12px13px15px17px
Tarix:21/01/14

Metropolitendə avtomatlaşdırılmış yeni iş yerləri yaradılacaq

Yeni tikilən xətlərdə qatar hərəkətinin avtomatika və telemexanika sistemi elektron avadanlıqlarla təchiz olunacaq. Bakı Metropolitenindən bildirilib ki, istifadə ediləcək mikroprosessor mərkəzləşmə və qatarların radiokanal vasitəsilə idarə olunması müasir dünyada aparıcı sistemlər hesab edilir:
 
 
“Yeni sistemin üstün cəhətləri sırasında iri tutumlu avadanlıqların kiçik ölçülü mikroprosessor və digər elektron analoqlarla əvəzlənməsi yer alır. Nəticədə avtomatlaşdırılmış iş yerlərinin yaradılması müasir əsaslardan irəli gələrək daha səmərəli olacaq və xeyli asanlaşacaq”.
 
 
 Qurumdan qeyd edilib ki, avadanlıqların həcmi az olsa da, kompüter bazasında təşkil edildiyindən onun məhsuldarlığı, səmərəsi əvvəlkilərdən qat-qat yüksəkdir: “Yeni sistemlərin köməyi ilə həm də qatarların yerinin təyin olunması, sürətə nəzarət və s. kimi məsələlər qəti həllini tapmış olacaq. Ümumiyyətlə, metropolitenin perspektiv inkişaf planı üzrə birinci beşillik dövlət proqramında yeni xətlərin və stansiyaların inşası ən vacib məsələdir. Bu xətlərdə sınanmış ən müasir sistemlərin tətbiqi nəzərdə tutulur. Yeni xətlərdə və stansiyalarda tətbiq olunacaq bir sıra yeniliklər müzakirə olunaraq, mütəxəssis fikirləri dinlənilib və qəbul edilmiş  qərara əsasən, yeni xətlərdə fərqli enerji təchizatı və idarəetmə sistemi tətbiq olunacaq, stansiyaların mikroiqlim şəraiti isə, perspektiv də nəzərə alınmaqla, müasir sistemlərlə təchiz ediləcək”.
 
 
Eyni zamanda tikilən yeni xətlərin elektrik təchizatı mövcud xətlərdəki analoqlarından tam fərqlənəcək. Bu xətlərə 35 Kv-luq elektrik enerjisi şəbəkəsi xidmət göstərəcək: “Bu məqsədlə dörd dizel-generatorlu yarımstansiyanın tikilməsi planlaşdırılıb. Artıq layihələndirmə işləri də tamamlanıb. Bu yarımstansiyalar 75 metro stansiyasını qidalandırmaq gücünə hesablanıb. Bununla da metropolitenin enerji təchizatı etibarlılığını daha da artıracaq. Mövcud 10kV-luq yarımstansiyalardan onların fərqi məhz daha etibarlı və dayanıqlı enerji təchizatı mənbəyi olmasındadır. Bu, ilk növbədə, hər stansiyanın şəhər elektrik mənbələrindən bir-birindən asılı olmayan 2-3 kabel xəttinin çəkilməsinə ehtiyacı aradan qaldırır”. Vacib məsələlərdən biri elektrik enerjisinin verilişi kəsilərkən, tunellərdə qalmış qatarların stansiyalara çıxarılması və sərnişinlərin boşaldılmasıdır:
 
 
“Yeni tipli elektrik yarımstansiyalar bu problemi aradan qaldırmış olacaq.  Stansiyalarda qurulacaq dartı və azaldıcı, tunellərdə isə dörd ventilyasiya şaxtası üzərində qurulacaq 35 kV-luq yarımstansiya bu problemi qəti həll edəcək. Həmçinin yeni xətlərdə stansiyaların yerli mikroiqlim şəraitinin yaradılması üçün mərkəzləşdirilmiş havalandırma və kondisionerləşdirmə sulu (çiller) sistemlərinin müasir texnologiyalara uyğun quraşdırılması nəzərdə tutulub. O, sistemlərin avtomatik tənzimlənməsi, mərkəzləşmiş dispetçer idarəetməsi və məlumatları toplayan telemexanika sistemi vasitəsi ilə təmin ediləcək. Bununla da sərnişinlər və metro işçilərinin normal mikroiqlim şəraitinə tələbatı müasir normativlərin tələblərinə uyğunlaşmış olacaq”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 861

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024