12px13px15px17px
Tarix:10/01/14

Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib


- İKT sektorunun artım tempi ənənəvi olaraq ümumdünya orta göstəricisini təxminən iki dəfə üstələyərək 14 faiz təşkil edib və sahə üzrə ümumi gəlirlər 2 milyard dolları ötmüşdür. Telekommunikasiya sahəsində stasionar telefon şəbəkəsi genişlənərək regionda (MDB və Mərkəzi Asiyada) müasirliyi, keyfiyyəti, əhatə dairəsi və qiymət göstəricilərinə görə ön cərgədədir. Mobil telefon şəbəkəsi isə əhali və ərazi əhatəsinə görə daha da genişlənərək Avropa orta səviyyəsindən yüksək olub. Hələ dünyanın bir çox ölkələrində 2-ci nəsil rabitə texnologiyası tətbiq edildiyi halda, ölkəmizdə 3-cü nəsil texnologiya tamamilə, Bakı və Abşeronda isə 4-cü nəsil rabitə texnologiyaları tətbiq olunmağa başlanılıb. Mobil nömrələrin operatorlar arasında avtomatik daşınma sistemi yaradılıb.

Qlobal İnternet şəbəkəsinin Azərbaycan seqmenti hesabat ilində inkişaf etmiş, 70 faiz istifadə sıxlığı ilə MDB və Mərkəzi Asiyada öz liderlik yerini saxlayıb. Beynəlxalq şəbəkəyə çıxış 35 faiz, ölkədaxili elektron kontent təxmini hesablamalara görə 40-45 faiz, elektron kommersiya və pərakəndə satış 50 faiz artmış, elektron təhsil və səhiyyə xidmətlərindən istifadə xeyli genişlənib. İnternet üzərində işgüzarlıq fəaliyyəti xeyli sürətlənib. Mobil və stasionar genişzolaqlı internetin abonent şəbəkəsi 30 faiz artıb. Radio və televiziya texniki yayım infrastrukturunun inkişafında hesabat ili rəqəmli efirə keçidlə yadda qalıb. 2013-cü ildə bütün ölkə əhalisinin 95-98 faizi rəqəmli televiziya ilə əhatə olunub və ölkəmiz analoq efiri ilə vidalaşmağa hazırdır. Bu texnoloji göstərici üzrə ölkəmiz inkişaf etmiş ölkələr sırasında yer alıb.
Sərhəd zonalarda qonşu ölkələrdən efirə müdaxilələrin qarşısının alınması üçün hesabat ilində üç güclü stansiya quraşdırılıb. Müvafiq təhlükəsizlik xidmətləri ilə birgə aparılmış işlər nəticəsində artıq bu gün bu sahədə ciddi problemlərlə üzləşmirik. Ölkəmiz üçün çox vacib əhəmiyyəti olan bütün spektr boyu radiotezliklər resurslarının monitorinqi sisteminin birinci növbəsi, yəni Bakı və Abşeron yarımadası üçün stasionar və digər ərazilər üçün isə 3 mobil stansiya quraşdırılıb istifadəyə verilib.

Hesabat ilində poçt sektorunda gəlirlər 5,5 faiz artıb. Poçt sistemində ənənəvi xidmətlərdən əlavə bank və maliyyə xidmətləri, o cümlədən bank hesablarının idarə olunması, nağdsız ödəmələr, pul köçürmələri, kommunal və digər ödənişlərin həyata keçirilməsi, ucqar kəndlərdə pensiyaların paylanması, ümumiyyətlə depozit və kreditlər istisna olmaqla, bütün xidmətlərin göstərilməsi xeyli genişləndirilib. Poçt vasitəsilə elektron kommersiya xidmətlərinin və həmçinin ucqar kəndlərdə xidmətlərin poçt mobil avtomobillər vasitəsilə göstərilməsinə başlanılıb.

"Elektron hökumət" portalı vasitəsilə elektron xidmətlərin göstərilməsi genişlənmiş, hesabat ilində portala yeni xidmətlər əlavə olunub. Beləliklə Nazirlər Kabinetinin təsdiq etdiyi 428 xidmətdən 281-i hökumət portalı vasitəsi ilə rəsmi verilir. 2013-cü ildə elektron hökumət portalına 262 min vətəndaş müraciət etmiş və 730 mindən çox elektron xidmət alınıb. Vergilər Nazirliyinin ASAN mobil imza sertifikat mərkəzi yaradılmış və ölkənin vahid elektron imza sisteminə qoşulub.

Kosmik fəaliyyət sahəsində "Azərspace-1" telekommunikasiya peyki orbitə çıxarılmış və 2013-cü ilin iyul ayından kommersiya fəaliyyətinə başlayıb. Peykdə 60-dan çox televiziya kanallarının, əsasən xarici ölkələrin və müxtəlif rabitə kanallarının təşkili həyata keçirilir. 6 ay ərzində təxminən 10 milyon ABŞ dolları həcmində xarici ölkələrə ixrac xidmətləri göstərilmiş və bu vəsait "Azərkosmos ASC" tərəfindən Maliyyə Nazirliyinin nəzarəti ilə 2013-cü ilin kredit borclarının təxminən 60–65 faizinin ödənilməsinə yönəlib. Peyklərin yerüstü idarəetmə əsas və ehtiyat mərkəzləri yaradılıb və yerli mütəxəssislər tərəfindən idarə olunur. 2016-cı ilə planlaşdırılan yer səthinin monitorinqi peykinin layihə sənədləri və hazırlıq işləri başa çatıb və yaxın vaxtlarda tender elan olunacaqdır. Müşahidə peyki özünün texnoloji göstəricilərinə görə ən yeni nailiyyətlər sırasındadır və şəxsən, cənab Prezident, Sizin şəxsi müdaxiləniz layihənin uğurlu olması üçün zəmin yaradıb. 2017-ci ildə orbitə çıxarılması planlaşdırılan növbəti telekommunikasiya peykinin layihələndirilməsi üzrə işlər davam etdirilib.

