12px13px15px17px
Tarix:08/02/14

İlk milli telekommunikasiya peykimizin orbitə çıxarılmasından bir il ötür

 Bu gün - fevralın  8-i ölkəmizin ilk milli telekommunikasiya peykinin  orbitə çıxarılması günüdür.
 
Azərbaycan Respublikası Prezidentinin ""Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi" və "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında"  sərəncamları ilə ölkəmizdə kosmik sənayenin inkişafına rəvac verilib.
 
Sahənin inkişafına  verilən önəm sayəsində artıq Azərbaycan  dünya kosmik ailəsinin fəal üzvlərindən birinə çevrilib və kosmik sənayenin  inkişafı istiqamətində uğurlu işlərə imza atıb. Ötən bir il ərzində ilk peykimiz kosmik fəzada öz mövqeyini möhkəmləndirib. 2013-cü ilin iyul ayından etibarən isə "Azerspace-1" vasitəsilə kommersiya fəaliyyəti həyata keçirilir və Azərbaycan peyki üzərindən 60-dan çox yerli və xarici kanal yayımlanır.
 
Bu gün peykimiz müasir tələblərə cavab verən, zəruri avadanlıqlarla təchiz edilmiş Əsas və Yerüstü Peyk İdarəetmə mərkəzindən yerli mütəxəssislər tərəfindən birbaşa idarə olunur. 
 
 
Hələ ötən ilin avqust ayında  "Azərkosmos" ASC və ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında "Azərspace-2" ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dair Qrant Müqaviləsi imzalanıb, müsabiqə keçirilib və "Global Resources" şirkəti qalib elan edilib. İkinci telekommunikasiya peykinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına növbəti ildən başlanılması nəzərdə tutulur.
 
Bundan başqa, yerin müşahidə peyklərindən kosmik təsvirlərin əldə edilməsinə imkan verən universal stansiyanın qurulması və digər ölkələrin yüksək ayırdetməli optik və radar peyklərinin regionumuz üzərindən keçidləri zamanı həmin stansiya vasitəsilə təsvirlərin əldə edilməsi məqsədilə tender keçirilib və hazırda tenderin nəticələrinin qiymətləndirilməsi işləri aparılır.
 
Yüksək ayırdetməli peyk xidmətlərinin təchizatçıları ilə distribüter müqaviləsi əsasında 2013-cü ildən aidiyyəti dövlət qurumlarının, o cümlədən güc strukturlarının optik və radar peyk təsvirləri ilə təchiz edilməsi istiqamətində də işlərə start verilib.
 
 
Eyni zamanda, 2017-ci ildə Azərbaycan Respublikasına məxsus yüksək ayırdetməli optik peykin orbitə çıxarılması istiqamətində istehsalçı şirkətlərlə də danışıqlar aparılır.
 
 
Bundan başqa, 2016-cı ildə yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması istiqamətində istehsalçı şirkətlərlə  müzakirələr gedir.
 
 
 Qeyd edək ki, "Azərkosmos" ASC-də "ISO 9001:2008" auditi keçirilərək "Bureau Veritas"-ın beynəlxalq keyfiyyət standartına uyğunluq sertifikatı əldə edilib. Peykin BMT-də beynəlxalq qeydiyyata alınması üçün isə sənədlər artıq hazırdır.
 



Baxış sayı: 1777

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 Oktyabr 2024

14 10 2024