12px13px15px17px
Tarix:07/02/14

Brüsseldə Azərbaycanın fərdi informasiyalarının qorunması istiqamətində gördüyü işlərdən danışılıb

Cari ilin 3-4 fevral tarixlərində Brüsseldə Avropa İttifaqı (Aİ) - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində ədliyyə, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt komitənin dördüncü iclası keçirilib.
 
Bu mötəbər tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini M.Məmmədquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
 
Nümayəndə heyətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin  İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin aparıcı məsləhətçisi Eyvaz Alışov, eləcə də, Daxili İşlər, Ədliyyə, Xarici İşlər, Prezident Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının, Baş Prokurorluğun, Dövlət Sərhəd Xidmətinin, Ombudsman Aparatının, Dövlət Miqrasiya Xidmətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri, həmçinin   Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı, səfir Fuad İsgəndərov və nümayəndəliyin əməkdaşları daxil olub.
 
Görüşün birinci günündə leqal və qeyri-leqal miqrasiya, həmçinin insan alveri, sığınacaq və sərhəd mühafizəsi məsələləri müzakirə olunub, Azərbaycanda sənəd təhlükəsizliyi çərçivəsində biometrik pasportların verilməsi, həmçinin Aİ və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və 2014-cü ilin ikinci yarısında imzalanacaq Readmissiya müqaviləsi məsələsinə toxunulub.
 
 
Görüşdə  Azərbaycanın Şərq Tərəfdaşlığı ölkələri arasında “elektron hökumət”, sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması və Avropa İttifaqı ilə razılaşdırılan digər elektron alətlərinin dövlət qurumları və vətəndaşlar üçün tətbiq olunması istiqamətində ən böyük addımlar atan ölkə olduğu vurğulanıb.
Azərbaycanda mütəşəkkil cinayətkarlıqla mübarizə, insan alveri, korrupsiya və qeyri-leqal fəaliyyətin digər formaları, terrorizm, həmçinin maliyyə terrorizmi və çirkli pulların yuyulması ilə mübarizə siyasətində aparılan islahatlar barədə məlumatlar verilən görüşdə Aİ nümayəndələri Aİ daxilində mövcud korrupsiya ilə mübarizə təcrübəsi ilə paylaşmağa hazır olduqlarını bildirdilər.
 
 
Həmçinin, Azərbaycanın terrorizmin bütün formalarını qınadığı və ona qarşı mübarizədə bütün imkanlarını səfərbər etdiyi nümayəndələr tərəfindən qeyd edilib. Aİ Şərq Tərəfdaşlığı Ölkələri ilə Əlaqələr şöbəsinin başçısı Dirk Şubel Azərbaycanın Aİ üçün terrorizm sahəsində strateji tərəfdaş olduğunu vurğulayaraq birgə əməkdaşlığı yüksək qiymətləndirib.
 
Görüşdə iştirak edən RİTN-in əməkdaşı insan hüquqlarının mühafizəsinin təmin olunmasında aparıcı məsələlərdən olan fərdi məlumatların mühafizəsi sahəsində Azərbaycanda həyata keçirilən tədbirlər barədə məruzə ilə çıxış edib. Sonra görüşdə fərdi məlumatların mühafizəsi üzrə ölkədə həyata keçirilən maarifləndirici tədbirlər barədə ətraflı məlumatlar verib. RİTN-in nümayəndəsi həmçinin fərdi məlumatların mühafizəsinin təmin olunmasına diqqətin daha da artırılması üçün Aİ tərəfindən həyata keçirilən layihələrə Azərbaycanın cəlb edilməsini və bu sahədə təşkil olunan təlim və konfranslara  Azərbaycan tərəfindən mütəxəssislərin dəvət edilməsini xahiş edib.
 
 
Avropa İttifaqı nümayəndələri ümumilikdə bu sahədə aparılan siyasəti razılıqla qarşılayaraq Azərbaycan nümayəndə heyətinin verdiyi təklifləri nəzərə alacaqlarını bildiriblər.
 
 
İclasın ikinci günü, Azərbaycan və Avropa İttifaqında insan hüquqları mövzusunda fikir mübadiləsi ilə davam etdirilib. Müzakirələr insan hüquqlarının qorunması üzrə dövlət siyasəti, ədliyyə sahəsində islahatlar, seçkilər və seçki ilə bağlı proseslər, məlumat və ifadə azadlığı, birləşmək və toplaşmaq azadlığı, həmçinin vətəndaş cəmiyyətinin fəaliyyəti və s. mövzuları əhatə edib.
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 769

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024