12px13px15px17px
Tarix:10/01/14

Havar Məmmədov: “AzTU-nun Elektron Təhsil Sisteminin yaradılmasında ən yeni informasiya texnologiyalarından istifadə olunub”


Koreya  Beynəlxalq  Əməkdaşlıq  Təşkilatı  (KOİCA)  tərəfindən  həyata  keçirilmiş  “Azərbaycan  Texniki  Universitetinin  təhsil  və  inzibati  işlərinin  avtomatlaşdırılması  sistemi”  layihəsi  “2013-cü ilin Azərbaycanda  İnformasiya-kommunikasiya  texnologiyaları  ili”  çərçivəsində  həyata  keçirilən  ən  mühüm  tədbirlərdən  biridir.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri “Azərbaycan  Texniki  Universitetində Elektron  Təhsil  Sisteminin  yaradılması”  layihəsinin  ilkin  təqdimatında AzTU-nun rektoru, professor  Havar  Məmmədov  səsləndirib.
 
Onun sözlərinə görə, Azərbaycan  Texniki  Universitetinin  Elektron  Təhsil  Sisteminin  yaradılmasında  ən  yeni  informasiya  texnologiyalarından  istifadə  olunub,  avadanlıqların  seçilməsinə  və  quraşdırılmasına  xüsusi  diqqət  yetirilib,  mükəmməl  funksiyalara  malik  cihazlar  quraşdırılıb  və  koreyalı  mütəxəssislər universitetin  əməkdaşları  üçün  təlimlər  təşkil  ediblər.
 
Rektor qeyd edib ki, yerinə  yetirilən  layihə  çərçivəsində  ən  vacib  məqamlardan  biri  Azərbaycan  Respublikasında  ilk  dəfə  olaraq  Distant  Təhsil  Sisteminin  yaradılması  olub.  Müxtəlif  proqramları  özündə  birləşdirən  yeni  təhsil  kontentləri  2014-2015-ci  tədris  ilindən  tələbələrin  istifadəsinə  veriləcək.  Bu  kontentlər  Azərbaycan  Texniki  Universiteti  nəzdində  fəaliyyət  göstərən  “Televiziya  studiyası”nda  koreyalı  mütəxəssislərin  iştirakı ilə  universitetin  mütəxəssisləri  tərəfindən  hazırlanıb.
 
H.Məmmədov həmçinin bildirib ki, Akademik  Təhsil  Sistemi  2013-2014-cü  tədris  ilində  AzTU-ya  qəbul  olunmuş  tələbələrə  tətbiq  olunaraq  test  kimi  idarə  edilir.  Yeni  qurulmuş  Akademik  Təhsil  Sistemi  vasitəsilə  universitetin  əməkdaşları  avtomatik  idarəetməyə  keçiblər.  Dərsə  davamiyyət,  mühazirələr,  laboratoriya  dərsləri,  məşğələlərdə  qiymətləndirmə  yaradılan  sistem  vasitəsilə  dəqiq  həyata  keçirilir,  tədrisin  keyfiyyətinin  yaxşılaşdırılmasına  kömək  edir.
 
Rektor  layihənin  dəqiq  və  vaxtında  həyata  keçirilməsində  “KOİCA”  şirkəti  nümayəndələrinin  əməyini  xüsusi  vurğulayaraq  qeyd  edib  ki,  layihənin  həyata  keçirildiyi  müddətdə  koreyalı  ekspertlər  bir  sıra  təlim  proqramları  vasitəsilə  zəruri  texnologiya  və  biliklərin  AzTU-nun  mütəxəssisləri və  əməkdaşları  tərəfindən mənimsənilməsi  məqsədilə  çoxsaylı  treninqlər  keçiriblər.

CAHANGİR



Baxış sayı: 5181

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024