12px13px15px17px
Tarix:17/01/14

“Vikipedia”nın Azərbaycan bölməsində əlifba probleminin həlli axtarılır

Son dövrlər internetdə vikilayihələrin bir çoxunda — “vikiqoliq” adlanan bir xəstəliyin mövcudluğu haqqında müxtəlif fikirlər səslənməkdədir. Bəziləri bunu zarafat kimi, digərləri isə ciddi qəbul edir. Bəs əsl həqiqət necədir?
 
 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən icra edilən “VikiHərəkat” layihəsi çərçivəsində hazırlanmış “Vikipediaçının masaüstü kitabçası” bu suala cavab verir. Mənbənin bildirdiyinə görə, “vikiqolik” (bəzən isə “vikipediaqoliq”) adətən “Vikipedia”da son dəyişiklikləri izləyir, vaxtının çoxunu (6-7 saat, bəzən 11-12 saat) yeni məqalələrin yaradılmasına, mövcud məqalələrin redaktəsinə, yeni faylların yüklənməsinə sərf edir. Bu xəstəliyə düçar olan istifadəçilər tez-tez icra etdikləri digər işləri yarımçıq dayandıraraq “Vikipedia”ya daxil olur, kiçik redaktələr edirlər. Bu cür halları aradan qaldırmaq üçün hər kəs öz iradəsinin sözünə qulaq asmağı bacarmalıdır. Əks halda “bu xəstəlik” xroniki hala düşə bilər. “Vikipedia”da gün ərzində 2-3 saat olmaq kifayət edər ki, lazımi dəyişikliklər aparılsın.
 
 
Ümumiyyətlə, “Vikipedia” layihələrinin açıq ensiklopediya olması, hər bir istifadəçinin (İP istifadəçilər də daxil olmaqla) asanlıqla redaktə edərək dəyişiklik etməsinin müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də çoxdur. Mənfi cəhətlər müxtəlifdir və onların qarşısının alınma yolları da müxtəlifdir. Təbii ki, resursun açıq olması, hamının asanlıqla redaktə edərək dəyişiklik etməsi eyni zamanda bir sıra problemlər də yaradır.
 
Məsələn, rusdilli “Vikipedia”da Dağlıq Qarabağ münaqişəsi mövzusuna dair azərbaycanlı və erməni istifadəçiləri arasında fikir müxtəlifliyi əmələ gəlir, qızğın redaktə müharibəsi başlayır, ciddi müzakirələr gedir. Redaktə müharibəsi zamanı kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək heç də asan olmur. Bu zaman üçüncü neytral tərəfin də mübahisəni necə həll edəcəyi əsas və vacib şərtlərdən biridir. Lakin digər mövzular da daxil olmaqla, azərbaycanlı və erməni “Vikipedia”çılar arasında redaktə müharibələri və qızğın müzakirələr ingilis, fransız, rus, türk dil bölmələrində olan “Vikipedia”larda hər zaman var və olacaq. Bu cür xoşagəlməz halları aradan qaldırmaq üçün hər bir azərbaycanlı istifadəçi müəyyən biliyə, ensiklopedik mənbələr əldə etməklə yanaşı, yaxşı təcrübəyə malik olmalıdır.
 
 
Bu gün azərbaycanlıların istifadə etdiyi latın və ərəb qrafikalı əlifbaların hər ikisinin istifadə edilməsinin də mənfi təsirləri var. Belə ki, əksər hallarda bir əlifba ilə oxuyub yazan istifadəçi digər əlifba ilə yazıb oxuya bilmir. Əgər Cənubi azərbaycanlı istifadəçilərin “Vikipedia”sı ayrı olarsa, bu amilin Azərbaycan dilinə mənfi təsiri olacaq. Bu problem dəfələrlə müzakirəyə çıxarılıb səs çoxluğu ilə azərbaycanca “Vikipedia”nın iki qrafikalı olaraq qalması qəbul edilib. Amma problemin həlli yolları bu gün də axtarılır.
 
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 1077

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024