12px13px15px17px
Tarix:06/12/13

“Bakutel 2013” 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı öz işini müvəffəqiyyətlə yekunlaşdırdı

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə sərgi və konfranslar sektor üzrə  əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi, texniki və texnoloji yeniliklərlə tanış olmaq, qabaqcıl təcrübə mübadiləsi və faydalı əməkdaşlıq üçün  əlverişli  platforma rolunu oynayır. 

Bu kontekstdə dünyanın bir çox aparıcı İKT şirkətlərinin iştirakı ilə dekabr ayının 2-dən start götürən  Xəzər və Qafqaz regionlarının telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük tədbir olan  "Bakutel 2013" sərgi-konfransı xüsusi əhəmiyyət kəsb edir. Dekabrın 5-də öz işini yekunlaşdıran sərgi-konfrans Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə elan edilən "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində xüsusilə əlamətdar oldu. Bu əlamətdar ildə "Bakutel" sərgisi ilk dəfə olaraq ümumilikdə 12.000 kvadratmetrlik üç zalı əhatə edir. Bu il sərginin sahəsi də 35 faiz genişlənərək, dünyanın 28 ölkəsindən 300 şirkəti bir araya gətirməyə nail oldu.
 
Tədbirin birinci günü Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev sərgini ziyarət etdi. Cənab Prezident bütün zallara daxil olaraq həm yerli, həm də aparıcı xarici şirkətlərin stendləri ilə tanış oldu. Həmçinin, ölkə başçısı Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin stendində keçirilən Dünya Azərbaycanlılarının I Virtual Konfransında da iştirak etdi. Sərgi ilə tanışlıq zamanı Prezident İlham Əliyev "Euronews" telekanalına müsahibə verdi.

Artıq uzun illərdir ölkə başçısının sərgini ziyarət etməsi, nümayiş olunan yeniliklərlə şəxsən tanış olması bu sərgiyə, ümumiyyətlə, informasiya-kommunikasiya sektoruna ən ali  səviyyədə göstərilən diqqət və qayğını təcəssüm etdirir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bakutel 2013" sərgi-konfransının iştirakçılarına ünvanladığı təbrik məktubunda da bunun əyani şahidi oluruq.  "Hər il Azərbaycanda həyata keçirilən beynəlxalq "Bakutel" sərgi və konfransı müxtəlif ölkələrdən təşkilatları, alimləri və mütəxəssisləri bir araya gətirərək ideya mübadiləsi, işgüzar münasibətlərin genişləndirilməsi, habelə qabaqcıl texnoloji nailiyyətlər və yeni məhsullarla tanışlıq üçün əlverişli şərait yaradır".
Sərgidə Azərbaycanın aparıcı İKT şirkətləri, mobil rabitə operatorları, internet provayderləri, sistem inteqrasiyası üzrə şirkətlər və distribüterlərin geniş şəkildə təqdim olunması artıq ənənə halını alıb. Sərgi eksponentlərinin 40 faizini daimi iştirakçılar təşkil edir. Sevindirici fakt və sərginin fəaliyyət göstərdiyi illər ərzində əsas nailiyyətlərdən biri də yerli şirkətlərin ildən-ilə artması və bu il iştirakçıların ümumi sayının 30 faizini təşkil etməsidir.
Cari sərgini fərqləndirən xüsusiyyətlərdən biri də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə təşkil edilmiş milli stendlərin sayca daha çox olması idi. Sərginin daha çox ölkələrin diqqətini cəlb etməsi və nüfuzunun artması danılmaz faktdır. Hər il dünyanın müxtəlif ölkələri böyük həvəslə sərgidə iştirak can atır. Bu il də istisna olmadı.  ABŞ, Əfqanıstan, Macarıstan, İtaliya, İsrail və digər ölkələrin nümayəndə heyəti "Bakutel" sərgisində iştirak etmək üçün Bakıya gəldilər, öz xidmət və məhsullarını nümayiş etdirdilər, işgüzar görüşlər keçirdilər və sərgi çərçivəsində keçirilən beynəlxalq konfranslar da iştirak etdilər.
 
