12px13px15px17px
Tarix:25/12/13

Gənclərə İKT nailiyyətlərindən düzgün bəhrələnməyin yolları öyrədilib

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İnformasiya texnologiyalarının nailiyyətlərindən gənclərin düzgün bəhrələnməsi” layihəsi çərçivəsində Lənkəran şəhəri Lənkəran Dövlət Humanitar Kollecində gənclərlə görüş keçirilib. 
 
Görüşdə layihənin müəllifi Əlimərdan Sultanov bildirib ki, məqsəd regionlarda yaşayan gənclərlə İKT-nin nailiyyətləri haqda müzakirələr aparmaq, bu nailiyyətlərdən düzgün şəkildə bəhrələnmək imkanlarını müzakirə etməkdir. Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycanın üç region şəhəri olan Ağstafa və Şəki şəhərində  gənclərlə görüş keçirilib. Layihə çərçivəsində sonuncu görüş isə Lənkəran şəhərində təşkil edilib. Ölkəmizdə İKT sektorunun inkişafından danışan  Ə.Sultanov qeyd edib ki, əldə edilmiş nailiyyətlərdən düzgün istifadə və bu nailiyyətlərin gənclərə düzgün şəkildə çatdırılması vacib məsələdir.
 
 
Tədbirdə çıxış edən Bakı Dövlət Universiteti və Azərbaycan İctimai-Siyasi Universitetinin müəllimi Murad Salman İKT-nin ölkəmizdə təhsil sistemində tətbiq edilməsindən danışıb. O, dünyanın bir çox inkişaf etmiş ölkələrində təhsil sistemində İKT nailiyyətlərinin tətbiqini qeyd edərək bu məsələnin Azərbaycan üçün də vacib olduğunu bildirib.
 
 
Almaniya və Azərbaycanda İKT sahəsinin inkişafından danışan Almaniyanın Frederik Vilyam adına Bonn Universitetinin hüquq magistrantı Orxan Tağıyev qeyd edib ki, İKT nailiyyətləri Avropa ölkələrində ictimai həyatın bütün sahələrində tətbiq edilir. Ölkəmizdə İKT sahəsində nailiyyətlərdən danışan Orxan Tağıyev bildirib ki,  son on ildə Azərbaycanda internetin sürətli inkişafı təmin olunub və ölkəmiz MDB ölkələri arasında liderliyini saxlayıb.
 
 
Görüşdə çıxış edən Azərbaycan Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Məmmədbağır Məmmədov ölkəmizdə hazırda “Elektron hökumət”in formalaşması istiqamətində aparılan işlərdən danışıb, əhaliyə elektron xidmətlərin göstərilməsi istiqamətində əhəmiyyətli addımların atıldığını qeyd edib.
Sonra tədbirdə iştirak edən gənclər mövzu ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər. 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 619

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024