının alınmasıdır.

Stendin qarşısında xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev sərginin digər pavilyonları ilə tanış oldu.
 
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətlərini və geniş çeşiddə məhsulları, həmçinin Sür@ ticarət nişanı ilə 3G mobil internet xidmətlərini istifadəçilərinə təklif edir. Bakcell şəbəkəsi ölkənin əhalisinin 99, ərazisinin isə 92 faizini əhatə edir. Sür@ xidməti yeni tərəfdaşlıqlar vasitəsilə Azərbaycan əhalisini yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin etməkdədir.

Dövlətimizin başçısı "Delta Telekom" MMC-nin fəaliyyətini əks etdirən pavilyonda da oldu. Bildirilib ki, regionun ən iri telekommunikasiya operatorlarından olan "Delta Telekom" rabitə və telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə görə ən etibarlı infrastruktura malikdir. DWDM şəbəkə texnologiyalarında ən yeni nəsil olan ASON/GMPLS əsaslı infrastruktur üzərindən regionun tranzit tutumlarını daşıyan "Delta Telekom" dayanıqlı supermagistrala sahibdir və regionun ən iri internet supermagistralı da "Delta Telekom"a məxsusdur.
 

"AzərFon" MMC 2007-ci ildən fəaliyyət göstərilir. Şirkətin brendi olan "Nar mobile" hazırda Azərbaycanın telekommunikasiya bazarının inkişafında mühüm rol oynayır və xidmət sektorunu daha da genişləndirir. "Nar mobile" Azərbaycanda 3G xidmətlərini göstərən ilk mobil operatordur. Şirkət Azərbaycanda İKT sahəsinin inkişafına misilsiz töhfələr verən və ölkədə mütərəqqi mobil texnologiyaları tətbiq edən ticarət nişanı kimi tanınıb.

Sərgidə "Aztelekom" İstehsalat Birliyi də iştirak edir. Azərbaycanın milli rabitə operatoru olaraq, "Aztelekom" İstehsalat Birliyi tərəfindən fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərilir. Şirkət tərəfindən yeni nəsil informasiya-kommunikasiya texnologiyalarının regionlarda fəal tətbiqinə təkan vermək məqsədi ilə yaradılmış "Aztelekom.NET" internet provayderinin əsas vəzifəsi müasir texnologiyalardan istifadə etməklə yüksək keyfiyyətli və sürətli internetə qoşulmanı təmin etməkdir.

2010-cu ildə "AzQtel" MMC şirkəti tərəfindən yaradılan SAZZ əmtəə nişanı Azərbaycanda "4G Mobile WiMAX" texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti göstərən ən böyük operatordur. SAZZ 4G internet xidmətinə paytaxt Bakı, Sumqayıt, Xırdalan, Mingəçevir şəhərləri, habelə Abşeron yarımadasının qəsəbələri daxildir.
 

Prezident İlham Əliyev "Hitachi" şirkətinin pavilyonunda da oldu. Şirkət müasir texnologiyaların tətbiqi sahəsində geniş nüfuza malikdir.
 

2010-cu ildə yaradılan "Azərkosmos" ASC Qafqaz regionunda fəaliyyət göstərən ilk peyk operatorudur. Bu il Azərbaycanın ilk milli telekommunikasiya peyki "Azərspace-1"in uğurla orbitə çıxarılması ilə şirkət öz müştərilərinə peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet xidmətləri, eləcə də yüksək etibarlı peyk əsaslı rabitə platformaları təqdim etməyə başlaıb. "Azərspace-1" peykinin qabaqcıl dizaynı və yüksək texnoloji göstəriciləri bu gün "Azərkosmos"a Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika regionunda keyfiyyətli peyk xidmətləri göstərməyə imkan verir.

Sərgidə Fransanın "Arianespace" kosmik-raket şirkəti də təmsil olunur. Azərbaycanın ilk telekommunikasiya peyki "Azərspace-1" də məhz bu şirkətin raketdaşıyıcısı ilə orbitə çıxarılıb.

Sonra Prezident İlham Əliyev sərgidə "NEURON Texnologiyası" MMC şirkətinin stendi ilə də tanış oldu. Şirkətin sərgidə nümayiş etdirdiyi spayder xüsusi cihazı dünyada canlı monitorinqi həyata keçirən ən kiçik elektron kardioqram sensorudur. Cihaz xüsusi dizayn olunub və sinəyə yapışdırılır. Dünyada analoqu olmayan bu cihazdan istifadə ölkəmizdə ürək-damar xəstəlikləri səbəbindən baş verən mənfi halların qarşısını ala biləcək yüksək texnologiyalı qabaqlayıcı tədbirlərdən olacaqdır.