 Sərginin mötəbər qonaqları arasında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi cənab Hamadun Ture, Macarıstanın milli inkişaf naziri xanım Jujanna Nemet, Avropa Parlamentinin üzvü xanım Kristina Oyuland, Regional Rabitə Birliyinin Baş direktoru Nuriddin Muxitdinov, Rusiya, İraq, Banqladeş kimi ölkələrin müvafiq nazirləri var idi. Qonaqlar Azərbaycanın uğurlu iqtisadi inkişafını, yüksək texnologiyalar əsrinin müasir nailiyyətlərini və sərginin telekommunikasiya sahəsində çalışan mütəxəssis və alimlərin məhsuldar fəaliyyəti üçün görüş yeri və biznes meydançası kimi yüksək rolunu vurğuladılar.
 
Sərgidə "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi, Azərbaycanın kosmik sənayesi və Azərbaycanda İT texnoparkının yaradılması layihələri də öz əksini tapdı. Bu il Azərbaycanda vüsət alan "startup" hərəkatına böyük diqqət yetirildi və Bakı Ekspo Mərkəzində onların təqdimatı üçün xüsusi olaraq ayrılmış zonalardan əlavə, "Azərbaycanda milli startupların dəstəklənməsi" mövzusunda konfrans keçirildi.
 
Bu il sərgi təkcə iştirakçıların sayına görə deyil, həm də sərgi çərçivəsində keçirilməsi nəzərdə tutulan tədbirlərin sayına görə ən zəngin sərgi oldu. Belə ki, bu tədbirlər sırasında internetin inkişafı, kibertəhlükəsizlik, internetin Azərbaycanda təkamülü və regional inkişafı mövzularında müxtəlif seminar və konfranslar, o cümlədən "Qlobal kibertəhlükəsizlik üzrə əməkdaşlıq: problemlər və perspektivlər"  mövzusunda beynəlxalq konfrans, "TASİM" konsorsiumunun əsas telekommunikasiya operatorlarının illik forumu, Azərbaycan - ABŞ, "Azərbaycan - İsrail İKT forumları, Müəyyən radiotezlik zolaqlarının perspektiv və səmərəli istifadəsi ilə bağlı yüksəksəviyyəli görüş, BMT-nin Asiya və Sakit okean ölkələri üçün iqtisadi və sosial komissiyasının "SPECA" layihəsinin işçi qrupunun "Biliyə əsaslanan iqtisadiyyatın inkişafı" mövzusunda iclasları, Azərbaycanda dövlət və özəl İKT sektorları arasında tərəfdaşlıq üzrə mütəxəssis mərkəzinin yaradılması ilə əlaqədar olan tədbir yer aldı.
 
Bayram əhval-ruhiyyəli "Bakutel" bu sahənin ən əsas və orijinal sərgisi statusunu təsdiq etdi və ziyarətçiləri həm iştirakçıların, həm də təşkilatçıların hazırladıqları saysız-hesabsız sürprizlərlə sevindirməyə müvəffəq oldu.
 
Belə ki, bu il sərgi rəsmi və işgüzar qrafiki ilə yanaşı, əyləncəli və maraqlı anlarla da yadda qaldı.
 
Sərginin elə ilk günü yüksək moda nümayişi ilə bağlı möhtəşəm şou baş tutdu. Üçüncü pavilyonda xüsusi oyun zonası yerləşdirilmişdi və burada hər kəs "lazer simlərində ifa" oyununda iştirak edərək hətta musiqi bəstələmək kimi zövqlü imkan əldə etdi. Bu zonada həmçinin "X-box" oyun qurğuları və interaktiv oyunlarla yaxından tanış olmaq mümkün idi. Sərgidə MDB ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda "Titan" adlı robot nümayiş etdirildi və o, artıq sərgi ziyarətçilərinin sevimlisinə çevrildi. Heç şübhəsiz ki, paytaxt sakinləri uzun müddət bu maraqlı anları unutmayacaqlar.
 
Tədbir Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin uzun illər dəstəyi "Iteca Caspian"  və onun britaniyalı tərəfdaşı "ITE Group plc" şirkətlərinin təşkilatçılığı ilə baş tutub. "Bakutel 2013" sərgisinin baş sponsoru informasiya texnologiyaları sahəsində ən iri amerikan şirkətlərindən biri olan "HP" şirkəti idi.
 
 
 
 
 



Baxış sayı: 2105

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024