12px13px15px17px
Tarix:10/01/14

"Yüksək Texnologiyalar Parkı" ilə bağlı qaydalar hazırlanır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində yaradılan "Yüksək Texnologiyalar Parkı"nda (YTP) fəaliyyət göstərmək  üçün qaydalar hazırlanır. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə YTP-nin direktoru Seymur Ağayev məlumat verib. O bildirib ki, sözügedən  qaydalar tamamlanmaq üzrədir. Onun sözlərinə görə, qaydalarda layihə ilə müraciət edənlərin hansı etaplardan keçəcəyi öz əksini tapacaq.
 
Qeyd edək ki, “YTP” respublika prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb. “Yüksək Texnologiyalar Parkı”- informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.
 
“YT Park”ın məqsədi və səmərəsinə gəlincə, parkın fəaliyyətə başlaması ilə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələri genişləndiriləcək, elmi tədqiqatlar aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin yaradılması təmin  ediləcək. Park iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasında da əhəmiyyətli rol oynayacaq. Belə ki, bunun üçün, Pirallahı rayonunda 50 hektar  torpaq sahəsi ayrılıb.
 
Hazırda parkın formalaşdırılması, zəruri infrastrukturun qurulması, beynəlxalq təcrübənin öyrənilməsi və digər təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır. Eyni zamanda “YT Park” MMC dövlət qeydiyyatına alınıb və Cəmiyyətin Nizamnaməsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilib.
 
Seymur Qasımbəyli
 



Baxış sayı: 1348

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024