12px13px15px17px
Tarix:25/12/13

Bakının 2 mənzil istismar sahəsində elektron arayışların verilməsinə başlanılıb


İKT ilində Binəqədi Rayon İcra Hakimiyyəti elektron xidmətlərin tətbiqinə başlayıb.

İcra hakimiyyətindən verilən məlumata görə, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, 8-ci mikrorayon (102 nömrəli MİS-in xidməti ərazisi) və  9-cu mikrorayon (92 nömrəli MİS-in xidməti ərazisi) ərazilərində yaşayan sakinlərə arayışlar elektron qaydada veriləcək.

İlkin olaraq vətəndaşlara yaşayış yeri (o cümlədən, ailə tərkibi haqqında) və 2 nömrəli forma üzrə arayışların verilməsi nəzərdə tutulub.

Bu xidmətdən yararlanmaq istəyən vətəndaş Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi veb səhifəsinin (binegedi-ih.gov.az) elektron xidmətlər bölümünə daxil olmaqla, elektron arayışları seçərək, adı, soyadı, atasının adı və doğum tarixini daxil edir və müraciətini göndərir. Vətəndaşın daxil etdiyi məlumatlar ev təsərrüfatlarının uçotu kitablarının elektron baza məlumatları ilə uyğunluq təşkil etdikdə, vətəndaş e-arayışı onlayn alaraq onu çap edir. Hər hansı səbəbdən onlayn arayışı almaq mümkün olmadıqda, vətəndaş qeydiyyatda olduğu inzibati ərazi dairəsi üzrə nümayəndəliyə müraciət edə bilər.

Məlumat üçün bildirək ki, həftənin iş günləri ərzində saat 09.00-dan 13.00-dək edilmiş müraciətlər üzrə arayışlar həmin gün saat 18.00-dək alınır. Saat 13.00-dan sonra edilmiş müraciətlər növbəti iş günü saat 13.00-dək alına bilər. 2 nömrəli forma üzrə arayışlar isə müraciət göndərildiyi tarixdən iki iş günü müddətində alınır.

Qeyd edək ki, gələcəkdə elektron xidmətlərin həmçinin, “Asan xidmət” mərkəzləri vasitəsilə də göstərilməsi nəzərdə tutulub.

CAHANGİR



Baxış sayı: 801

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024