12px13px15px17px
Tarix:07/02/14

Dövlət informasiya ehtiyatları və fərdi məlumatlarla bağlı yeni statistika açıqlanıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrlərinə daxil edilmiş məlumatlarla bağlı növbəti statistikanı açıqlayıb. 01.01 .2014-cü il tarixə bütün qurumlar üzrə dövlət informasiya ehtiyatlarının sayı 37, fərdi məlumatların informasiya sistemləri 98 olmaqla, cəmi 135-dir.
 
 
Qeyd edək ki, "www.e-gov.az" portalında yaradılan bu xüsusi bölmə Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə" və "Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları"nın icrasını təmin etmək məqsədilə yaradılıb.
 
 Bölmə vasitəsilə dövlət informasiya ehtiyatları və fərdi məlumatların informasiya sistemləri üzrə yeni məlumatların reyestrlərə daxil edilməsi, reyestrlərdə mövcud olan məlumatlarda dəyişiklik edilməsi və ya ləğv edilməsi üçün elektron müraciətlərin göndərilməsi, kargüzarlığın aparılması, müraciətlərin icrası və mülkiyyətçilərin müvafiq qaydada məlumatlandırılması nəzərdə tutulur. Yaradılan reyestrlər həmçinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin tam şəkildə icrasının təmin olunması üçün də vacibdir. Əsasnamənin 13-cü bəndinə əsasən yeni yaradılan, quruluşunda dəyişikliklər aparılan, fəaliyyəti dayandırılan informasiya ehtiyatları haqqında məlumatların Dövlət Reyestrinə daxil edilməsi və ya müvafiq düzəlişlərin edilməsi üçün lazımi sənədlər (müraciət ərizəsi və qeydiyyat kartı) müraciət edən tərəfindən 20 gündən gec olmayaraq Reyestrin operatoruna təqdim edilməlidir.
 
 
Nazirlər Kabinetinin 17 dekabr 2010-cu il tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri"nin müddəalarına uyğun olaraq, tərkibində 1000 və daha artıq subyekt barədə fərdi məlumatlar olan informasiya sistemləri məcburi qaydada dövlət qeydiyyatına alınmalıdır. Bununla əlaqədar olaraq, mərkəzi icra hakimiyyəti orqanlarından, habelə onların strukturuna daxil olan və ya tabeliyində olan struktur bölmələrdən, müəssisələrdən, agentliklərdən, otellərdən, təhsil-tədris mərkəzlərindən və təşkilatlardan mülkiyyətçisi olduğu və qanunvericiliklə dövlət reyestrlərində qeydiyyata alınması tələb olunan dövlət informasiya ehtiyatları və fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması məqsədilə RİTN-in Məlumat-Hesablama Mərkəzinə müraciət etməlidirlər.
 
 
Əks halda, İnzibati Xətalar Məcəlləsinin 181-4-cü maddəsinə əsasən, fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə 300 manatdan 500 manatadək cərimə tətbiq ediləcək.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1121

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024