Dövlətimizin başçısı Türkiyə Respublikasının stendinə də baxdı. Qeyd edildi ki, qardaş ölkə bu sərginin fəal iştirakçılarından biridir. Budəfəki sərgidə Türkiyənin İKT sahəsində inkişaf etmiş beş şirkəti təmsil olunub.
Əfqanıstan isə bu sərgidə ilk dəfə təmsil olunur. Bu ölkə "BakuTel–2013" sərgisinə xüsusi maraq göstərir.
Sərgidə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN xidmət" mərkəzlərinin səyyar avtobusları və digər nəqliyyat vasitələri nümayiş olunur. "ASAN xidmət" mərkəzi klassik vahid pəncərə prinsipinə əsaslanaraq 9 dövlət orqanının 25 hüquq xidmətinin göstərilməsini təmin edən qurumdur.

Dövlətimizin başçısı "Azərpoçt" MMC-nin səyyar xidmətlərinin təşkilində istifadə olunan avtomobillərə baxdı. Bildirildi ki, vətəndaşlar bu avtomobillərlə poçt xidmətindən geniş yararlana bilirlər.

Sərgidə MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda "Titan" robotu nümayiş etdirilir. Bu robot Tokiodan tutmuş Vankuverə qədər bir çox dünya ölkələrini gəzmiş, Abu-Dabidə "Qran-pri Formula 1" yarışında, eləcə də iri şirkətlərin, məşhur brend və markaların təqdimatlarında iştirak etmişdir. Robot həm hərəkət edir, həm də insanlarla dialoq qurur.

Prezident İlham Əliyev "AzDimension" şirkətinin stendi ilə də tanış oldu. Burada dövlətimizin başçısına yeni milli kompyuter oyunu barədə məlumat verildi. Bu oyun ölkəmizin tarixini öyrənməyə imkan yaradır, gənclərin və yeniyetmələrin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir göstərir.

Sərgidə təmsil olunan PERSECUTOR şirkəti İKT binaları üçün müasir məlumat mərkəzləri və əlaqədar texnologiya infrastrukturu üzrə kompleks xidmətlər təklif edir. 1993-cü ildə yaradılan şirkət bu sahədə dünyada aparıcı qurum hesab olunur.

Dövlətimizin başçısı HP şirkətinin pavilyonuna da baxdı. İnformasiya texnologiyaları sahəsində dünyanın ən iri şirkətlərindən biri olan HP korporativ sifarişçilər, kiçik və orta biznes qurumları, eləcə də fərdi istifadəçilər üçün əlverişli texnologiyaların təchizatçısıdır.

Prezident İlham Əliyevə Yüksək Texnologiyalar Parkı haqqında da geniş məlumat verildi. Dövlətimizin başçısının Sərəncamı ilə yaradılan parkın əsas funksiyası İKT, digər yeni və yüksək texnologiyalar üzrə fəaliyyətin genişləndirilməsi, burada çalışan fiziki və hüquqi şəxslər üçün əlverişli şəraitin yaradılması və digər xidmətlərin inkişaf etdirilməsindən ibarətdir. Bu məqsədlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində "Yüksək Texnologiyalar Parkı" MMC yaradılıb. Parkın tikintisi üçün Pirallahı rayonunda 50 hektar torpaq sahəsi ayrılıb.

Builki sərgidə ilk dəfə olaraq Amerika Birləşmiş Ştatları da təmsil olunub. "USA CC" şirkəti də İKT sahəsində ən son texnologiyaları təqdim edir.

Litva da "BakuTel-2013" sərgisində beşə yaxın şirkət ilə təmsil olunur. Bu ölkənin şirkətləri də yüksək texnologiyalar üzrə tədqiqat və digər təyinatlı yeni məhsulları ilə sərgiyə qatılıb.

Prezident İlham Əliyev "Lifewatch V" şirkətinin pavilyonu ilə də tanış oldu. Bildirildi ki, "Lifevatch V" smartfon ailəsi insanlara öz səhhəti və sağlamlıqları barədə məlumatlı olmaları üçün yaradılmışdır. Buraya elektrokardioqramın qeydə alınması, qan dövranına nəzarət və digər tibbi xidmətlər paketləri daxildir.
"Azercell" 1996-cı ildə təsis edilmişdir və hazırda bazarda lider mövqeyini saxlayır. Şirkət Azərbaycana bir sıra innovativ texnologiyalar və konsepsiyalar gətirib. Şəbəkə əhalinin 99,8 faizini əhatə edir. "Azercell" 2011-ci ildə 3G, 2012-ci ildə 4G xidmətlərini təqdim edib. 2013-cü ildə isə şirkət mobil elektron imza –"Asan imza" xidmətini həyata keçirən ilk mobil operator olub.

Dövlətimizin başçısı "SİNAM" MMC-nin stendi ilə də tanış oldu. Əsası 1994-cü ildə qoyulan SİNAM şirkəti kompyuter bazarında və telekommunikasiya texnologiyaları sahəsində özünü etibarlı və ciddi tərəfdaş kimi tanıtıb.

Prezident İlham Əliyevə nəqliyyat və texnika, "Yollar GPS" nəzarət sistemi barədə də məlumat verildi.
Qeyd olundu ki, bütövlükdə bu sərgi Azərbaycanda İKT-nin inkişafına, yeni faydalı əməkdaşlığın və işgüzar münasibətlərin qurulmasına mühüm töhfə verəcəkdir.
 



Baxış sayı: 1999

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 Oktyabr 2024

07 10 2024