12px13px15px17px
Tarix:17/01/14

“Google Glass” cərimələndi

“Associated Press” agentliyinin yaydığı məlumata əsasən, San-Dieqo şəhərində (ABŞ, Kaliforniya ştatı) yol hərəkət qaydaları pozuntusu ilə keçirilmiş məhkəmə avtomobili “Google Glass” smart eynəyi taxılmış halda sürdüyünə görə yazılmış cəriməni ləğv edib.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, hakimin fikrincə, polis Sesiliya Abadini cərimələmək üçün onun cihazının qoşulu olduğunu sübut etməlidir. Heç bir sübut təqdim edilməyib. Məhkəmə, həmçinin qadın sürücüyə sürət həddini keçdiyi üçün yazılmış cəriməni ləğv edib.
 
Yol nəzarət inspeksiyası 2013-cü ilin oktyabrında San-Dieqoda yerləşən şoselərin birində Abadinin avtomobilini saxlayıb və sürət həddini keçdiyi və hərəkət zamanı videoya baxdığı üçün ona iki cərimə yazıb. O, özünü günahkar hesab etməyib. Sürücünün müdafiəçisi təkidlə deyib ki, onun cihazı hərəkət zamanı söndürülüb.
 
“Google Glass” smart eynəyini sınayan 30 min şəxsdən biri olan Abadi sözügedən cihazı taxılmış halda sürdüyü üçün ilk cərimələnmiş şəxs hesab edilir. Agentlik deyir ki, ABŞ-ın Delaver, Nyu-Cersi və Qərbi Virciniya ştatlarında qanunvericilik  orqanı “Google” eynəyi taxılmış halda avtomobil sürməyi qadağan edən qanun layihələri hazırlayıblar. Britaniya Nəqliyyat Nazirliyi, həmçinin sürücülərə sükan arxasında bu cihazdan istifadəni qadağan etmək imkanını nəzərdən keçirir.
 
“Google Glass” – bu, istifadəçinin sağ gözünün qarşısında eynək çərçivəsinə oxşar qurğuya bərkidilmiş kiçik ölçülü displey və kameradan ibarətdir. Qurğunu səs əmrləri ilə idarə etmək olar və cihaz obyektlər haqqında informasiyanı görünüş bucağında əks etdirə və ya naviqator funksiyalarını yerinə yetirə bilər.
 
Emil Hüseynov



Baxış sayı: 645

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024