Regional və beynəlxalq səviyyədə tranzit informasiya magistrallarının qurulmasında və regional İKT xidmətlərinin göstərilməsində işlər davam etdirilib. Avropadan Yaxın Şərqə gedən informasiya magistralının Azərbaycan seqmentinin qurulması başa çatmış və istismarına başlanılıb. BMT-nin Baş Assambleyasının sentyabrda keçirilən 67-ci sessiyasının xüsusi qətnaməsi və ölkəmizin koordinatorluğu ilə Avro-Asiya Rabitə Alyansı yaradılmış və Trans-Milli Avro-Asiya İnformasiya Magistralı layihəsi üzrə konsorsium yaradılması üçün memorandum imzalanıb.
Bu gün Azərbaycanda yeni tipli nanomateriallar, elektron qurğular, işıq elementləri, elektron tabletlər, Azərbaycan dilində tam səslə idarəolunan kompüterlər, proqram təminatı, yeni mobil tətbiqləri və yeni həllərin yaradılması çox tez-tez müşahidə olunur. İndi biz müvafiq dövlət və hökumət strukturları ilə birlikdə bu tip və digər innovativ məhsul və xidmətlərin kütləvi istehsala çevrilməsi üzərində işləyirik. Bu işlərə, cənab Prezident, Sizin xüsusi diqqətiniz, Sərəncamlarınızla yaradılan müxtəlif fondlar, o cümlədən İKT-nin inkişafı üzrə Dövlət Fondu, müxtəlif iqtisadi zonalar, o cümlədən Yüksək Texnologiyalar Parkı və innovativ və texnoloji inkişaf üçün çox vacib olan yüksək səviyyəli mütəxəssis və mühəndislərin hazırlanması üçün həyata keçirilən tədbirlər xüsusi təkan verib.


Cənab Prezident, İKT ili artıq bitib. Sizin İKT ili ilə əlaqədar Sərəncamınızla təsdiq olunan və Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumlarla birlikdə həyata keçirilən tədbirlər planı bütün bəndlər üzrə yerinə yetirilib. Tədbirlər planında infrastruktur və istehsal layihələri ilə birlikdə, həmçinin maarifləndirmə, elmi texniki konfrans, forum və sərgilərin keçirilməsi ilə bərabər, onlayn kütləvi aksiyalar da keçirilib. Bunların sırasında ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş "Mən Azərbaycanlıyam" onlayn bilik yarışması cəmiyyətdə xüsusi maraqla qarşılanıb. 6 ay davam edən bu onlayn yarışmada 230 mindən çox insan iştirak etmiş və intellektual oyunlara 8 milyondan çox müraciət olunub.
Bu ilin nəticələrinə görə biz, həmçinin gələcək 5 ilin əsas hədəflərini təyin etmişik. Bunlar aşağıdakılardır:

Birincisi, şəbəkə infrastrukturunun inkişafı sahəsində 2017-ci ilin sonuna mobil və stasionar şəbəkələr üzərində yüksək sürətli genişzolaqlı optik və simsiz şəbəkələrin qurulması və hər bir vətəndaş, iş və ev təsərrüfatının bu şəbəkəyə çıxışını təmin etmək və inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaqdır. Həmçinin, radio-televiziya şəbəkələrində bütün növ rəqəmli yayım texnologiyalarının tətbiqinin genişləndirilməsi və hər bir vətəndaşa çatdırılmasıdır;

İkincisi, rəqəmli iqtisadi sektorun inkişafında yüksək texnologiyalara əsaslanan elektronika və nanoelektronika, kosmik peyklər və yeni informasiya texnologiyaların tətbiqi ilə ixrac potensialının gücləndirilməsinə yönələn innovativ və rəqabətə davamlı məhsul və xidmətlərin istehsalının təmin edilməsidir. Bu istiqamətdə bir neçə transmilli şirkətlə böyük həcmli birgə layihələrin müzakirəsinə başlanıb.

Üçüncüsü, regional və beynəlxalq səviyyədə informasiya və tranzit xidmətlərinin genişləndirilməsi, müvafiq təhlükəsizlik strukturları ilə birlikdə kibertəhlükəsizliyin möhkəmləndirilməsidir
Nəhayət, dördüncüsü müvafiq hökumət strukturları ilə əhali və sahibkarlara göstərilən dövlət xidmətlərinin elektronlaşdırılması və elektron hökumət portalı vasitəsilə yerlərə çatdırılmasının sürətləndirilməsidir.
 



Baxış sayı: 1151

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024