12px13px15px17px
Tarix:25/12/13

Ukraynanın Texnoloji Elmlər Akademiyasının Azərbaycanda beynəlxalq şöbəsi yaradılacaq

Ukraynanın Texnoloji Elmlər Akademiyasının Azərbaycanda beynəlxalq şöbəsi yaradılacaq. Bu məsələ AMEA Elmi İnnovasiyalar Mərkəzinin (EİM) direktoru, iqtisad elmləri doktoru, professor Fərman Qasımovun Kiyev şəhərinə səfəri zamanı müzakirə edilib.
 
Səfər çərçivəsində gələcək əməkdaşlığın perspektivləri haqqında bir sıra görüş və danışıqlar aparılıb, Kiyev şəhərindəki “Odessa hüquq akademiyası” Milli Universitetinin Əqli Mülkiyyət İnstitutu, Ukrayna Elmi-Texniki və İqtisadi İnformasiya İnstitutu, Ukrayna Texnoloji Elmlər Akademiyasının tədbirlərində iştirak edilib. “Odessa hüquq akademiyası” Milli Universitetinin Əqli Mülkiyyət İnstitutunda keçirilən dövlət imtahan komissiyasının iclasında Azərbaycan tələbələrinin diplom işlərinin hazırlığı çərçivəsində tədqiqat planları nəzərdən keçirilib. Elmi İnnovasiyalar Mərkəzinin  fondlarının innovasiya fəaliyyətinin səmərəliliyinin təhlili, innovasiya sahəsinin mütəxəssisləri və alimlərin informasiya təminatı üçün istifadə perspektivləri müzakirə edilib.
 
AMEA EİM tərəfindən institutda, həmçinin, Azərbaycanda da innovasiya sahəsi mütəxəssislərinin hazırlıq səviyyəsinin  artırılması məqsədi ilə sistemli analiz və qərar qəbuletmə texnologiyasını öyrənənlər üçün tədris planlarına bu ixtisas bölmələrinin daxil olunması təklif edilib. Bundan başqa, “İnnovasiya fəaliyyəti və əqli mülkiyyət” treninqinin keçirilməsi zamanı F.Qasımovun rəhbərliyi ilə “İnnovasiya marketinqi” bölməsi üzrə təlimlər keçirilib.
 
Treninq zaman F.H.Qasımov və A.D.Hüseynovanın müəllif olduqları “Milli innovasiya sistemi və onun informasiya təminatı” dərsliyindən istifadə olunub ki, onun da tətbiqi haqda Əqli Mülkiyyət İnstitutunda akt imzalanıb. EİM rəhbəri verilmiş mövzu üzrə treninqlərin keçirilməsi təcrübəsinin Azərbaycanın Elmi İnnovasiyalar Mərkəzində ixtisasartırma kurslarının təşkili zamanı istifadə olunması təklifini də irəli sürüb.
 
 
EİM direktoru “OHA” MU-nun Əqli Mülkiyyət İnstitutunun Elmi şurasının iclasında institutda 2012-2013-cü illərdə Ukraynanın Təhsil və Elm Nazirliyinin sifarişi ilə “Dialektik biliklər sistemi – biliklər  iqtisadiyyatının formalaşması fasiləsiz prosesinin əsası kimi əqli mülkiyyət” mövzusunda yerinə yetirilmiş elmi işlərin nəticələrinin qiymətləndirilməsi üzrə ekspert qismində də çıxış edib. İnstitutun elmi şurası, elmi əməkdaşlıq və təhsil fəaliyyətindəki çoxillik əlaqələri nəzərə alaraq, F.Qasımov “OHA” MU-nun Əqli Mülkiyyət İnstitutunun Fəxri professoru adı ilə də təltif edilib ki, bu da ona Elmi şuranın iclaslarında və digər elmi tədbirlərdə iştirak etməyə, təkliflər verməyə, elmi tədqiqat məsələləri, mütəxəssis hazırlığı, təhsil səviyyəsi və s. proqramlar üzrə qərarların qəbulunda iştirak etməyə əsas verir. İclasda Elmi İnnovasiyalar Mərkəzi tərəfindən AzETETİİ 55 illiyi münasibətilə hazırlanmış “Azərbaycanda elmi-texniki informasiya - 55” kitabının təqdimetmə mərasimi də keçirilib.
 
 
Ukrayna Elmi-Texniki və İqtisadi İnformasiya İnstitutunun Elmi şurasının iclasında isə Ukrayna Elmi-Texniki və İqtisadi İnformasiya İnstitutu ilə Azərbaycanın EİM-nin nəşr və informasiya materiallarının elektron variantda mübadilə sisteminin yaradılması məsələsi nəzərdən keçirilib. F.Qasımovun sözlərinə görə, elmi tədqiqat işləri və dissertasiya fondlarına əsaslanan nəşrlər xüsusi maraq kəsb edib: “Təklif institutun Elmi şurasının üzvləri tərəfindən təqdir olunub və razılaşdırılmış formatda işlərin təşkili texnologiyasının işlənilməsi üçün müvafiq işçi qrup yaradılıb.
 
Ukrayna Texnoloji Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında isə iki məsələyə baxılıb. Birinci məsələ üzrə Azərbaycanda tətbiq oluna biləcək Ukrayna təşkilatlarının elmi işləmələr kataloqu müzakirə edilib və kataloq nəzərdən keçirilmək üçün Azərbaycana verilib. Eyni zamanda Ukraynanın Texnoloji Elmlər Akademiyasının Azərbaycan Respublikasında beynəlxalq şöbəsinin yaradılması haqqında qərar yekdilliklə qəbul olunub və Ukrayna TEA Rəyasət Heyətinin iclas protokolundan çıxarış ilə təsdiq edilib”.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 672

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024