12px13px15px17px
Tarix:23/01/14

Azərbaycanda əqli mülkiyyət hüquqlarının idarəetmə sisteminin avtomatlaşdırılması başa çatıb

2013-cü il sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində də uğurlar əldə edilib. Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında imzalanan “Qrant Razılaşması”na əsasən, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birlikdə “Azərbaycanda Əqli Mülkiyyət Hüquqlarının İdarəetmə Sisteminin Avtomatlaşdırılması” layihəsi başa çatdırılıb, sistemin avtomatlaşdırılması təmin edilib.
 
Həmçinin respublikada ilk dəfə olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqi yolu ilə respublikada elmi biliklərin, yaradıcılığın, iqtisadiyyatın aktual problemlərinə maraqlı tərəflərin cəlb edilməsinə yardım göstərilməsi məqsədilə ixtiraçılıq sahəsində nailiyyətlərə görə I Respublika Müsabiqəsi elan edilib və qalibləri müəyyən edilib.
 
 
 Belə ki, “İnformasiyanın qəbul edilməsi-verilməsi üsulu” adlı ixtiraya görə geologiya, mineralogiya elmləri doktoru, professor Elçin Xəlilova, “Çoxpilləli mərkəzdənqaçma nasosu” adlı ixtiraya görə texnika elmləri doktoru, professor Bağır Süleymanova, “Elektrooptik qurğular üçün kolloid-maye kristal kompozit” adlı ixtiraya görə Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, texnika elmləri doktoru, professor Aydın Kazımzadəyə üçüncü dərəcəli diplom; “Ksantogen turşularının oksialkilbenzil efirlərinin alınma üsulu” adlı ixtiraya görə kimya elmləri doktoru, professor Nazim Mustafayevə, “Üçpilləli ikiaxınlı silindrik reduktor” adlı ixtiraya görə Azərbaycan Texniki Universitetinin Patent şöbəsinin müdiri Elxan Yusifzadəyə ikinci dərəcəli diplom və nəhayət, “Alkil-üçlü-alkil efirlərinin ion mayesi ilə selektiv təmizlənməsi üsulu” adlı ixtiraya görə Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasova birinci dərəcəli diplom təqdim edilib. Bu barədə məlumat verən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) bildirilib ki, eyni zamanda SMPDK ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Dövlət Metrologiya Xidməti nəzdində yaradılan Dövlət Etalon Dozimetrik Laboratoriyası binasının tikintisi başa çatdırılıb.
 
 
Laboratoriyada qamma və rentgen şüalandırıcı avadanlıqları ABŞ-ın istehsalçı şirkətinin mütəxəssisləri tərəfindən quraşdırılıb və istismara verilib. 2013-cü ildə AEBA eksperti tərəfindən qamma və rentgen diapazonunda işləyən ölçmə vasitələrin kalibrləmə laboratoriyalarında quraşdırılmış radioaktiv mənbələrin və köməkçi metroloji avadanlıqların istismara yararlılıq vəziyyəti yoxlanılmış və müsbət rəy verilib.
 
Həmçinin, ötən il Azərbaycan Respublikası ilə AEBA arasında 2014-2015-ci illər üzrə yeni Regional layihələrin işlənib hazırlanması ilə əlaqədar olaraq Dövlət Metrologiya Xidmətinin Dövlət dozimetrik etalonları sektorunda Spektrometriya laboratoriyasının yaradılması ilə bağlı qərar qəbul edilib.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 679

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024