12px13px15px17px
Tarix:17/01/14

Azərbaycan Gənclərinin İnkişaf Strategiyasında İKT-yə xüsusi önəm verilib

Gənclər və İdman Nazirliyində (GİN) “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə nəzərdə tutulan “2013-2023-cü illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın layihəsi hazırlanıb.
 
Bu barədə “ICTnews.az”a GİN-in mətbuat xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, strategiyanın tam elektron variantını nazirliyin rəsmi internet səhifəsindən əldə etmək mümkündür. Bununla əlaqədar olaraq, gənclər və gənclərin qeyri-hökumət təşkilatları  Strategiya layihəsinə dair əlavə rəy və təkliflərini nazirliyin elektron ünvanına (mys@mys.gov.az) təqdim edə bilərlər.
 
Sözügedən strategiyada bildirilir ki, Azərbaycan son 10 il ərzində böyük tərəqqi əldə edib. Ölkə insan potensialının inkişafına görə "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olub.  Ötən dövrdə sosial müdafiə sistemi təkmilləşdirilib, aktiv məşğulluq siyasətinə əsaslanan əmək bazarı formalaşdırılıb, yoxsulluğa qarşı mübarizə uğurla davam etdirilib, ictimai konsensus gücləndirilib. Dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar, həmçinin ölkənin yeni inkişaf imkanları Azərbaycanda gənclər siyasətinin yeni strategiyasının qəbul edilməsini tələb edir.
 
 
Nazirlik qeyd edir ki, yeni nəslin elmi bacarıqlarının inkişafı və innovativ fəaliyyətinə dəstək göstərilməsi yeni zərurətlərdəndir. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi gənclərin informasiya cəmiyyətində inamla yaşaması üçün hazırlığını tələb edir.
 
 
Strategiyanın “Gənclərin inkişafında hədəf və çağırışlar” bölməsində isə bildirilir ki, iqtisadi artım insan inkişafının davamlı yaxşılaşması üçün zəruri resursları təmin edib. Uzunmüddətli dövrdə bu resursları gənclər üçün imkanların artırılmasına, yaxşı idarəçilik və səmərəli institutların inkişafına yönəltmək zəruridir. Ümumbəşəri çağırış və hədəflər qloballaşma ilə əlaqədardır. Bu, gənclərin ümumbəşəri dəyərlərə yiyələnməsini, beynəlxalq gənclər hərəkatında iştirakını, gənclərin daha yüksək mobilliyindən şəxsi inkişaf üçün səmərəli istifadəni, vətəndaşlıq və dözümlülük anlayışlarının dərk edilməsi, informasiya cəmiyyətində yaşamaq bacarıqlarının inkişafını, müxtəlif ölkələrin gəncləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin yaradılmasını, dünyəvi könüllülük hərəkatında iştirakını nəzərdə tutur.
 
 
Strategiyanın “Vəzifələri”ndə göstərilir ki, internet jurnalistika, bloqqerçilik və s. sahədə gənclərin bacarıqlarını artıran treninqləri, ustad dərslərini, təcrübəni artıran tədbirləri həyata keçirmək, müsabiqələr vasitəsilə ən istedadlıları üzə çıxarmaq, onların inkişafını dəstəkləmək əsas vəzifələrdən biridir. Bundan başqa, gənclərin qeyri-hökumət təşkilatlarının e-şəbəkəsinin yaradılması və ardıcıl inkişaf etdirilməsi qarşıya qoyulur. Eyni zamanda, gənclərin kreativlik potensialını artıran və aşkarlayan mexanizmlər, xüsusilə yeni texnologiyalardan istifadə edən metodlar inkişaf etdiriləcək.
 
 
Seymur Qasımbəyli
 



Baxış sayı: 760

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024