12px13px15px17px
Tarix:03/12/13

Bakıda Regional İnternet İdarəçilik Forumu keçirilib

Bu gün Bakıda “Bakutel-2013” sərgi-konfransı çərçivəsində Regional İnternet İdarəçilik Forumu keçirilib. Tədbiri giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, forum internet idarəçiliyində üzə çıxan problemləri dərindən analiz etməyə, əldə edilən nailiyyətlərlə bağlı fikir və təcrübə mübadiləsi aparmağa imkan verəcək.
 
Aparılan əhatəli işlər nəticəsində internet idarəçiliyində kifayət qədər irəliləyişlərin əldə olunduğunu vurğulayan nazir müavini bu sahədə BMT ilə əməkdaşlığın böyük fayda verdiyini və bu əməkdaşlıqdan məmnun olduqlarını ifadə edib. E.Vəlizadə qeyd edib ki, dünyaya nəzər saldıqda internet idarəçiliyi istiqamətində yaşanan problemlərin əksəriyyəti bütün ölkələrdə eynidir: “Hazırda dünyanın bütün ölkələrində internet idarəçiliyində üzə çıxan problemlər, demək olar ki, eynidir. Bizim ölkəmizdə də bu problemlərin həlli istiqamətində böyük işlər aparılır. Onların həlli yolları tapılaraq, aradan qaldırılması istiqamətində addımlar atılır. Bununla da bütün dünyaya öz töhfəmizi verməyə çalışırıq”.
 
 
BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə nümayəndəliyinin rəsmisi Nataliya Alhazişvili də bildirib ki, BMT internet idarəçiliyində yaranan problemlərin həlli istiqamətində bir sıra addımlar atır. Azərbaycanın bu sahədə həyata keçirdiyi fəaliyyətdən məmnunluğunu ifadə edən N.Alhazişvili deyib ki, forum internet idarəçiliyinə böyük töhfələr verəcək: “Biz bu istiqamətdə Azərbaycanla birgə işləməkdən məmnunuq və lazımi köməklikləri göstərməyə hazırıq”.
 
Sonra çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib ki, internet idarəçiliyində yaranan problemləri bir ölkə təkbaşına həll edə bilməz. Bunun üçün beynəlxalq aləmin birlikdə addımlar atmasının vacibliyini vurğulayan O.Gündüz Azərbaycanın bu istiqamətdə böyük uğurlar qazandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Eyni zamanda regionda da bununla bağlı yaxşı çıxışlar var və hesab edirik ki, bu təcrübələrlə bağlı da fikir mübadiləsi aparılması problemlərin tez həll olunmasına kömək edir”.
 
Daha sonra Türkiyənin Nəqliyyat və rabitə nazirinin məsləhətçisi İhsan Durdu da forumda aparılan dialoqun xüsusi önəminin olduğunu qeyd edərək ölkəsinin bu istiqamətdə addımlar atdığını bildirib: “Biz təklif edirik ki, növbəti İnternet İdarəçiliyi Forumu Türkiyədə keçirilsin. Əldə edilən təcrübələri də İstanbulda bölüşək”.
 
Seymur Qasımbəyli
 



Baxış sayı: 1013

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024