12px13px15px17px
Tarix:06/02/14

İKT ixtisasları üzrə standartlar beynəlxalq normalara uyğunlaşdırılacaq


Təhsil sistemində İKT ixtisasları üzrə standartların beynəlxalq standartlara uyğunlaşdırılması modeli işləniləcək. AMEA İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) bildirilib ki, bu fikri Elmi şuranın iclasında texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev bildirib.
 
 
 İclasda rəhbərlik etdiyi şöbənin 2014-cü il üçün fəaliyyət planını təqdim edən F.Ağayev informasiya cəmiyyəti və informasiya texnologiyalarının şöbənin elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətlərindən olduğunu qeyd edərək aparılan elmi araşdırmaları diqqətə çatdırıb. “Elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi” mövzusu üzrə elektron təhsil mühitində intelektual analiz metodlarının, elektron təhsildə qərarların yerinə yetirilməsində data-mining texnologiyasının tətbiqi, biliklərin qiymətləndirilməsi ilə bağlı araşdırmaların aparılacağını deyib.
 
 
 Onun sözlərinə görə, “Təhsil sistemində İKT ixtisasları üzrə standartların beynəlxalq standartlara uyğunlaşdırılması modelinin işlənməsi” mövzusunda İKT ixtisasları tədris proqramlarının müqayisəli analizi üçün riyazi təminatın tətbiqi işlərinin aparılması, ali təhsil müəssisələri üçün İKT ixtisasları təhsil standartlarının beynəlxalq standartlara uyğunlaşdırma prossesində proqram təminatının tədbiqi nəzərdə tutulur. Şöbənin elmi-innovasiya fəaliyyəti haqqında danışan məruzəçi regionlarda İKT treninq kursları və müsabiqələrin keçiriləcəyini diqqətə çatdırıb:
 
 
“Bu tədbirlər çərçivəsində cari ilin fevral və mart aylarında Ağstafa, Göyçay, Astara rayonlarının orta ümumtəhsil məktəblərində “Ən yaxşı informatika müəllimi” müsabiqəsi keçiriləcək. 2014-cü ilin iyun ayından başlayaraq respublikanın digər rayonlarında “Regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədilə əhalinin müxtəlif qrupları üçün təlim kurslarının, seminarların keçirilməsi” layihəsi davam etdiriləcək”. F.Ağayevin sözlərinə görə, bu il şöbə əməkdaşları tərəfindən respublika və beynəlxalq səviyyəli konfranslara 5 tezisin təqdim edilməsi, tanınmış elmi jurnallarda 5 məqalənin dərci nəzərdə tutulur. Müxtəlif təyinatlı nəşrlərin hazırlanması üzrə “Elektron təhsil-problemlər və perspektivlər” adlı ekspress-informasiyanın nəşri planlaşdırılır. 2014-cü ildə təhsilin informasiyalaşdırılması, onlayn təhsil mühitinin yaradılması mövzuları üzrə KİV-də təbliğat işlərinin aparılması da şöbənin fəaliyyət planında öz əksini tapıb.
 
 
Məruzəçi şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açaraq, bu il ərzində REA İnformasiya problemləri İnstitutu, M.A.Şoloxov adına Moskva Dövlət Universitetinin Təhsilin İnformasiyalaşdırılması İnstitutu, YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyalarının Tətbiqi İnstitutu ilə əlaqələrin yaradılacağını qeyd edib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 827

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024