12px13px15px17px
Tarix:14/01/14

Təhsilin informasiyalaşdırılması istiqamətində Koreya öz təcrübəsini Azərbaycanla bölüşür

Azərbaycanda həyata keçirilən “İnnovativ informasiya-kommunikasiya texnologiyaları əsaslı pilot tədris otağı” layihəsi davam edir. Layihə çərçivəsində yanvarın 14-də Akademik Zərifə Əliyeva adına liseydə İKT avadanlıqları ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib.
 
Açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, Koreya Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi Vu-Jung Kim və Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in iştirak ediblər. Təhsil nazirinin müavini Ceyhun Bayramov qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir.
 
 
Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-in bildirib ki, pilot layihə çərçivəsində tədris otağının yaradılmasının əsas məqsədi təhsilin informasiyalaşdırılması istiqamətində Koreyanın təcrübəsini Azərbaycanla bölüşməkdən ibarətdir. Təhsil sahəsindəki əməkdaşlığın iki ölkə arasında mövcud dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini söyləyən səfir təhsildə İKT-nin tətbiqinin insan resurslarının inkişafı baxımından əhəmiyyətinə toxunub.
 
 
Tədbirdə çıxış edən Koreya Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi Vu-Jung Kim layihənin əhəmiyyətindən söhbət açıb. O, qarşılıqlı əməkdaşlığa verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə minnətdarlığını bildirib.
 
 
Sonra tədbir iştirakçıları İKT əsaslı tədris otağında liseyin yuxarı sinif şagirdlərinin hazırladığı təqdimatla tanış olublar.
 
 
Qeyd edək ki, liseydə yaradılmış tədris otağı 42 ədəd noutbuk, 1ədəd böyük ölçülü monitor, 1 ədəd müəllim üçün kompüter, 11 ədəd planşet, 1 dəst elektron interaktiv lövhə, 1 ədəd lazer printer, 2 ədəd rəqəmli kamera, 4 ədəd monitor, 1 ədəd müəllim üçün yazı stolu, 20 ədəd şagirdlər üçün yazı stolu, 20 ədəd şagirdlər üçün stul, 2 ədəd dolab, 4 ədəd noutbuk saxlama dolabı, 1 ədəd elektron kürsü, 4 ədəd səs gücləndirici, 2 ədəd dinamik mikrofon, 1 dəst yer müəyyən etmə sistemi, 41 lisenziyalaşdırılmış antivirus, 41 lisenziyalaşdırılmış kontent idarəedici alət ilə təchiz olunub. Eyni zamanda, layihə çərçivəsində məktəbin 40 nəfərlik pedaqoji heyətinə İKT-nin tədrisə tətbiqi ilə bağlı təlim keçirilməsi nəzərdə tutulub.
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 1113

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024